Əsas Səhifə > Ana xəbər / Güney Press > Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil...
Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil...Bu gün, 06:52 |
Azərbaycanın təhsil sistemində illərlə yığılıb qalan problemlər fonunda Təhsil naziri Emin Əmrullayevin son açıqlaması maraqla qarşılanmalıdır. Nazir deyir: “Əgər ölkədəki ali təhsil müəssisəsinin pedaqoji fakültəsini bitirən şəxs MİQ imtahanında heç olmasa minimal bal toplamırsa, sual yaranır: O diplomu verən müəssisə məsuliyyət daşıyır, ya yox?” Sual yerindədir. Amma bu sual ünvanını səhv salıb. Hörmətli nazir, siz bu sualı cəmiyyətə yox, birbaşa təhsil sisteminin sütunlarını təşkil edən şəxslərə verməlisiniz: rektorlara, universitetləri bu vəziyyətə salan idarəçilərə, DİM-in rəhbərliyinə, ali məktəblərdə imtahanlar zamanı hansısa yollarla qiymət yazan professorlara. Problemin kökü hardadır? Gəlin açıq danışaq. Bu gün ali məktəblərə aşağı ballarla qəbul olan, sonra da heç bir ciddi bilik və bacarıq qazanmadan məzun olan tələbələrin vəziyyəti hər kəsə bəllidir. Ən acınacaqlısı isə budur ki, bu insanlar sonradan müəllim olmaq istəyirlər. Ali məktəblərdə praktik bacarıqlar öyrədilmir, tələbələr səhərdən axşama kimi ya universitet koridorlarında boşuna gəzir, ya da sinif otaqlarında yatmaqla məşğuldur. Yaxşı, bu gəncləri müəllimliyə kim hazırlayır? Universitetlər. Bəs universitetlərə kim nəzarət edir? Təhsil Nazirliyi. O zaman cavabdeh kimdir? Cəmiyyət, yoxsa siz? Cəmiyyət yox, sistem cavab verməlidir Təhsil Nazirinin belə bir tonda, məsuliyyəti öz üzərindən ataraq, cəmiyyətə ritorik suallar ünvanlaması bir qədər qəribə səslənir. Bu, bir həkimin xəstənin qarşısında durub belə deməsinə bənzəyir: “Bunun orqanı niyə belə çürüyüb? Görəsən, bu bədənin sahibi məsuliyyət daşıyırmı?” Nazir olaraq sual vermək deyil, tədbir görmək sizin səlahiyyətinizdir. Təhsilin vəziyyətindən narazısınızsa, ki haqlısınız - buyurun, sistemi dəyişin, rektorları məsuliyyətə cəlb edin, ali təhsildə minimum standartlar tətbiq edin, müəllim hazırlığında ciddi islahatlara başlayın. Bu sizin vəzifə borcunuzdur. MİQ imtahanları və nəticələrin mənası Bu gün MİQ imtahanlarında minimal bal toplaya bilməyən yüzlərlə namizəd varsa, bu artıq fərdi məsuliyyət deyil, sistemli çatışmazlıqların nəticəsidir. MİQ yəni müəllimlərin işə qəbulu ali təhsilin keyfiyyət göstəricisinə çevrilib. Amma MİQ imtahanlarının özü də ciddi tənqidlərə məruz qalır: testlərin forması, cavabların düzgünlüyü, sualların uyğunluğu və sair. Əgər bu imtahanlar keyfiyyət göstəricisidirsə, onda onları hazırlayan qurum, yəni DİM niyə cavabdehlik daşımır? DİM sədri Məleykə Abbaszadə niyə bu məsələlərlə bağlı izahat vermir? Bu imtahanların keyfiyyəti də ayrıca müzakirə mövzusudur və buna da nazirlik nəzarət etməlidir. Və ən əsası, nazirlik özünü müşahidəçi kimi deyil, icraçı kimi aparmalıdır. Problemləri sadalamaq deyil, onları həll etmək dövlət məmurunun borcudur. "DİA-AZ" Geri qayıt |