Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramiz Mehdiyev nevropsixoloji müayinədən keçirilməlidir
Ramiz Mehdiyev nevropsixoloji müayinədən keçirilməlidirBu gün, 10:34 |
|
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev elchi.az-a müsahibə verib: "DİA-AZ" həmin müsahibəni təqdim edir. - Qüdrət bəy, xarici dairələrin əlində alətə çevrilmiş bəzi şəxslər dövlət büdcəsinin 2026-cı ildə artırılmasına istinad edərək Zəngəzur dəhlizi üçün Ermənistanla yeni müharibəyə cəlb ediləcəyimizi söyləyirlər. Belə iddiaların həqiqət payı nə qədərdir? - Azərbaycan Ermənistanla kommunikasiya xətlərini artıq açıbsa, Türkiyə də buna hazırlaşırsa, Rusiya yüklərini Ermənistana Azərbaycan üzərindən göndərmək istəyirsə, deməli, regiona sülh gəlib. Azərbaycanın Rusiya və İranla münasibətlərindəki gərginlik də aradan qalxmaq üzrədir. Biz sülh istəyiriksə, müharibəyə hazır olmalıyıq. Silahlı Qüvvələri müasir silahlarla təmin etmək üçün böyük maliyyə vəsaiti lazımdır. Büdcədə hərbi xərclərin artırılması silah alışına dair imzalanmış sazişlər üzrə öhdəliklərin yerinə yetirilməsi, peşəkar orduya keçilməsi istiqamətində işlərin görülməsi ilə əlaqədar ola bilər. Büdcə layihəsi bizə veriləndə bunu biləcəyik. Hazırda “3+3” formatında region dövlətlərinin başçılarının görüşü planlaşdırılır. Yeni müharibələr regionun heç bir dövlətinə lazım deyil. Region dövlətləri daha sıx əməkdaşlıqda maraqlı görsənir. Vaşinqton Bəyannaməsindən sonra artıq ABŞ də regionda var və bu da sülhə əlavə təminatdır. Rusiyanın təhriki ilə yeni müharibənin olacağı ehtimalı sıfıra bərabərdir, Azərbaycanı ləkələmə kampaniyasının tərkib hissəsidir. - Ramiz Mehdiyevin məktubu ilə tanış olmusunuzmu? - Əlbəttə, məktubla tanışlıqdan sonra ilk ağlıma gələn o oldu ki, o, yaşla əlaqədar koqnitiv funksiyaların (yaddaş, diqqət, məntiqi düşünmə, təhlil və qərarvemə ) qiymətləndirilməsi və nevropsixoloji müayinədən keçirilməlidir. ABŞ-də mütəmadi olaraq yaşlı prezidentlər belə müayinədən keçirilir. - Ölkəmizdə mövcud ictimai-siyasi vəziyyəti necə qiymətləndirərdiniz? - Ölkəmizdə sabitlik hökm sürür, artım tempi bizi qane etməsə də, iqtisadiyyatımız böyüyür. İqtisadi islahatların genişləndirilməsi, məhkəmə-hüquq islahatları, idarəetmədə islahatlar üçün əlverişli mühit mövcuddur. Ölkəmiz nəqliyyat habına çevrilir, Qarabağ yenidən tikilir. Xaricdən gələn pulların kəskin azalması, infilyasiya insanların sosial vəziyyətinə mənfi təsir göstərir, amma insanlar bunun keçici olacağına inanır və ümidlə yaşayırlar. Ölkəmizin ictimai-siyasi həyatında, parlamentdə tənqidə və alternativ fikrə dözüm nümayiş etdirilir. İqtidara sızmış, iqtidara nifrət edən, ölkəmizin beynəlxalq nüfuzu barədə düşünməyən insanlar da var. Onlar hər imkandan istifadə edib dövlət hakimiyyətinin gözdən salınmasına çalışırlar. Prezidentə uzun illər sədaqətlə xidmət edən adamların övladlarını onlara qarşı qoymaq kimi rəzalətə yol verilir. Xarici dövlətlərin əlində Azərbaycana qarşı alətə çevrilmiş insanlara informasiyalar ötürülür, sonra həmin mənfur ünsürlərin yaydığı informasiyalara istinad edib kimlərəsə qarşı gözdənsalma kampaniyası təşkil olunur. Bu gün böyük demokrat kimi xalqa sırımaq istədikləri Ramiz Mehdiyev kimi onlar da zamanla ifşa olunacaq. - Son vaxtlar həm də Birinci vitse-prezidentə qarşı hücumlar güclənib. Bu barədə nə deyə bilərsiniz? - Birinci vitse-prezidentlik institutu formalaşanda demişdim ki, bu posta ən layiqli namizəd Birinci xanım ola bilər. Çünki ölkəmizdəki sabitlik həm də iqtidardaxili sabitlikdən asılıdır. Mehriban xanımın təyinatı iddialı, amma gerizəkalı bir çox iqtidar təmsilçisinin gələcəklə bağlı ümidlərini puça çıxardı və onların iqtidardaxili pozuculuq fəaliyyətinin qarşısını aldı. Necə ki, zamanında mərhum Prezident Heydər Əliyev İlham Əliyevi YAP-da özünə birinci müavin təyin etməklə bunu etmişdi. Birinci vitse-prezident təyin olunana qədər Mehriban xanım da İlham Əliyev kimi özünü cəmiyyətə yaxşı mənada təqdim edə bilmişdi. O zamanlar mən iqtidar daxilindəki bir çox iddialı şəxslərin ciddi təzyiqləri ilə üzləşmişdim. Bu gün yenidən o təzyiqləri hiss etməyə başlamışam. Amma o zaman olduğu kimi, indi də ölkəmizin maraqları üçün mübarizəyə hazıram. Hər zaman dövlətin birinci şəxsini zəiflətmək üçün onun yaxın ətrafı, onun üçün hər cür fədəkarlığa hazır olan adamlar hədəf seçilir. Mehriban xanıma qarşı olan hücumlar da buna görədir. Onu hansısa dövlətə bağlamaq cəhdləri isə sadəcə ikrah doğurur. Geri qayıt |