Əsas Səhifə > Ana xəbər / Güney Press > “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ

“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ


Bu gün, 10:38

"Bank Avrasiya" ASC 2026-cı ilin ilk rübünü (yanvar-mart) 937 min manat xalis zərər ilə başa vurub.

Bu barədə Bankın rüblük hesabatında qeyd olunub.

Məlumat üçün bildirək ki, bank 2025-ci ilin ilk rübünü 1 milyon 977 min manat xalis mənfəət ilə başa vurmuşdu. Amma "Bank Avrasiya" bəlli olmayan səbəblər üzündən cari ilin ilk rübündə mənfəətdən zərərə keçib.

Belə ki, 2026-cı ilin yanvar-mart dövründə "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri 4 milyon 793 min manat, cəmi əməliyyat xərcləri 3 milyon 561 min manat, əməliyyat mənfəəti 1 milyon 232 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 2 milyon 249 min manat ayırdığından ilk rübü 1 milyon 17 min manat zərər ilə başa vurub.

Kredit riskləri

Gözlənilməz fəaliyyət növlərindən gəlir ilə əlaqədar olaraq zərər 937 min manata düşüb. Xatırladaq ki, 2025-ci ilin ilk rübüdə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 342 min manat mənfəətə əlavə edilmişdi.

"Bank Avrasiya"da mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın yaranması gecikən kreditlərin artdığına işarədir.

Məlumat üçün bildirək ki, banklarda “mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma” bankın gələcəkdə yarana biləcək kredit itkilərinə qarşı əvvəlcədən maliyyə vəsaiti ayırması deməkdir.

Sadə dillə izah etsək: Bank kredit verir və ehtimal var ki, bəzi müştərilər krediti geri qaytarmaya bilər. Bu riski nəzərə alaraq bank əvvəlcədən müəyyən məbləği ehtiyat kimi kənara qoyur. Bu prosesə mümkün zərərlər üçün ehtiyatlara ayırma deyilir. Bank kredit portfelini qiymətləndirir, riskli kreditlər müəyyən edilir və həmin riskə uyğun olaraq bank müəyyən məbləği xərc kimi ayırır və ehtiyat yaradır.

Aktivlərdə və məcmu kapitalda azalma

2026-cı ilin 1-ci rübündə "Bank Avrasiya"nın cəmi aktivləri 562 min manat və ya 0,3% azalaraq 2025-ci ilin sonundakı 214 milyon 510 min manatdan 213 milyon 948 min manata, o cümlədən kredit portfeli 4 milyon 261 min manat və ya 3,1% azalaraq 132 milyon 878 min manata geriləyib.

31 mart 2026-cı il tarixində "Bank Avrasiya" 87 milyon 542 min manat məcmu kapitala malik olub. Bank 2025-ci ilin sonunda 88 milyon 471 min manat məcmu kapitala malik idi (929 min manat azalıb).

Bəs bu geriləmə “Bank Avrasiya”nın sonunu gətirə bilərmi?

Sualı Bizim.Media üçün cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, “Bank Avrasiya” üçün bir rüb zərər açıqlamaq avtomatik olaraq bankın bağlanacağı anlamına gəlmir:

“Bank sektorunda belə hallar tez-tez olur və çox vaxt bu, müvəqqəti maliyyə nəticəsi kimi qiymətləndirilir. Burada əsas məsələ zərərin səbəbidir. Əgər zərər problemli kreditlərə görə ayrılan ehtiyatlardan yaranıbsa, bu daha çox ehtiyatlı davranış deməkdir. Yəni bank gələcək riskləri qabaqcadan nəzərə alır və bu da qısamüddətli zərər kimi görünür.

Amma digər tərəfdən aktivlərin azalması, kredit portfelinin kiçilməsi və kapitalın zəifləməsi kimi göstəricilər uzun müddət davam edərsə, bu artıq ciddi problemə çevrilə bilər. Belə dinamika bankın bazardakı mövqeyini zəiflədir.


Ümumiyyətlə isə bir bankın taleyini təkcə bir rübün nəticəsi müəyyən etmir. Əsas olan ardıcıl olaraq bir neçə dövrdə vəziyyətin necə dəyişməsidir. Əgər zərər davamlı xarakter alsa və maliyyə göstəriciləri pisləşməyə davam etsə, o zaman risklər xeyli artır. Hazırkı vəziyyətdə isə bunu daha çox xəbərdarlıq siqnalı kimi qiymətləndirmək daha düzgündür”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün “Bank Avrasiya”ya sorğu göndərdik.

Mövzunu diqqətdə saxlayacağıq.

Bizim.Media


Geri qayıt