Əsas Səhifə > Ana xəbər / Güney Press > Peşə məktəbləri ilə bağlı QALMAQAL
Peşə məktəbləri ilə bağlı QALMAQALDünən, 15:10 |
Son illər peşə təhsilinə maraq artıb. Bu isə əsasən əmək bazarında mövcud vəziyyətlə əlaqələndirilir. Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin də nəticələri açıqlandı.Birinci və ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə ümumilikdə 44 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib. Bildirək ki, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 13 640 plan yeri üzrə aparılıb. İkinci mərhələdə platforma vasitəsilə 72 597 müraciət daxil olub. Ümumilikdə 8341 nəfər müsabiqədən keçib. Qeyd edək ki, son günlər peşə məktəblərinə qəbulla bağlı sosial şəbəkələrdə bir sıra etirazlar öz əksini tapır. Belə ki, həmin qeyd edilən fikirlərdə əsasən qəbul prosesinin doğru aparılmadığı öz əksini tapıb. Doğurdanmı qəbul prosesi düzgün həyata keçirilmir? Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, peşə məktəblərinə müraciət edənlərin sayı çoxalıb: “Ancaq bununla yanaşı bir çox problemlər var. Həmin problemlərə gəldikdə, ilk növbədə peşə məktəblərinin ünvanları doğru göstərilmir. Bir çoxunun nömrəsi yalnışdır. Məsələn, bəzi telefon nömrələrində +995 yazılıb. Azərbaycanda +995-lə mömrə varmı? Yaxud da bir çoxunun nömrəsi yoxdur. Nə hüquqi ünvan, nə də faktiki ünvan göstərilir. Dəfələrlə Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət etsəm də, deyirlər ki, şikayəti yazılı şəkildə göndərin. Mən niyə müraciəti yazılı şəkildə təqdim etməliyəm? Özləri onu görməlidir, eləcə də çox məlumatsız operatorlar var, heç nədən xəbərləri yoxdur. Mən bəlkə də 50 dəfə zəng etmişəm, suala cavab verə bilmirlər. Bildirirlər ki, yüksək peşəyə qəbul buraxılış balı, texniki peşəyə qəbul isə attestat ortalaması ilədir. Ancaq biz görürük ki, eyni ixtisasa 70 adam qəbul olur, 10 nəfəri kəsilir. Onlar necə gəldi yerləşdirirlər. Bu, düzgün deyil. Digər amil isə əgər bir nəfər balı sıfır da olsa, tez girib ixtisası görüb və kliklədisə tələbə olur. Belə sistem olar? Təhsili mərc oyununa çeviriblər, biabırçılıqdır. Mətbuat katibləri heç bir suala cavab vermir. İctimaiyyətə açıqlama vermir. Bu da başqa bir problemdir. Ən böyük problem tələbə yerləşdirilməsi ilə bağlıdır. Necə gəldi yerləşdirirlər”. Peşə Təhsili üzrə Dövlət Agentliyindən isə bildirildi ki, “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın 4-cü bəndinə əsasən peşə təhsili müəssisələrinə yüksək texniki peşə təhsili səviyyəsi üzrə tələbə qəbulu ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında və ya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında iştirak etmiş ərizəçilərin isə həmin imtahanda əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir: ““Peşə təhsili müəssisələrinə qəbul Qaydası”na əsasən yalnız əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilirlər. Həmçinin, “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”na əsasən ərizəçilər sərbəst seçim əsasında müvafiq peşə təhsili səviyyəsini, peşə təhsili müəssisələrini və ixtisasları müəyyən edir və istədiklər ardıcıllıqla seçirlər. Yəni vətəndaşlar 5 yer seçərkən həm ilk və texniki, həmdə yüksək texniki peşə təhsil səviyyəsindən seçim edə bilirlər. Qeyd olunduğu kimi ilk və texniki peşə təhsili səviyyəsinə qəbul attestatın orta balı əsasında, yüksək texniki peşə təhsili səviyyəsinə isə buraxılış balı əsasındadır. Müsabiqədənkənar qəbul olan şəxsləri də nəzərə almaq lazımdır”. Nigar Abdullayeva Geri qayıt |