Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan Mariya Zaxarovanı niyə sarsıdıb: Kremlin İrəvana sitəminin əsas səbəbi...
Paşinyan Mariya Zaxarovanı niyə sarsıdıb: Kremlin İrəvana sitəminin əsas səbəbi...Bu gün, 10:56 |
|
Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın və rəsmi İrəvanın uydurma “erməni soyqırımı” məsələsini ölkənin xarici siyasət prioritetləri sırasında əsas mövzu statusundan çıxarması Rusiyada sərt reaksiyaya səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu qərarı “xəyanət” adlandırıb və emosional çıxışla Paşinyan hökumətini tarixə qarşı sayğısızlıqda ittiham edib. Onun sözlərinə görə, “erməni soyqırımı”na dair toxunulmaz hesab edilən mövzunun birdən-birə siyasi gündəmdən çıxarılması “sarsıdıcı” addımdır. Mariya Zaxarovadan sitat: “Tarixdə elə dövrlər olur ki, xalqlar və ölkələr çətinliklərin öhdəsindən gələ bilmədikləri üçün yox olurlar. Çünki onlar müqəddəs saydıqları şeylərə xəyanət edirlər. Baxın, bir çox erməni liderinin və dövlət xadimlərinin təfsirində “erməni soyqırımı” (dırnaqlar bizimdir – red.) ilə bağlı tarixə əsaslanan, toxunulmaz görünən məsələnin qəfildən siyasi amilə çevrilməsi, onların təbirincə, kənara atıla biləcək amilə çevrilməsi məni, sadəcə, sarsıtdı”. Musavat.com-a görə, Mariyanın timsalında Moskvanın bu qədər sərt reaksiya göstərməsinin əsas səbəbi Ermənistanın “soyqırımı” iddialarından imtinasının İrəvanın Türkiyə və Azərbaycanla münasibətlərində normallaşma prosesinə doğru addım kimi dəyərləndirilməsidir. Rusiya uzun illər boyu bu iddialardan regionda ideoloji, siyasi və geosiyasi təsir vasitəsi kimi istifadə edib. Xüsusilə “soyqırımı” narrativi Ermənistan cəmiyyətində Türkiyəyə və Azərbaycanla normallaşmaya qarşı müqavimətin əsas ideoloji dayaqları kimi qorunub saxlanılıb. Paşinyan isə bir neçə dəfə bəyan edib ki, Ermənistanın “vətənpərvərlik modeli” uzun illər boyu erməni kilsəsi və Kremlin təbliğatı tərəfindən formalaşdırılıb və bu, ölkəni daimi qarşıdurma vəziyyətində saxlayan süni konstruksiyadır. Onun fikrincə, bu model Ermənistanı həm Azərbaycana qarşı ərazi iddialarına sürükləyib, həm də Türkiyə ilə münasibətlərin dondurulmasına səbəb olub. Yeni geosiyasi vəziyyətdə isə Ermənistanın bu xətti davam etdirməsi dövlətçilik üçün ciddi risk yaradır. Ekspertlərin qənaətinə görə, Moskvanın və erməni kilsəsinin Paşinyana qarşı sərtləşən mövqeyi təsadüfi deyil. “Soyqırımı” iddiasının xarici siyasət prioritetləri sırasında olmaması Rusiyanın bölgədə Ermənistan üzərində qurduğu ideoloji təsir mexanizmlərini zəiflədir. Buna görə də Rusiya ictimai rəyin Paşinyana qarşı çevrilməsi üçün təzyiqi artırmağa çalışır. Beləliklə, Ermənistan hökumətinin “soyqırımı” mövzusunda atdığı addım yalnız tarixi narrativlə bağlı dəyişiklik deyil, həm də ölkənin gələcək geosiyasi xəttinin müəyyənləşməsi baxımından kritik dönüş nöqtəsi kimi qiymətləndirilir. Geri qayıt |