Əsas Səhifə > Ana xəbər / Güney Press > Qarabağda ermənilərin gizli silah anbarları var

Qarabağda ermənilərin gizli silah anbarları var


Bu gün, 15:56

“Mən dünən Xankəndi şəhərində idim, günorta saat 2-də oradan çıxdım, nəsə baş verdiyini, atışma səslərini də eşitdim. Amma konkret nəyin baş verdiyini sonradan bildim”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə dünən Xankəndi şəhərində erməni millətindən olan şəxsin terror aktına cəhd etməsindən danışarkən deyib.

Onun sözlərinə görə, indi Qarabağ zonasında terror hadisələrinin baş verməsi hansısa qüvvələrin maraqlarına uyğundur.

A. İsazadə əlavə edib ki, Qarabağda ermənilərin hələ də gizli silah anbarları var: “Ola bilsin ki, bunlar kiçik silah anbarlarıdır, məsələn, 3 ədəd daraq, iki ədəd əl qumbarası, bir ədəd avtomat şəklində. Ancaq böyük ehtimalla belə gizlədilən silahlar mövcuddur”.

İsazadə bildirib ki, hazırda Ermənistanda cəmiyyətin müəyyən hissəsi Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin əldə edilməsini istəmir, müharibə tərəfdarıdır, sülhə hazır deyillər.

Müsahibimiz xatırladıb ki, bir azdan Xankəndi şəhərinin azad edilməsinin iki ili tamam olacaq.

Hərbi ekspert əlavə edib ki, Xankəndidə yaşamağa qərar verən erməni əsilli şəxslər yoxlamadan keçib və yoxlama zamanı inandıra biliblər ki, burada yaşamaqları təhlükəli deyil, onlardan təhlükə gəlməz: “Düzdür, orada olan erməni əsilli şəxslərin sayı çox deyil. Amma dünənki hadisə hamımızı düşünməyə vadar edir. Bu hadisənin həmin erməninin fərdi və özfəaliyyəti, yoxsa əvvəlcədən hazırlanmış təxribat olduğunu bilmirik. Hazırda istintaq gedir, həmin erməni yaralı olsa da, sağdır və yəqin ki, biz ondan nələrsə eşidəcəyik. Ümid edirəm ki, istintaq zamanı həqiqət üzə çıxacaq. Ancaq ehtiyatlı olmalıyıq. Son hadisəyə ciddi yanaşmalı, gözümüzü dörd açmalıyıq”.

İsazadə daha bir məsələyə diqqət yönəldib:

“Bir ara söhbət gedirdi ki, iki ölkə arasında diplomatik əlaqələr qurula bilər. Bu o deməkdir ki, sülhdən sonra bizim Ermənistanda işləyəcək diplomatlarımızın da təhlükə ilə üzləşmələri mümkündür. Bu baxımdan biz bu kimi halların baş verməməsi üçün nə tələb olunursa, etməliyik”.


Geri qayıt