Əsas Səhifə > Ana xəbər / Güney Press > Abituriyent sayı niyə plan yerlərini üstələdi?

Abituriyent sayı niyə plan yerlərini üstələdi?


Bu gün, 06:31

Bildiyimiz kimi, Azərbaycanda ali məktəblərə ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə, ümumilikdə 86 min 459 abituriyent elektron ərizəsini təsdiq edib. Bakalavriat səviyyəsi üzrə ixtisas seçimi edən abituriyentlər üçün paylaşılan ən son statistik təhlilə görə, 2025/2026-cı tədris ili üçün dövlət sifarişi üzrə 28 401, ödənişli əsaslarla isə 32 088 olmaqla, ümumilikdə 60 489 plan yeri ayrılıb. Bu isə o deməkdir ki, ən azı 30 min 515 abituriyent universitetlərə qəbul ola bilməyəcək. Yəni bu il ixtisas seçimi edənlərin sayı ilə plan yerləri arasında böyük fərq var. Həmçinin, qeyd edilir ki, səhv seçim edənlərin sayı çox olacaq.

Abituriyentlər ən çox hansı səhvləri edib?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, ali təhsil müəssisələrinə qəbul prosesinin nəticələri ölkədə təhsil siyasətinin əsas problemlərindən biri plan yerləri ilə abituriyentlərin sayı arasında balanssızlığın hələ də aradan qaldırılmadığını göstərdi.

Onun sözlərinə görə, hər il minlərlə gənc universitetdən kəsilir, amma bu kəsilmənin səbəbləri izah olunmur, ictimaiyyətə heç bir analitik hesabat təqdim edilmir:

“Qanunvericilikdə isə açıq şəkildə qeyd olunur ki, dövlətin vəzifəsi hər bir vətəndaşa keyfiyyətli və əlçatan təhsil imkanları yaratmaqdır. “Təhsil haqqında” Qanunun 5.0.4 maddəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi təhsildə bərabər imkanların təmin olunması göstərilsə də, faktiki vəziyyət bunun tam əksini təsdiqləyir. Rəqəmlərə baxanda, mənzərə daha aydın görünür. Bu, minlərlə gəncin gələcək arzularının, planlarının puç olması deməkdir.

Əgər dövlət bu qədər plan yeri boş qoyursa, deməli, əvvəlcədən əmək bazarını düzgün analiz etməyib, gənclərin maraqlarını nəzərə almayıb. Müsbət tərəf kimi yalnız onu demək olar ki, mühəndislik və texniki sahələrə marağın az olması səbəbindən kəsilmə faizi nisbətən aşağıdır. Amma bu, uzunmüddətli perspektivdə ölkənin iqtisadi inkişafı üçün təhlükəli siqnaldır, çünki gələcəkdə kadr çatışmazlığı yaranacaq”.

Təhsil eksperti qeyd edib ki, təhsil planlaşdırması ilə əmək bazarının ehtiyacları arasında tam qopma müşahidə olunur:

“Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə bu problem minimuma endirilib. Almaniyada qəbul planları Federal Əmək Agentliyinin proqnozlarına əsaslanır, hər 5 ildən bir “Berufe der Zukunft” adlı hesabat dərc olunur və universitetlərin plan yerləri buna uyğun dəyişdirilir. Finlandiyada “Koulutustarpeiden Ennuste” adlı illik proqnoz sənədi hazırlanır və abituriyentlərin maraqları ilə dövlətin prioritetləri balanslaşdırılır. Estoniyada “Haridusstrateegia 2035” adlı təhsil strategiyası dəqiq yol xəritəsi təqdim edir. Bu ölkələrdə qəbul zamanı kəsilmə 3–5 faiz civarındadır. Azərbaycanda isə bu göstərici 22–23 faizdir, yəni hər dörd abituriyentdən biri faktiki olaraq kənarda qalır”.

Kamran Əsədov bildirib ki, Elm və Təhsil Nazirliyinin fəaliyyətsizliyi abituriyentlərin taleyini riskə atır:

“Nazirlik yalnız nəticələri elan edir, amma onların səbəblərini izah etmir və maarifləndirmə işi aparmır. Abituriyentlər ixtisas seçiminə girəndə əmək bazarının real mənzərəsini görmürlər. Nazirliyin nə planı var, nə də proqnozu. Nə orta müddətli, nə də uzunmüddətli yol xəritəsi ictimaiyyətə açıqlanıb. Dövlətin resursları kortəbii şəkildə bölüşdürülür, nəticədə bəzi ixtisaslarda plan yerləri boş qalır, digərlərində isə minlərlə gənc kəsilir”.

Ekspert hesab edir ki, qəbul planlaşdırılmasında əsas yanaşma dəyişdirilməlidir:

“Qəbul yalnız cari rəqəmlərlə deyil, strateji proqnozlarla idarə olunmalıdır. Əmək bazarının ehtiyacları, əhalinin demoqrafik vəziyyəti, abituriyentlərin maraqları və ölkənin uzunmüddətli inkişaf prioritetləri nəzərə alınmalıdır. Nazirlik ictimaiyyətə açıq şəkildə hesabat verməlidir ki, niyə bəzi qruplarda yerlər boş qalır, digərlərində isə kütləvi kəsilmələr baş verir. Əks halda, hər il minlərlə gəncin taleyi plansızlığın qurbanına çevriləcək, dövlət isə kadr siyasətində ciddi itkilərlə üzləşəcək”.


Geri qayıt