Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan nəyə və niyə hazır olmalıdır?

Azərbaycan nəyə və niyə hazır olmalıdır?


Bu gün, 16:01

"Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb.

Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq".

Bu bəyanatı prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşündə deyib. Silahlı Qüvvələrin Ali Baş Komandanı Azərbaycanın Xəzər dənizində də hərbi gücünü artırdığını deməklə Şimaldan da müəyyən təxribatları istisna etməyib.

Məlumdur ki, Rusiya Azərbaycanla münasibətləri davamlı olaraq qəsdən gərginləşdirir. Əvvəl Rusiyanın televiziyalarında, ekspert dairələrində, daha sonra aşağı rəsmi şəxslər səviyyəsində Azərbaycan hərbi müdaxilə ilə təhdid edildi.

Rusiya hakim və şovinist ictimai dairələri eyni zamanda Ermənistanda da hakimiyyəti devirmək, Azərbaycanla Ermənistan arasında yeni müharibə ocağını alovlandırmaq istəyirlər.

Bu iki ölkə arasında sazişin müəllifi Azərbsycandır və bu sənəd, əlbəttə ki, Azərbaycanın maraqlarını təmin edir. Üstəlik saziş paraflanıb, artıq bu sənəddəki müddəalardan və öhdəliklərdən geri çəkilmək mümkün deyil. Ancaq, ölkə prezidentinin də dediyi kimi, dünyada gedən proseslər fonunda hər an hər şey ola bilər. Buna görə də Azərbaycan öz ordusunu ən müasir silahlarla təchiz edir. Bu, bölgədə hərbi-siyasi vəziyyətin dəyişə biləcəyi ehtimallarına qarşı qabaqlayıcı addımlardır.

Yeri gəlmişkən, Azərbaycan hakimiyyətinin ən sərt tənqidçiləri belə sülh sazişinin mətnini təqdir ediblər, onun beynəlxalq hüquq priniplərini əks etdirdiyini deyiblər.

Prezident keçmiş məcburi köçkünlərlə görüşdə sülh sazişinin Azərbaycanın maraqlarını nəzərə aldığını deyəndə, həm də sənədin söykəndiyi baza prinsipləri nəzərdə tutur. Çünki Azərbaycanın mövqeyi əvvəldən tam olaraq, beynəlxalq hüquqa əsaslanıb.

Burada diqqət çəkən bir məqam da var: dövlət başçısı vətəndaşlarla açıq danışıb. Dövləti gözləyən hər cür təhdid və təhlükələr haqda fikir və qayğılarını bölüşüb.

Əlbəttə, tək bu məsələ ilə bağlı deyil, bütün məsələlərlə bağlı cəmiyyətlə müzakirə aparmaq çox faydalıdır. Hər bir ölkədə görülməli olan əsas işlərdən biri məhz açıq, sağlam və verimli müzakirə platformaların qurulmasıdır. Hər bir cəmiyyət bu yolla irəli gedir.

Bahəddin Həzi, bizimyol.info

Geri qayıt