Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakının yeni missiyası...
Bakının yeni missiyası...Bu gün, 16:35 |
Sentyabrın 25-də Bakıda Suriya və İsrail arasında təhlükəsizlik görüşü keçiriləcək.
Bu barədə "Sky News Arabia" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail bir neçə həftə əvvəl Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib.
Sentyabrın 17-də Londonda İsrailin strateji planlaşma naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani arasında görüş keçiriləcək və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə edəcəklər.
Qeyd edilib ki, danışıqlarda ABŞ-nin xüsusi elçisi Tom Barrak da iştirak edəcək.
Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a bildirib ki, bu görüş hələ rəsmi olaraq təsdiqlənməsə də, həm iki ölkə arasındakı münasibətlərin inkişafı, həm də Yaxın Şərqdəki mürəkkəb və qeyri-sabit siyasi ab-hava fonunda əhəmiyyətli hadisə kimi qiymətləndirilir:
"Çünki İsrail–Suriya münasibətləri uzun illərdir açıq qarşıdurma və gərginliklərlə müşayiət olunur. Bu isə regionda sülh və təhlükəsizlik üçün başlıca risk faktorlarından biridir. Bu cür təmaslar çox vaxt ya qeyri-rəsmi formatda, ya da vasitəçi dövlətlərin diplomatik kanalları ilə baş tutub. Məsələn, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri çərçivəsində də belə görüşlərdən biri keçirilib. Bu fakt Azərbaycanın hər iki tərəflə normal münasibətlər saxlayan nadir və diplomatik vasitəçilik imkanlarına malik bir dövlət olduğunu göstərir. Bakının ev sahibliyi etdiyi bu kimi danışıqlar, ölkəmizin beynəlxalq diplomatiyada balanslı siyasətini və regional sabitliyə töhfə vermək potensialını bir daha nümayiş etdirir".
Analitik əlavə edib ki, Yaxın Şərqdəki real vəziyyət göstərir ki, belə görüşlərin məqsədi gərginliyi azaltmaq olsa da, hələlik sabitliyə real töhfə verə bilmir və konkret razılaşmalar əldə edilmir:
"Bunun səbəbləri sırasında İsrailin Suriyanın cənubunda azlıqları – xüsusən Dürziləri – dəstəkləməsi, bu ölkədə həyata keçirdiyi hərbi əməliyyatlar və Suriyanın daxili işlərinə təsir göstərən mexanizmlər qurması dayanır. Tel-Əviv Suriyada tam sabitliyin bərqərar olmasını öz maraqlarına zidd hesab edir. Həmçinin İsrail ölkənin cənubunda silahsızlaşdırılmış zona yaradılması barədə Suriyanı inandırmağa çalışır. Bu isə İsrailin Dürzi icmasına dəstəyini göstərir və onlar üzərində təsir mexanizmi formalaşdırması kimi qiymətləndirilir. Yeni Suriya hökuməti isə məsələlərin ölkənin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini prioritet sayır, İsraillə birbaşa qarşıdurmaya getmək niyyətində olmadığını bildirir. Rəsmi Dəməşq dəfələrlə bəyan edib ki, Suriyanın əsas məqsədi ölkə daxilində sabitliyi reallaşdırmaq, regional əməkdaşlığı genişləndirmək və İsrailin işğalı altında olan ərazilər üzərində dövlət suverenliyini və yurisdiksiyasını bərpa etməkdir. Bu mövqe, Suriyanın İsraillə birbaşa qarşıdurmadan qaçaraq daha çox diplomatik və siyasi yolla nəticə əldə etməyə üstünlük verdiyini göstərir. Buna baxmayaraq, İsrailin Suriyadakı fəaliyyətində və münasibətlərində hələlik normallaşma əlamətləri görünmür. Beləliklə, Bakıda keçirilməsi planlaşdırılan Suriya–İsrail təhlükəsizlik görüşü iki ölkə arasında uzun müddətdir davam edən gərginliyin azaldılması, qarşılıqlı anlaşmanın əldə edilməsi və regionda sülhün təmin olunması baxımından əhəmiyyətli addım sayıla bilər. Hələlik bu cür görüşlər konkret razılaşmalara gətirməsə də, Azərbaycanın balanslı ev sahibliyi və vasitəçi rolu onun beynəlxalq diplomatiyada artan nüfuzunu və Yaxın Şərqdə sabitlik təşəbbüslərinə töhfə vermək istəyini göstərir".
Geri qayıt |