Əsas Səhifə > Ana xəbər / Güney Press > Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə
Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədəBu gün, 10:55 |
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məhkəmə qərarları ilə bağlı maraqlı faktlar açıqlayıb. Deputat bildirib ki, Azərbaycanda vətəndaşların banklara borcunu qaytarmamasına görə 340 minə yaxın məhkəmə qərarı icra edilməyib: “Hazırda icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələlərilə bağlıdır. Bank vətəndaşın durumunu bilirdi, həmin krediti verəndə də geri qayıtmayacağını bilməli idi”. İqtisadçı vəkil Əkrəm Həsənov Qaynarinfo-ya bildirib ki, icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələləri ilə bağlıdır. Əkrəm Həsənov hesab edir ki, həmin borcların ödənilməsi sual altındadır: “Əksər borclar ödənilə bilmir, ödənilməyəcək də. Ümumiyyətlə, həmin borclar silinməlidir. Amma etiraf edək ki, borcların arasında elələri var ki, qismən də olsa, ödənilə bilər. Bu da artıq Azərbaycanda məhkəmə qərarlarının icra institutunun özünün zəif olmasıdır”. Əkrəm Həsənovun sözlərinə görə, məhkəmə qərarlarının icrasında ciddi problem var: “Orada işləyənlərin maaşları aşağıdır. Ölkədə iqtisadi böhrandır. Krediti verən də fikirləşir ki, ala biləcək, indi isə insanların və biznesin gəlirləri azalır, xərclər isə artır. Bu şəraitdə xeyli şəxs - həm vətəndaş, həm də sahibkar borclarını ödəyə bilmir. Ancaq bank deyil, borcların içində bank olmayan kredit təşkilatları, lombardlar, fərdi sələmçilər var. Biz bir tərəfdən şikayət edirik ki, niyə banklar vətəndaşalar kredit vermir, o biri tərəfdən də deyirik ki, bank niyə kredit verdi və s. Faizlər ona görə yüksəkdir ki, Azərbaycanda borcların qaytarılması ilə bağlı ciddi problem var”. Əkrəm Həsənovun fikrincə, get-gedə bu problem daha da dərinləşəcək: “Məhz buna görə də Mərkəzi Bank da istehlak kreditləri üzrə siyasətini çox sərtləşdirir. Banklara məhdudiyyətlər qoyur ki, istehlak krediti çox verməsinlər”. Bəs bu borclar necə silinə bilər? Hüquqi baxımdan nə dərəcədə mümkündür? “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, məsələyə bir neçə tərəfdən baxmaq lazımdır: “Hazırda yaşananlar son illərdə ölkədə mövcud olan kredit siyasətinin, əhalinin gəlirləri ilə öhdəlikləri arasındakı disbalansın nəticəsidir. Hər bir ölkədə kreditlər iqtisadiyyatın inkişafı üçün vacib alətdir. Amma kredit öhdəliyinin icra olunmaması bank sektorunu zəiflədir, bankların likvidliyini azaldır və nəticədə maliyyə bazarında risklər artır. Bu səbəbdən də faiz dərəcələri yüksək qalır. Yəni problem yalnız borcluların deyil, həm də bankların üzərindədir. Əhalinin aztəminatlı təbəqəsinin gündəlik tələbat üçün götürdüyü kiçik məbləğli kreditlər var. Bu kateqoriyada ödəmə qabiliyyətinin bərpa olunması çox çətindir. Məncə, burada dövlətin birbaşa dəstək mexanizmləri ola bilər. Misal üçün, müəyyən limitə qədər olan borcların silinməsi və ya dövlət tərəfindən kompensasiyası mümkündür. Bu, həm sosial ədalət baxımından, həm də vətəndaşların maliyyə yükünün azaldılması baxımından faydalı ola bilər. Sahibkarların götürdükləri kreditlərlə bağlı isə biznes uğursuz olubsa və ya bazar şəraitindən dolayı gəlirləri azalıbsa, həmin borcların tamamilə silinməsi real deyil. Amma restrukturizasiya mexanizmləri tətbiq oluna bilər. Bank borcu uzunmüddətə bölə və faiz yükünü azalda bilər. Bu, həm sahibkarı iflasdan xilas edər, həm də bankın kapitalını qoruyar”. Natiq Ələsgərov deyib ki, ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, böhran dövründə dövlətlər borcları tam silmək əvəzinə, restrukturizasiya, subsidiyalaşdırma və güzəştli kredit proqramları ilə problemi həll edirlər: “Azərbaycanda da ən optimal yol budur. Əlavə olaraq, faiz dərəcələrinin yüksəkliyi məsələsi xüsusi vurğulanmalıdır. Azərbaycanda istehlak kreditləri üzrə orta faiz 20-dən yuxarıdır. Halbuki, inkişaf etmiş ölkələrdə bu göstərici 5-7 faiz arasında dəyişir. Faizlərin yüksək olması həm də məhz bu icra olunmayan qərarlarla bağlıdır. Bank riskləri çox olduğuna görə, faizləri qaldırır. Ona görə də problemə sistemli yanaşmaq, həm icra mexanizmlərini gücləndirmək, həm də maliyyə bazarının şəffaflığını artırmaq lazımdır. İndiki halda borcların tam silinməsi qismən mümkündür. Daha effektiv yol restrukturizasiya və güzəştli mexanizmlərin tətbiqidir. Bu həm bank sektorunu qoruyar, həm də vətəndaşların maliyyə yükünü azaldar. Əks halda, problem böyüyərək davam edəcək və yeni sosial gərginliklər yaradacaq”. Natiq Ələsgərov deyib ki, kreditlərlə bağlı 340 min məhkəmə qərarının icra olunmaması təkcə bank sektorunun yox, həm də bütövlükdə məhkəmə-hüquq sisteminin, icra institutunun və iqtisadi mühitin böhranını ortaya qoyur: “Çünki məhkəmə qərarı hüquqi dövlətin təməl sütunudur. Əgər həmin qərarlar icra olunmursa, deməli, məhkəmənin hökmü kağız üzərində qalır və nəticədə cəmiyyətin dövlətə inamı sarsılır. Bu borcların ödənilməməsi təkcə vətəndaşın məsuliyyətsizliyindən qaynaqlanmır. Burada bankların kredit siyasəti də əsas faktordur. Bank və ya kredit təşkilatı kredit verəndə borcalanın gəlirini, ödəniş qabiliyyətini, sosial vəziyyətini bilir. Amma yenə də həmin kreditləri verir. İndi isə məlum olur ki, borcların böyük qismi heç vaxt qaytarılmayacaq. Bu halda banklar da məsuliyyət daşıyır. Borcların silinməsi məsələsi hüquqi baxımdan mümkündür. Dövlət müəyyən qərarla və ya qanunla bu borcları silə bilər. Dünyada presedentlər var, müəyyən böhran dövrlərində dövlətlər bank borclarını silib, ya da restrukturizasiya edib. Azərbaycanda da bu, prinsipcə mümkündür. Amma bunun üçün siyasi qərar lazımdır”. Natiq Ələsgərovun fikrincə, bank borclarını silinməsi, ya da restrukturizasiyasının hüquqi mexanizmi sadədir: “Bunun üçün qanunverici borcların silinməsini, restrukturizasiyasını və ya müəyyən hissəsinin dövlət tərəfindən kompensasiya olunmasını təsbit edir. Amma burada da məyyən çətinliklə yaşana bilər. Çünki bütün borclar eyni deyil. Orada adi vətəndaşın gündəlik dolanışıq üçün götürdüyü kredit də var, iş adamının biznesi üçün götürdüyü böyük məbləğ də, lombarddan alınmış sələm pulu da. Ona görə də bir qərarla hamının borcunu silmək ədalətli olmaz. Ən yaxşı halda, sosial vəziyyəti ağır olan, aztəminatlı ailələrin kreditləri silinə bilər. Sahibkarların isə borcları restrukturizasiya edilə bilər”. Natiq Ələsgərov deyib ki, Azərbaycan məhkəmə-hüquq sisteminin ən yaralı yeri məhkəmə qərarlarının icrasıdır: “Azərbaycanda icra sistemi problemi çox kəskindir və həll edilməlidir. Əgər icra məmurunun maaşı 500-600 manatdırsa, o, milyonlarla manatlıq qərarı necə icra etsin? O sistemdə həm korrupsiya, həm də fəaliyyətsizlik var. Borc sahəsində böhranın bu qədər dərinləşməsinin səbəbi də elə icra institutunun kəskin şəkildə zəifliyidir. Bankların faiz dərəcələrinin yüksəkliyi də problemin kökündə dayanır. Azərbaycanda bank faizləri 20-25 üzərindədir. Bu qədər yüksək faizlə kredit verilsə, onu qaytarmaq demək olar ki, mümkün deyil. Borcun silinməsi məsələsi müzakirə olunur, amma gələcəkdə eyni problemin təkrar yaşanmaması üçün faiz siyasəti də dəyişməlidir. Hazırki durumda icra olunmayan borcların böyük qismi heç vaxt ödənilməyəcək. Dövlət sosial ədaləti təmin etmək üçün müəyyən hissəsini silməli, qalan hissəsi isə restrukturizasiya edilməli, uzunmüddətli və aşağı faizlə yenidən hesablanmalıdır. Ən əsası isə icra sistemi və bank siyasəti köklü islahatlara məruz qalmalıdır. Əks halda, bu gün 340 min olan icra olunmayan məhkəmə qərarlarının sayı sabah 500 min olacaq”. Geri qayıt |