Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazirlik və komitələrin birləşdirilməsi...

Nazirlik və komitələrin birləşdirilməsi...


Bu gün, 15:41

“Nazirliklərin və komitələrin birləşdirilməsi dövlət idarəçiliyində struktur islahatlarının əsas istiqamətlərindən biridir və təsirləri bir neçə aspektdə özünü göstərə bilər. Birincisi bu idarəetmənin səmərəliliyini artırır. Paralel fəaliyyət göstərən qurumların funksiyaları birləşdirildikdə təkrarlanan səlahiyyətlər aradan qalxır. Qərarların qəbul edilməsi və icra prosesləri mərkəzləşir, yəni koordinasiya daha asan olur. Vətəndaş və biznes üçün müraciət prosesi sadələşir (bir neçə qurumla deyil, bir qurumla əlaqə). İkincisi, burada büdcəyə qənaət məsələsi də önəmlidi. Strukturun ixtisar olunması nəticəsində inzibati xərclər azalır (ayrı-ayrı aparatların saxlanılması, inzibati binalar, texniki təminat, dəftərxana xərcləri və s.)”.

Bu barədə Bizimyol.info xəbərportalına iqtisadçı Akif Nəsirli danışıb. İqtisadçı qeyd edib ki, kadr optimallaşdırılması hesabına maaş fondunun yükü azalır (eyni iş üzrə paralel idarə heyətinə ehtiyac qalmır), amma qısamüddətli dövrdə yenidən təşkil xərcləri (müəssisələrin birləşdirilməsi, yeni strukturun formalaşdırılması) büdcəyə əlavə yük gətirə bilər. Eyni zamanda, birləşdirilmiş qurumlar daha konkret hədəflərlə işləyir, məsuliyyət daha şəffaf olur. Gəlir və xərc axınlarının izlənməsi bir mərkəzdə cəmləndiyindən nəzarət güclənir.

İqtisadçı hesab edir ki, bu, həm dövlət büdcəsində planlaşdırmanı asanlaşdırır, həm də korrupsiya və səmərəsiz xərclərin qarşısını qismən ala bilir.

“Risklər və mənfi tərəflərə gəldikdə isə həddən artıq mərkəzləşmə qərarların çevikliyini azalda bilər. Böyük nazirliklərin daxilində bürokratik yük arta bilər, kiçik məsələlər də iri sistemin içində gec həll oluna bilər. Qurumların birləşdirilməsi zamanı bəzi sahələr "ikinci planda" qala bilər. Yəni nazirliklərin və komitələrin birləşdirilməsi, ümumilikdə dövlət büdcəsinə qənaət və daha səmərəli gəlir-xərc sisteminə zəmin yaradır. Amma bu təsir uzunmüddətli perspektivdə özünü daha aydın göstərir. Qısamüddətli dövrdə həm maliyyə, həm də idarəçilik baxımından müəyyən çətinliklər yarana bilər”-deyə Akif Nəsirli bildirib.


Geri qayıt