Əsas Səhifə > Ana xəbər / Güney Press > Məhkəmə sabiq məmurun oğlu və digərlərinin işi ilə bağlı qərar çıxardı

Məhkəmə sabiq məmurun oğlu və digərlərinin işi ilə bağlı qərar çıxardı


Bu gün, 09:21

Ali Məhkəmədə Hesablama Palatasının Dövlət İnvestisiyalarının Auditi Şöbəsinin sabiq müdiri Bəhram Abbasovun oğlu, “Konstra” MTK-nin təsisçisi və sədri Bəsrət Abbaslı və onunla birgə ittiham olunanların - MTK-nın direktoru Dilafir Rəsulov, o cümlədən əməkdaşı Tahir Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, kassasiya şikayətinin mümkünlüyünə baxılması üçün cinayət işi apellyasiya instansiyası məhkəməsinə qaytarılıb.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Rəsulov 13 il 6 ay, T.Əliyev 13 il, B.Abbaslı 1 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər. İstintaq dövründə zamində olan B.Abbaslı məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi isə B.Abbaslı barəsindəki hökmü dəyişib və məhkəmə zalından azadlığa buraxılıb. Həmçinin B.Abbaslı və atasına məxsus əmlaklar üzərinə qoyulmuş həbs qərarı da götürülüb.

Qeyd: D.Rəsulov və T.Əliyev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda zərər vurmaqla) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), B.Abbaslı isə yalnız 303.2-ci maddə ilə ittiham edilirdilər. Onlar zərərçəkmiş şəxslərdən pul alsalar da, ev verməyib, pulu öz maraqları üçün xərcləyiblər.

Xatırlatma: “Konstra MMC” şirkəti ilə əlaqədar uzun müddətdir narazılıqlar var. Məsələ ilə bağlı açıqlama verən B.Abbaslı bildirmişdi ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyəti yoxdur. Onun sözlərinə görə, sadəcə, cavan olduğu üçün əksər görüşlərə atasını da aparıb.


Geri qayıt