Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI
Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDIBu gün, 10:27 |
Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd möhüründən Ağrı dağı təsvirinin çıxarılması qərarından danışıb. Baş nazir jurnalistlərlə söhbətində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıçın İrəvana səfərində bu məsələnin müzakirə olunmadığını iddia edib. Paşinyan iddia edib ki, Ermənistan hökumətinin ölkənin viza möhürlərindən Ağrı dağının təsvirini silmək qərarı Türkiyədən hər hansı tələblə bağlı deyil: "Pasport möhürlərinə gəlincə, bu məsələ bir neçə ay əvvəl gündəmə gəlib. Bu məsələ Ermənistan-Türkiyə danışıqlarında müzakirə olunmayıb və müzakirə oluna da bilməz. Legitimlik amili bizim təhlükəsizlik strategiyamızın açarıdır. Biz özümüz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisini, onun bütövlüyünü və suverenliyini tanımalıyıq və tanıyırıq. Bunu dövlətimizə çatdırmaq üçün strategiyamız var, vəziyyəti sağlamlaşdırmaq üçün bunu davam etdirməliyik". Baş nazirin sözlərinə görə, təhlükəsizlik strategiyasında legitimlik faktoru Ermənistanın ərazi bütövlüyü və suverenliyi, ərazi və sərhədlərinin tanınması üçün əsasdır: "Bunu dövlətimizin davamlılığını təmin etmək üçün edirik". Xatırladaq ki, Ağrı dağı Türkiyə ərazisində yerləşir və bu ölkənin suveren ərazisidir. Bu, ölkənin ən hündür dağıdır. Ermənilər illərdir Türkiyənin bu ərazisinə əsassız iddialar irəli sürürlər. Bu iddia Ermənistan Konstitusiyasında da öz əksini tapıb. Burada Azərbaycana qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bunu əsas gətirərək, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistandan Konstitusiyanın bu hissəsinin dəyişdirilməsini tələb edib.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan son 5 ildə çox böyük inkişaf yolu keçib. Ekspert xatırladıb ki, beş il öncə Azərbaycan ərazisində yallı gedən, "Qarabağ Ermənistandır, nöqtə" deyən Paşinyan bu gün son dərəcə ağıllı və realist bəyanatlar səsləndirir:
"Ən əsası odur ki, bunu erməni xalqının qarşısında səsləndirməkdən çəkinmir. Qəti şəkildə deyir ki, real Ermənistan qurmalı və onu qorumalıdırlar. Əks halda Ermənistanın müstəqilliyini və suverenliyini itirəcəklər. Əslində, Azərbaycan və Türkiyə tərəfi daim Ermənistanın qonşu ölkələrə ərazi iddiası ilə çıxış etməsinə sərt etirazını bildirib, buna qarşı mübarizə aparıb. Nəhayət, Paşinyan hökuməti də anladı ki, qonşulara ərazi iddiası ilə çıxış etmək fəlakətdir və Ermənistan dövlətinin, xalqının fəlakətə sürüklənməsidir. Uzun illər işğalçılıq və təcavüzkar siyasət yürüdən, sərsəm ideologiyalarla yaşayan Ermənistan, ələlxüsus erməni xalqı bundan xeyir görməyib, əksinə, böyük zərərini çəkiblər".
Müsahibimiz qeyd edib ki, Paşinyan bu reallığı erməni ictimaiyyətinin diqqətinə çatdırır:
"Hesab edirəm ki, Nikol Paşinyan bölgə üçün son dərəcə dəyərli bir siyasətçidir. Onun hakimiyyətdə qalması Azərbaycan və Türkiyənin maraqlarına tam uyğundur. Başa düşürük ki, Paşinyan açıq şəkildə Azərbaycan və Türkiyənin tələblərini yerinə yetirdiyini etiraf edə bilməz. Paşinyan da özünü rəqiblərin təzyiqlərindən qorumalıdır. Əslində, bunu etiraf etməyin bizim üçün mənası yoxdur. Hansı səbəbdən olursa-olsun, fərq etməz, əsas odur ki, İrəvan hökuməti tələbləri icra etsin. Beynəlxalq aləm də bilir ki, bunların hamısı haqlı, hüquqlara zidd olmayan tələblərdir".
Geri qayıt |