Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı İrəvana bunu da güzəşt edə bilər
Bakı İrəvana bunu da güzəşt edə bilərBu gün, 08:53 |
|
"3+3 formatında toplantı ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Onun sözlərinə görə, 3+3 formatında nazirlərin iclasının hansı ölkədə keçirilməsi barədə Azərbaycanla müzakirə aparılır. “İndi vəziyyət dəyişib və Ermənistanla Azərbaycan arasında kövrək bir sülh yaranıb”. Bunu isə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib. “Bu sülhün davamlı olması üçün hər şey edilməlidir. Kommunikasiyaların açılması və "Tramp yolu" layihəsinin həyata keçirilməsi təkcə Ermənistanı deyil, həm də Orta Asiyanı AB-yə yaxınlaşdıracaq. Bu, regionda təhlükəsizliyin dəyərli bir qarantıdır", - Xandanyan əlavə edib. Sülhün davamlı olması üçünsə qarşılıqlı etimad tədbirləri də davamlı olmalıdır... Qeyd edək ki, 3 +3 formatında daha öncəki iclaslar Moskva, Tehran və İstanbulda keçirilib. İndi də sıra ya Bakıya, ya da İrəvana çatıb. Bəs seçim nə olacaq, Bakı İrəvana güzəştə gedəcəkmi və toplantı İrəvanda olacaqsa, Azərbaycanı kim təmsil edə bilər? Deputat Hikmət Babaoğlunun fikricə, Azərbaycan və qardaş Türkiyənin irəli sürdüyü 3+3 formatı 8 avqust 2025-ci ildə Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra yenidən aktuallaşıb: “Bu bir daha onu göstərir ki, ideya nə qədər səmərəli, nə qədər effektivdir, regional əməkdaşlıq nə qədər funksional bir platforma yarada bilər. Bu günlərdə isə 3+3 formatının növbəti tədbirinin keçirilməsi haqqında informasiyalar dolaşır. Mənə belə gəlir ki, əvvəlki görüşlərdə olduğu kimi 3+2 formatında keçirilə bilər. Çünki Gürcüstanın mövqeyi hələ də dəyişməyib. Görünür ki, biz qonşu dövlətin mövqeyinin dəyişməsi üçün bir müddət də gözləməli olacağıq”. Görüşün Azərbaycanda, yoxsa Ermənistanda və hansı səviyyədə keçirilməsi məsələsinə gəldikdə Hikmət Babaoğli xatırlatdı ki, 3+3 formatı müxtəlif səviyyədə təmsilçiliklə keçirilir: “Bəzən baş nazirlər səviyyəsində, bəzən baş nazirlərin müavinləri, bəzən xarici işlər nazirləri səviyyəsində baş tutur. Mümkündür ki, qarşıdakı dövrdə 3+3 formatında görüş dövlət başçıları səviyyəsində keçirilsin. Mənə belə gəlir ki, görüş növbəti ildə Ermənistanda keçirilə bilər. Gələn il Ermənistanda seçkilər keçiriləcək, eyni zamanda Ermənistan seçicisində sülh inancını daha da qüvvətləndirmək, sülh tərəfdarlarını motivasiya etmək üçün 3+3 formatında tədbirin Ermənistanda keçirilməsi mümkün ola bilər. Təbii ki, bu bir ehtimaldır. Tədbir Azərbaycanda da keçirilə bilər, Bakı buna hər zaman hazırdır və Ermənistandan da təmsilçilər iştirak edə bilərlər. Tədbirin Bakıda, yoxsa İrəvanda keçirilməsi əsasən Azərbaycanla Ermənistan arasında razılaşmadan asılı olacaq”. Deputat Arzuxan Əlizadə isə bildirdi ki, 3+3 formatı Azərbaycanın təklifi ilə formalaşmış bir platformadır və indiyə qədər bu platformada üç görüş keçirilib: “Bu görüşlərdə Gürcüstan təmsil olunmur. Digər beş ölkədən üçündə görüşlər baş tutsa da hələ ki Azərbaycanda və Ermənistanda keçirilməyib. Növbəti görüşün Bakıda və İrəvanda keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə danışıqlar aparılır. Bununla bağlı Ermənistan XİN rəhbəri açıqlama verib. Növbəti görüşün harada keçirilməsinin elə bir prinsipial əhəmiyyəti yoxdur. Əsas məsələ odur ki, Azərbaycanın təklifi ilə formalaşmış tərkibdə Gürcüstan istisna olmaqla, görüşlər reallaşıb və daha birinin keçirilməsi gündəmdədir. Gürcüstanın da növbəti görüşdə iştirakı müsbət olardı. Bu formatda görüşlər regionda dayanıqlı sülhə yönəlmiş əməkdaşlıq formatının reallaşmasıdır. Azərbaycan regiondakı reallıqları dəyişib və mövcud reallıqlar çərçivəsində 3+3 formatı da təklif olunub və tərəflər onu qəbul edib. Hələlik Gürcüstan Rusiya ilə əlaqədar problem üzündən iştirak etmir. Ancaq bu o demək deyil ki, Tiflis formatı qəbul etmir”. Deputat vurğuladı ki, növbəti görüşün İrəvanda keçiriləcəyi ehtimalı var: “Azərbaycan, hesab edirəm ki, bununla bağlı prinsipial mövqe tutmayacaq, görüşün Ermənistan paytaxtında keçiriləcəyinə müsbət yanaşacaq. Görüşdə ya baş nazirin müavininin, ya da xarici işlər nazirinin, yaxud da xarici işlər nazirinin müavinlərindən birinin Azərbaycanı təmsil edəcəyi gözlənilir. Mən daha çox ehtimal edirəm ki, baş nazirin müavini Şahin Mustafayev İrəvan görüşündə Azərbaycanı təmsil edəcək. Şahin Mustafayev Ermənistanla delimitasiya və demarkasiya danışıqlarında da Azərbaycan hökumətini təmsil edir. İrəvandan sonra görüş Bakıda və Tiflisdə keçiriləcək. Əsas məsələ regionda davamlı sülhə, sabitliyə, əməkdaşlığa nail olunmasıdır. Bu, Azərbaycanın dövlət və milli maraqlarına xidmət eləyən məsələ olduğu üçün Bakı görüşün hansı ölkədə keçirilməsinə prinsipial məsələ kimi baxmır”. “Yeni Müsavat” Geri qayıt |