Əsas Səhifə > Ana xəbər / Güney Press > Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir

Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir


Bu gün, 16:08

Fermer Tural Pərviz oğlu Qədimliyə məxsus 22 baş inəyin 1 saatın içində tələf olması barədə xəbər vermişdik. Hadisə Kəlbəcərdəki Qara Arxac yaylasında baş verib.

Fermer Musavat.com-a bildirmişdi ki, Bərdə şəhərində yerləşən “Şəhla Baytarlıq” aptekindən mal-qara üçün qızdırma əlehinə dərman preparatları alıb. Mal-qara aran zonasında yerləşən Bərdədən yaylaq zonası olan və daha sərin Kəlbəcərdə qızdırmasın deyə fermer müvafiq preparatlardan istifadə edib. “Şəhla Baytarlıq” aptekindən aldığı preparatlar heyvanlara vurulduqdan sonrakı 1 saat ərzində 22 baş inək tələf olub.

Fermerin sözlərindən belə aydın olmuşdu ki, məsələ ictimailəşdikdən sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Kəlbəcərə yaylağa gəlib heyvanlardan nümunələr götürüblər. Fermerə verilən cavabda bildirilib ki, “Şəhla Baytarlıq” aptekində aparılmış yoxlama zamanı baytarlıq preparatlarının saxlanma temperaturuna riayət edilmədiyi, yararlılıq müddəti ötmüş preparatların satışı müəyyən edilib. Bundan başqa, “Şəhla Baytarlıq” aptekinin lisenziyasız fəaliyyət göstərdiyi, tələf olmuş heyvanlardan götürülmüş nümunələrdə hər hansı xəstəlik və götürülmüş nümunələrdə hər hansı toksik maddələr aşkar edilmədiyi vurğulanıb. Lakin mal-qaranın hansı səbəbdən tələf olması konkret göstərilməyib.

Fermer verilmiş rəydə mal-qaranın tələf olması səbəbinin göstərilmədiyini qeyd etməklə sual etmişdi ki, 1 saat ərzində 22 baş mal-qara infarktdan ölüb?
Fermerin sözlərinə görə, məsələ ictimailəşəndən 1 gün sonra, yəni 03.09.2025-ci il tarixdə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ona tələsik cavab verilib. Cavabda bildirilib ki, heyvanlar qan parazitlərindən tələf olub. Fermer sual edir ki, 2 ay ərzində heyvanların ölüm səbəbini müəyyən edə bilməyən Agentlik necə oldu ki, bir günün içində qan parazitləri aşkar etdi?

Fermer bildirir ki, mal-qarasının ölüm səbəbi Bərdə şəhəri, Bakı küçəsi ünvanında qanunsuz sahibkarlıq fəaliyyəti göstərən (xüsusi lisenziyası yoxdur), vaxtı ötmüş və mənşəyi məlum olmayan dərmanlar satan “Şəhla Baytarlıq” aptekindən aldığı dərmanları heyvanlarına verməsi olub.

Onun sözlərinə görə, heyvanları tələf olandan sonra bilib ki, baytarlıq apteki dövlət orqanlarına ciddi şəkildə nüfuz edərək qanunsuz fəaliyyətini davam etdirir.

“Necə ola bilər ki, illərdir lisenziyasız faəliyyət göstərən baytarlıq apteki 11 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib onun barəsində tədbir görülmür? Hələ də bu qanunsuzluqla fəaliyyəti davam etdirilir. Qida Təhlükəsizliyi Agentliyinin özünün aşkar etdiyi çoxsaylı qanun pozuntularına rəğmən, aptekin fəaliyyətini davam etdirməsi ərazidə fəaliyyət göstərən dövlət qrumlarına nüfuz etməyin bariz nümunəsidir”, - deyə fermer bildirib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildilməsi cinayət əməlidir.

Fermer bildirir ki, bununla bağlı Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə müraciət etsə də, İdarə həmin obyektdə tədbir görməkdən də yayınır. Fermer Tural Qədimli ölkə rəhbərliyinə müraciət edərək şikayətinin ciddi araşdırılması üçün aidiyyəti qurumlara göstəriş verilməsini xahiş edir.


Geri qayıt