Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq

Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq


Bu gün, 09:26

Ermənistan və Türkiyə arasında nizamlanma prosesi üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Sərdar Kılıç İrəvanda altıncı görüşlərini keçiriblər. Görüş zamanı xüsusi nümayəndələr Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması prosesini inkişaf etdirmək məqsədilə əvvəlki görüşlərdə işlənib hazırlanmış və razılaşdırılmış məsələləri bir daha təsdiqləyiblər.
Bu kontekstdə 2022-ci il iyulun 1-də keçirilən görüşdə əldə olunmuş sərhədin demarkasiyası ilə bağlı razılaşmanın icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusi nümayəndələr bu prosesi sürətləndirmək barədə razılığa gəliblər. Xüsusi nümayəndələr həmçinin iki ölkənin müvafiq qurumlarının Gümrü-Qars dəmir yolu və elektrik xəttinin bərpası və istismarı üçün lazımi texniki araşdırmalar aparması barədə razılaşıblar. Bundan başqa, mədəni və akademik sahələrdə əməkdaşlığın gücləndirilməsi, xüsusən də ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd imkanlarının yaradılması və tarixi Ani-İpək yolu körpüsünün birgə bərpası yolu ilə səylərin göstəriləcəyi barədə razılaşma əldə edilib. Sərdar Kılıç və Ruben Rubinyan 2026-cı ilin yayından müxtəlif istiqamətlərə uçuşlar həyata keçirə biləcək digər maraqlı şirkətlər üçün lazımi işlərin görülməsinə razılaşıblar ki, bu da iki ölkə arasında hava marşrutlarının və uçuşların sayını artıracaq. Sonda xüsusi nümayəndələr heç bir ilkin şərt olmadan bu prosesi davam etdirmək öhdəliyini bir daha təsdiqləyiblər. Bu arada Avropa İttifaqı İrəvanda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında keçirilən 6-cı görüşü müsbət qarşılayıb. Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono “X” hesabında bildirib. “Bu günün dinamikası və açıqlamaları ruhlandırır”, - o qeyd edib. Qrono əlavə edib ki, Avropa İttifaqı regiondakı tərəfdaşlar arasında normallaşma və sülh proseslərini yaxından izləyir və onların davamlı sülh, regional əməkdaşlıq, artan əlaqə və barışıq istiqamətində səylərini dəstəkləməyə davam edəcək.
 
Siyasi şərhçi Elçin Alıoğlu deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması birmənalı olaraq Azərbaycanın yox, Ermənistanın özünün və Gürcüstanın xeyrinədir. Ekspert bildirib ki, regional dövlətlərin sinergiyası, üzvü əməkdaşlıqları kənar ölkələrin bölgədə daimi konfliktlər yaratma imkanlarını aşağı salacaq:
 
"Türkiyə-Ermənistan arasında yaxınlaşma, normallaşma mümkün və təbiidir. Amma sərhədlərin yaxın bir il ərzində açılacağını düşünmürəm. İlk növbədə üçüncü dövlətlərin hüquqi-fiziki şəxslərinin daşınması və fitosanitar nəzarət məsələsi gündəmdədir. Sentyabrın sonlarınadək bəyanat qəbul ediləcək və oktyabr ayında bir-iki məntəqə üçüncü dövlətin yükləri və vətəndaşları üçün açılacaq. Daha sonra müzakirələr davam edəcək. Bu, həm Türkiyənin, həm də Ermənistanın xeyrinədir. Çünki Ermənistan sərhədlərin açılması müzakirələrinə başlamaqla, avtomatik olaraq Rusiya və İranın ölkə daxilinə, bilavasitə aşkar təzyiqini aradan qaldırır. Amma unutmayaq ki, Rusiyanın Ermənistanda gücü çoxdur. Bura media, pulla alınan siyasətçilər daxildir. Ermənistanın dünya ilə əlaqəsi yalnız Gürcüstan vasitəsi ilədir".
 
Analitikə görə, bizim üzərimizə düşən humanist vəzifə xəstə erməni cəmiyyətini müalicə etməkdir:
"Türkiyə ilə əlaqələr Ermənistana yeni nəfəs gətirə bilər. Türkiyə bayrağının İrəvanda dalğalanması erməni xülyalarının, "Böyük Ermənistan" utopiyasının ölümü demək olacaq. Tarixdə erməni qalası deyilən bir tikili yoxdur, hamısı mifdir. Ona görə Türkiyə ilə münasibətlərin normallaşması Cənubi Qafqazdakı mühiti sağlamlaşdıracaq. Bu irin, qan, qarşıdurmalar bitməlidir. Demirəm ki, ermənilərlə qardaş olmalıyıq. Ermənilərlə birgə yox, yanaşı yaşamalıyıq. Düzdür, ermənilərin çoxu Paşinyanı sevmir. Amma ortada heç nə yoxdur. Ermənistan anti-Paşinyan düşərgəsinin satılmamış, xain olmayan, korrupsiyaya bulaşmamış, xarizmatik lideri yoxdur. Vazgen Manukyandan tutmuş, S.Sarkisyana kimi heç biri liderliyə layiq deyil. Paşinyan bilir ki, indi Türkiyə ilə sərhədi açarsa, Ermənistanda iqtisadi-sosial vəziyyət dəyişəcək. Etiraf etmək istəmədiyimiz faktlar var. Hazırda Türkiyə-Ermənistan arasında məkik (tikiş maşınının qurğusu -red) ticarəti ilə 310 min Ermənistan vətəndaşı məşğul olur. 90 mindən artıq erməni Türkiyədə yaşayır və özünü yaxşı hiss edir. Ermənistanda hər 10 mağazadan 7-də Türkiyə məhsullarıdır. Bunu da Gürcüstan üzərindən daşıyırlar. Ermənilər artıq bu reallıqla barışıblar".

Geri qayıt