Əsas Səhifə > Ana xəbər / Güney Press > Biz artıq hər şeyi sübut etmişik: həm işğalçılara, həm dünyaya, həm də, ən əsası, özümüzəO
Biz artıq hər şeyi sübut etmişik: həm işğalçılara, həm dünyaya, həm də, ən əsası, özümüzəOBu gün, 06:32 |
|
Ermənistan və Azərbaycanın rəhbərləri arasında sülh gündəliyinin tədricən, addım-addım öz formasını və məzmununu almağa başladığı bu günlərdə hər iki ölkədə cəmiyyətin müəyyən bir hissəsi ya ironiya ilə, ya da ağzı köpüklənə-köpüklənə, qəzəbli-hiddətli şəkildə bu səyləri boşa çıxarmağa çalışır, sülh təşəbbüslərinin tezliklə və açıq şəkildə uğursuz olacağını proqnozlaşdırır. Onlar qürur hissi ilə oynayır, tarixi təxəyyüllərə müraciət edir, xəyanətdə ittiham edir, sülh tərəfdarlarını müharibədə ölən gənclərin yaxınları ilə üz-üzə qoymağa çalışırlar və s. Mən bu məqalədə Ermənistandakı revanş tərəfdarları barədə danışmayacağam – başqasının gözündə çöp (hətta o çöp çox böyük olsa belə) axtarmağa çalışmayacağam. Gəlin özümüzün “ura-patriotlarımız” barədə danışaq… Birinci Dünya müharibəsindən sonra qalib gəlmiş İngiltərə və Fransa Almaniyanı daha da zəiflətməyə və alçaltmağa çalışarkən, ən praqmatik düşüncəli insanlar onları bu addımdan çəkindirməyə cəhd edirdilər. Onların arasında məşhur iqtisadçı Con Keyns də var idi. O deyirdi ki, Almaniyanı müharibə aparmaq üçün resurslarını bərpa etməsinə imkan verməmək məqsədilə tamamilə zəiflətmək cəhdi əks nəticə verəcək – revanşizmin artmasına və daha da silahlanmaq istəyinə gətirib çıxaracaq. Lakin müstəmləkələrin bölüşdürülməsi hərisliyi və qələbə eyforiyası qalib ölkələrin bu xəbərdarlıqlara qulaq asmasına imkan vermədi. Nəticədə bəşəriyyət daha uzunmüddətli və daha qanlı İkinci Dünya müharibəsi ilə üz-üzə qaldı. Bir şeyi anlamaq lazımdır: istənilən beynəlxalq danışıqlar – “mümkün olanı əldə etmək sənəti”dir. Onların nəticəsini “sıfır” prinsipinə əsaslanaraq qiymətləndirmək olmaz: kiminsə qələbəsi o demək deyil ki, qarşı tərəf tam məğlub olub. Çünki burada iki nəfərin duelindən deyil, bütöv xalqların, cəmiyyətlərin taleyinə təsir edən prosesdən söhbət gedir. Buna görə də, danışıqlar zamanı bütün tərəflərin öz ləyaqət hissini qoruyub saxlamasına imkan yaratmaq vacibdir. Mən tez-tez Ermənistan–Azərbaycan sülh prosesi ilə bağlı divanda oturaraq kinayə ilə danışan vətənpərvərlərlə rastlaşıram. Onların bütün arqumentlərə qarşı əvvəlcədən hazırlanmış şüarları və ya gizlində atmağa hazır daşları olur. “Erməniləri düzəltmək mümkün deyil!”, “Bəs Paşinyanın nəyi onlardan yaxşıdır?!”, “Sülhdən şəhid anasına danış!” və s. Ardınca isə hücuma keçirlər: “Yenə nəsə olsa, onlara göstərərik!”, “Biz, Qafqazın sahibinin kim olduğunu onlara sübut edəcəyik!”, “Lazım gəlsə, yenidən müharibəyə başlayıb, İrəvanı alarıq” və s. Mən bu cür ifadələrdə rus ura-patriotların İkinci Dünya müharibəsinə işarə edərək bütün dünyanı hədələdikləri “Təkrarlaya bilərik!” şüarının dəhşətli əks-sədasını eşidirəm. Onlar artıq neçə ildir bu şüar altında həm ukraynalıları, həm də öz xalqlarını qan gölündə boğurlar. Biz artıq HƏR ŞEYİ SÜBUT ETMİŞİK: həm erməni millətçilərinə və işğalçılara, həm də ikili və üçlü standartlarla davranan beynəlxalq ictimaiyyətə, həm də, ən əsası, özümüzə. Biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizin, demək olar, hamısını geri qaytarmışıq, öz ləyaqət hissimizi və suverenliyimizi bərpa etmişik. Mən heç bir pafos olmadan bununla qürur duyuram və həmişə də qürur duyacağam. Amma eyni zamanda, bu mərhələdə ilişib qalmaq olmaz, irəli getmək lazımdır. “Təkrarlaya bilərik” şüarına ehtiyac yoxdur. Qan tökülməsi, təcrid, minlərlə insan itkisi və on minlərlə əlil heç kimə lazım deyil. Əminəm ki, yeni müharibə arzulayanların əksəriyyəti əvvəlki müharibədə də iştirak etməyib və indi də yaxınlarını döyüşə göndərmək fikrində deyil. Onlar sonuncu dəfə şəhid ailələrinə nə vaxt real olaraq kömək ediblər, əlil olmuş veteranlarla maraqlanıblar?! Artıq təxminən beş ildir ki, davamlı olaraq hər 1,5-2 aydan bir Qarabağ müharibəsi şəhidinin ailəsini ziyarət edirəm – bu şəhid mən rəhbərliyində təmsil olunduğum fakültənin tələbəsi idi. Onun şəhadətə ucalmasından sonra xəstəliklərlə mübarizə aparan tənha anası və müəyyən xəstəliklər səbəbindən eşitmə qabiliyyətini itirən və əqli inkişaf cəhətdən həmyaşıdlarından geri qalan 11 yaşlı qardaşı qalıb. Demək olar ki, bu ailənin nəsli kəsilib. Ananın tunelin sonunda gördüyü işıq, yəni ağıllı, mədəni, zəhmətkeş, təhsil alıb eyni zamanda restoranda işləyən oğlunun ona və kiçik qardaşına kömək etmək arzusu artıq reallaşmayıb və heç vaxt da reallaşmayacaq. O, həyatının mənasını itirib – belə bir qadına hansı sözlərlə təsəlli vermək olar?! Ona necə kömək etmək, yaşamağa davam etməsinə, gündəlik çətinlikləri və sonsuz kədəri ilə mübarizə aparmasına necə yardım etmək olar?! Hər dəfə özünü günahkar hiss edirsən – ağlın dərk edir ki, sənin bunda heç bir günahın yoxdur, amma günahkarlıq hissi səni tərk etmir. Bu ananın gözlərindəki səssiz suallara cavabım yoxdur. Bu yerdə pafoslu çıxışlar heç bir işə yaramır. Və mən bu dünyada daha heç bir ananın onun taleyini yaşamasını istəmirəm! Azərbaycan dilində gözəl bir ifadə var: döydüyün qapını heç vaxt tam bağlama, bir az aralı saxla – bəlkə sabah o qapını bir də döymək lazım olacaq?! Biz qonşularımızdan tamamilə uzaqlaşa bilmərik və buna haqqımız da yoxdur. Ətrafında yaşayan bütün qonşuları düşmən kimi görən, onların hər birinin tarixdə səndən nəsə aldığını düşünən, fürsət düşəndə səni “kürəyindən bıçaq vuracağına” inanan insan və ya cəmiyyət azad və rifah içində yaşaya, inkişaf edə bilməz. Kimsə keçmişi unutmağı təklif etmir – keçmiş bütün sevinc və ağrıları ilə bizim bir parçamızdır, bizi biz edən, unikallaşdıran dəyərdir. Amma eyni zamanda, keçmişdən nəticə çıxarmağı, elə şərait yaratmağı bacarmalıyıq ki, heç bir radikal qüvvə, üçüncü və ya dördüncü tərəf bizim xalqların faciələri üzərindən öz geosiyasi oyunlarını yenidən qura bilməsin. Epiloq. Qədim yunan filosofu Sokrat bir dəfə dağ yamacı ilə şagirdləri ilə görüşə qalxarkən yolda heteraya (əyləncə üçün qadın) rast gəlir. Qadın istehza ilə deyir: “Yenə şagirdlərinin yanına gedirsən?! Bilirsən ki, mən onlardan hansını barmağımla çağırsam, dərhal sənin dərsini unudub mənim dalımca gələr”. Sokrat cavab verir: “Sən haqlısan. Bu doğrudur. Çünki sən onları aşağıya çəkirsən, mən isə yuxarıya aparıram. Yuxarı qalxmaq isə həmişə daha çətindir...” Anar Eyyubov- pressklub.az Geri qayıt |