Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakının son şərti referendumsuz reallaşa bilər

Bakının son şərti referendumsuz reallaşa bilər


Bu gün, 08:27

Rəsmi Bakının Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti məlum: qonşu ölkənin konstitusiyasındakı (preambula hissəsi) Azərbaycana ərazi iddiası olan müddəanın çıxarılması. Ermənistan rəhbərliyi bunu nə qədər tez həyata keçirsə, bir o qədər sənəd tez imzalanacaq.

Nikol Paşinyan hökuməti isə 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərindən sonra yeni konstitusiyanın qəbulu prosesinə başlamaq niyyətindədir. Bu barədə hakim “Mülki müqavilə” partiyasının ötən həftəsonu İrəvanda keçirilən VII qurultayında bildirilib.

Lakin bəzi politoloqlara görə, Bakının son şərtinin referendumsuz reallaşması da mümkündür, çünki Ermənistan Konstitusiyasında Dağlıq Qarabağa iddianın yer aldığı Müstəqilik Bəyannaməsinə istinad məhz parlamentin qərarı ilə konstitusiya mətninə daxil edilib. Eyni qaydada indiki parlament onu oradan çıxara bilər.

Nəzərə alsaq ki, parlamentdə çoxluq hakim partiyaya məxsusdur, o zaman düzəliş problemli görünmür. Deməli, referenduma da ehtiyac qalmaya bilər. Bəs Bakını bu variant qane edəcəkmi? 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan üçün önəmli olan ölkəmizə ərazi iddialarını ehtiva edən müddəanın Ermənistan Konstitusiyasının preambula hissəsindən çıxarılmasıdır: “Ermənistanın bunu necə edəcəyinin bizə o qədər də dəxli yoxdur. Bunu referendumla edəcəklər, yoxsa parlamentdə sadə səs çoxluğu ilə həyata keçirəcəklər, bu, Ermənistanın işidir. Bizim üçün əsas odur ki, həmin müddəa konstitusiyanın preambula hissəsindən çıxarılsın. Sadəcə olaraq, referendum keçirməklə çıxarılmanın üstünlüyü ondadır ki, bu, bütün xalqın səsi ilə qəbul edilmiş konstitusiya, qərar olacaq və hakimiyyət dəyişikliyi baş verərsə belə, yeni hakimiyyət konstitusiyanın dəyişdirilməsi ilə həmin müddənın oraya daxil edilməsinə risk etməz. Bu, həm də Azərbaycana qarşı yeni müharibə çağırışı olar. Parlamentdə isə bu gün Nikol Paşinyanın Mülki Müqavilə Partiyası səs üstünlüyünə malikdir və bu üstünlükdən istifadə edib konstitusiyanın preambula hissəsindən həmin o bəndi çıxarsa, sabah hökumət dəyişərsə, Paşinyanın partiyası seçkidə məğlub olarsa, parlamentdə üstünlüyü ələ almış yeni hökumət o bəndi yenidən bərpa etmək istəyərmi? Bu sual açıq qalır. Əgər buna cəhd etsələr, bu da Azərbaycanla müharibəyə başlamaq çağırışı olacaq ki, bu, Ermənistan dövləti və cəmiyyəti üçün yaxşı heç nə vəd etməyəcək”.

Ekspert hesab edir ki, Nikol Paşinyan məsələnin həllini sürətləndirməlidir: “Paşinyan gözləməməlidir ki, gələn ilin iyununda parlament seçkiləri keçirilsin, sonra Azərbaycana qarşı ərazi iddiaları ana qanundan çıxarılsın və sonra sülh müqaviləsi imzalansın. Çünki Ermənistanda proseslər sürətlə cərəyan edə bilər, təxribatlar ola bilər, Rusiya daxildə aranı qarışdıra bilər. Ona görə də Paşinyan bəlkə də alternativ variant kimi məsələni parlamentdə səs çoxluğu ilə həll etsə yaxşı olar. Preambula hissəsi məhz vaxtilə parlamentdə qəbul olunmuşdu. İndi də preambuladakı Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan bənd parlamentdə ləğv oluna bilər. Azərbaycan, hər halda, buna normal yanaşar və sülh müqaviləsinin imzalanması üçün maneə qalmaz”.

Siyasi ekspert, hüquq professoru Qulamhüseyn Əlibəyli isə dedi ki, Ermənistan Konstitusiyasının preambula hissəsindəki Azərbaycana qarşı ərazi iddiasını parlamentdə səsvermə ilə də ləğv etmək mümkündür: “Bu məsələni referendum keçirmədən, yeni konstitusiya qəbul eləmədən də həll eləmək mümkündür. Söhbət nədən gedir? Konstitusiyanın bütün mətnində Azərbaycana qarşı ərazi iddiası yoxdur. Konstitusiyanın preambula deyilən giriş hissəsində Ermənistanın müstəqillik bəyannaməsinə istinad var. Müstəqillik bəyannaməsində də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin, səhv etmirəmsə, 1989-cu ildə qəbul olunmuş qərarı əksini tapır. Bu qərar o zamankı Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin iştirakı ilə qəbul olunub. Müstəqillik bəyannaməsində də həmin qərarda göstərilən məqsədlər Ermənistan dövlətinin və xalqının ali niyyəti kimi nəzərdə tutulur. Konkret desək, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistana birləşdirilməsi Ermənistan dövlətinin və xalqının ali niyyəti hesab olunur. Bu baxımdan, hesab edirəm ki, həmin müstəqillik bəyannaməsindən müvafiq ifadəni çıxarmaqla, eyni zamanda Ermənistan Ali Sovetinin dediyimiz qərarını ləğv etməklə problemi Ermənistan parlamentində həll etmək mümkündür. Yəni konstitusiyanın giriş hissəsində istinad olunan bəyannamədən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərara istinad çıxarılır və eyni zamanda Ermənistan Ali Sovetinin Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında qərarı da ləğv olunur. Bundan başqa, səhv etmirəmsə, 1992-ci ildə Ermənistan Ali Sovetinin başqa bir qərarı da var və o qərarda deyilir ki, Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi nəzərdə tutan hər hansı sənədi imzalamaq Ermənistan hakimiyyətinə qadağandır. Ermənistan parlamenti bu qərarını da ləğv etməlidir”.

Ekspert qeyd etdi ki, parlamentdə hazırda Nikol Paşinyanın partiyası səs üstünlüyünə malikdir. Buna görə də bu məsələni də parlamentdə səs çoxluğu ilə həll etmək olar: “Amma konstitusiya məsələsində müəyyən risklər qalır. Tutaq ki, konstitusiyada müstəqillik bəyannaməsinə istinad çıxarıldı. Axı müstəqillik bəyannaməsi yenə də qüvvəsində qalır və orada Azərbaycana ərazi iddiası var. Deməli, Müstəqillik bəyannaməsinin özündə də həmin müddəa ləğv edilməlidir. Bunu da parlament ayrıca qərarla edə bilər. Hər bir halda referendumla qəbul edilən qərarlar və dəyişikliklər parlamentdə qəbul edilən qərarlardan daha üstündür və mötəbərdir. Ona görə də daha yaxşısı dediyimiz qərarların parlamentdə ləğvi, konstitusiyanın giriş hissəsindəki ərazi iddiasını nəzərdə tutan bəndi isə rerefendum keçirməklə ləğv etməkdir. Lakin Nikol Paşinyan cəmiyyətin bu gün bunların heç birinə tam hazır olmadığını hiss etdiyindən əməli addım atmaqdan çəkinir. Ona görə də məsələni yubatmağa çalışır”.


Geri qayıt