Əsas Səhifə > Ana xəbər / Güney Press > Sakinlərlə "Pilot Residence” arasında qalmaqal

Sakinlərlə "Pilot Residence” arasında qalmaqal


Dünən, 17:41

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence” sakinləri ilə MTK rəhbərliyi arasında məhkəmə mübahisəsi davam etməkdədir.

Öncə ilkin instansiya - Səbail Rayon Məhkəməsi işi 9 ay ərzində araşdıraraq, müvafiq dövlət qurumlarının rəylərinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəticələrinə əsaslanaraq qanunsuzluqları təsdiqləyib. Nəticədə MTK-dan qanunsuz tikililərin sökülərək ləğvi tələb olunub.

Daha sonra MTK qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi 7 aylıq araşdırmadan sonra Səbail Rayon Məhkəməsinin mövqeyini təsdiqləyib.

MTK isə bu dəfə işin Ali Məhkəməyə çıxarılmasına nail olub. Ali Məhkəmə əvvəlki qərarların ləğvini elan edərək prosesin mahiyyəti üzrə yenidən araşdırılması məqsədilə işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Hazırda iş hakim Vahid Sadıqovun sədrliyi ilə təkrar araşdırılır.

Sakinlərin verdiyi məlumata əsasən, 1 sentyabr 2025-ci il tarixində adıçəkilən yaşayış kompleksinin ərazisinə hakim Vahid Sadıqovun rəhbərliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Məhkəmə Kollegiyasının katib və üzvləri tərəfindən baxış keçirilib. Ədalət təmsilçiləri ilə yanaşı, iş üzrə şikayətçilər, “Pilot Residence” MTK-nın nümayəndələri, vəkillər, həmçinin Sakinlərin Təşəbbüs Qrupunun iştirak etdiyi baxışda məqsəd 2017-ci ildə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş Baş Plan və Bina Layihəsinin icrası zamanı yol verilmiş kənarlaşma və tikinti qanunsuzluqlarının araşdırılması olub. Məhkəmə MTK rəhbərliyinə layihədən kənar mövcud olan 4 qeyri-yaşayış təyinatlı tikintinin hansı layihə və icazələr əsasında inşa olunmasına dair əsaslandırmanı təqdim etməyi tapşırıb.

Xatırladaq ki, sözügedən məhkəmə prosesi artıq 3 ilə yaxındır davam edir. İlk məhkəmə iclası 2023-cü ilin fevralında Səbail Rayon Məhkəməsində başlanıb. 2017-ci ildə təsdiqlənmiş “Pilot Layihə” çərçivəsində “Pilot Residence” yaşayış binasının tikintisi nəzərdə tutulsa da, sonradan layihədən kənar obyektlərin inşası sakinlərin gündəlik həyat şəraitinə mənfi təsir göstərir.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, MTK layihədən kənar və icazəsiz olaraq bir sıra obyektlər inşa edib. Burada 850 kvadratmetr sahədə ticarət obyekti, layihədən kənar “balkon” tikililəri, həyətin bir hissəsində quraşdırılmış “qəfəs” tipli texniki tikili, binanın 3-cü blokuna bitişik ərazinin zəbt olunaraq başqa şəxsə satılması və s. kimi uyğunsuzluqlar aşkarlanıb.

Hazırda tərəflərin arqumentləri yenidən öyrənilir. Qanunsuz tikililərin aqibəti ilə bağlı son qərarı yaxın vaxtlarda məhkəmə elan edəcək. Sakinlər isə öz haqları uğrunda sonadək mübarizə aparacaqlarını, nəticədə haqq-ədalətin qələbə qazanacağına inandıqlarını bildiriblər.

BakuPost


Geri qayıt