Əsas Səhifə > Ana xəbər / Güney Press > Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu

Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu


Bu gün, 16:52

Azərbaycanlı iş adamı, 1.7 milyard dollarlıq sərvəti ilə Rusiyada ən varlı oliqarxlardan sayılan Fərhad Əhmədovun Azərbaycandakı əmaklarının üzrinə həbs qoyulub.

Etibarlı mənbədən “AzPolitika”-ya daxil olan məlumata görə, bura onun daşınmaz əmlakı, bank hesabları və şirkətləri daxildir. Mənbə bildirib ki, buna səbəb oliqarxla İtaliya şirkəti arasında 2018-ci ildən davam edən məhkəmə çəkişməsində uduzması və qətnamənin icraya yönəldilməsidir.

Xatırladaq ki, 2018-ci ildə dünyada tanınmış İtaliya şirkəti “Paghera Green Service Societa Agricola S.R.L” şirkəti F.Əhmədova məxsus “Baku Caspian Real Estate Limited” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən italyan şirkəti 1 milyon 664 min avro pulun MMC-dən tutulması barədə tələb irəli sürüb.

Bundan başqa, italiyalılari hər iki şirkət arasında bağlanmış 14 dekabr 2016-cı il tarixli müqavilə və 2017-ci ilin iyul ayının 20-də imzalanmış ikinci əlavə büdcə razılaşmasına əsasən görülməli işlərin həyata keçirilməsinə MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını istəmişdi.

Həmçinin italyan şirkəti iddiasında işlər görülüb bitirildikdən sonra 14 dekabr 2016-cı il tarixli müqavilə və 2017-ci ilin iyul ayının 20-də imzalanmış ikinci əlavə büdcə razılaşmasına əsasən ödənilməli olan 10 faizin - 1 milyon 172 min 817 avro pulun “Baku Caspian Real Estate Limited” MMC-dən tutularaq “Paghera” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.

2018-ci il noyabrın 22-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə başlayan prosesdə Fərhad Əhmədov qalib gəlib, sonrakı məhkəmə instansiyalarında da hakimlər onu haqlı sayıb.

Bundan sonra İtaliya şirkəti Azərbaycanda məhkəmə iddialarını dayandıraraq Britaniyaya üz tutub. Belə ki, “Paghera Green Service Societa Agricola S.R.L” şirkəti F.Əhmədov və onun şirkətinə qarşı London Məhkəməsində 5 milyon avroluq iddia qaldırıb.

İddiada qeyd olunub ki, “Baku Caspian Real Estates Limited” MMC – italyan şirkətinə ödənməli olan 3 milyon avronu ödəməyib. Bildirilir ki, xarici şirkət 2016-cı ildə Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsində yerləşən 6 hektar ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri aparılması ilə bağlı kontrakt imzalayıb. Müqaviləyə əsasən, italyan şirkətinə bu işlərin müqabilində ümumilikdə 12 milyon avro və əlavələr ödənilməlidir. Lakin işlərin yekunlaşmasına çox az vaxt qalmış F.Əhmədova məxsus şirkət 3 milyon avronu ödəmək istəməyib və italyanları ərazidən çıxarıb.

Mənbə iddia edir ki, oliqarxın Bilgəh qəsəbəsində yerləşən sözügedən mülkü Bakının ən bahalı mülklərinin sırasında ilk yerdə dayanır. Villalara və ətraf infrastruktura on milyonlarla dollar xərc çəkilib. F.Əhmədov dünyanın ən bahalı şirkətlərinin məhsullarını gətirib, xaricdən dizaynerlər, memarlar Bakıya dəvət olunub və onlar aylarla oliqarxın sifarişlərini icra ediblər. Bildirilir ki, məhkəmənin qərarı ilə həmin əmlakın da üzərinə həbs qoyulub.

Məhkəmə prosesində “Paghera Green Service Societa Agricola S.R.L” şirkətinin vəkili olmuş Kamandar Nəsibov “AzPolitika”-ya açıqlamasına bildirib ki, sözügedən proses çoxdan yekunlaşıb, məhkəmələr isə Fərhad Əhmədovun xeyrinə qərar çıxarıb:

“Biz Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşırdıq, amma sonradan onlardan xəbər çıxmadı. Məlum oldu ki, London Məhkəməsinə müraciət ediblər. İstisna etmirəm ki, həmin çəkişməsini Əhmədov uduzub və hazırda həmin məhkəmənin qətnaməsi icraya yönədilib, ona görə onun əmlakına həbs qoyublar”.


Geri qayıt