Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan ən müxtəlif bəhanələrlə onların qalmasını istəyirdi, amma...
Ermənistan ən müxtəlif bəhanələrlə onların qalmasını istəyirdi, amma...Bu gün, 08:59 |
Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Avropa İttifaqının (Aİ) müşahidə missiyası (EUMA) fəaliyyətinə xitam vermək öhdəliyi götürüb. Saziş layihəsində tərəflərin bir-birinə qarşı güc tətbiq etməmə və ya güc tətbiqi ilə hədələməmə öhdəliyi ilə yanaşı, öz ərazilərini üçüncü dövlətlərin digər tərəfə qarşı təcavüzü üçün istifadəyə yol verilməməsi müddəasının əks olunması mövcud regional reallıqlar və bölgədə olan hərbi mövcudluq kontekstində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanda hər hansı bir üçüncü tərəfin hərbi mövcudluğu olmadığı halda, Ermənistanda hərbi mövcudluq olması fonunda, bu öhdəliyin layihədə əks olunması təsadüfi hesab edilməməlidir. Eyni qaydada saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrinin yerləşdirməməklə bağlı öhdəliyi xüsusi diqqət tələb edir. Məlum olduğu kimi, məhz bu element saziş layihəsində ən son mərhələyə kimi açıq qalan məsələlərdən biri idi və Ermənistan tərəfi müxtəlif bəhanələrlə bu müddəaya razılıq vermək istəmirdi. Sözügedən müddəa hazırda Ermənistan ərazisində yerləşdirilmiş Aİ-nin müşahidə missiyası kontekstində xüsusi əhəmiyyət kəsb edir və Ermənistan tərəfinin bu missiyanın fəaliyyətinə xitam vermək öhdəliyini ehtiva edir. Ermənistan bunu uzada bilərmi? Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a söylədi ki, Azərbaycanla Ermənistan arasında paraflanmış sazişdə yer alan “sərhədə hər hansı üçüncü tərəfin qüvvələrinin yerləşdirilməməsi” və “öz ərazilərinin digər tərəfə qarşı təcavüz üçün istifadəsinə yol verilməməsi” müddəaları regionumuzun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu bəndlər bölgədə uzun illərdən bəri davam edən qeyri-sabitlik faktorlarının aradan qaldırılmasına, hərbi risklərin minimuma endirilməsinə və davamlı sülhün möhkəmləndirilməsinə xidmət edir. Məlum olduğu kimi, Azərbaycanda hər hansı bir üçüncü dövlətin hərbi mövcudluğu yoxdur. Lakin Ermənistan ərazisində hələ də xarici hərbi kontingent və o cümlədən Aİ-nin müşahidə missiyası fəaliyyət göstərməkdədir. Həmin missiyanın fəaliyyəti bu zamana qədər açıq şəkildə regionda gərginliyi artırmağa xidmət edib. Onların provokatif addımları, silahlı patrul xidməti və mütəmadi olaraq Silahlı Qüvvələrimizin mövqelərini müşahidə etməsi prosesin fərqli məqsədlərə xidmət etdiyini aşkar edir. Lakin saziş layihəsinin 7-ci maddəsi, məhz bu reallığı nəzərə alaraq, Ermənistanın həmin qüvvələri sərhəddən çıxarmaq və missiyaya xitam vermək öhdəliyini qoyur. Ermənistanın bu müddəanı icra etməsi beynəlxalq hüququn və imzalanmış razılaşmaların tələbidir. Əgər Ermənistan bu öhdəliyi gecikdirməyə, yaxud müxtəlif bəhanələrlə uzatmağa cəhd edərsə, bu, təkcə sülh prosesinə zərbə vurmaq deyil, həm də Azərbaycana qarşı etimadsızlıq mühitini davam etdirmiş olar. Azərbaycan tərəfi hər zaman sülh gündəliyinə sadiqliyini nümayiş etdirib və razılaşdırılmış şərtlərin vaxtında, tam şəkildə icrasını tələb etməkdə haqlıdır. Ermənistan anlamalıdır ki, sazişə əməl etmək diplomatik məsələ olmaqla yanaşı, həm də bölgədə sabitliyin və qarşılıqlı etimadın yeganə təminat yoludur. Hesab edirəm ki, Nikol Paşinyan administrasiyası Vaşinqton görüşünün nəticələrini reallaşdırmaq istiqamətində prinsipiallıq nümayiş etdirəcək və hər hansı bir arzuolunmaz ritorikaya meyillənməyəcək. Cənab Prezident İlham Əliyevin qətiyyətli və praqmatik diplomatiyası sayəsində imzalanan bu sənəd, regionumuzda yeni təhlükəsizlik mühitinin bünövrəsini qoyur. İndi əsas məsələ Ermənistanın üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsidir". AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov vurğuladı ki, Ermənistan daxilində və diaspor dairələrində mövcud olan müəyyən siyasi qüvvələr üçün Aİ missiyasının bölgədə qalması strateji əhəmiyyət daşıyır: “Bu qüvvələr missiyanı Qərbin bölgədəki təsirinin simvolu və Ermənistan üçün əlavə təhlükəsizlik zəmanəti kimi görürlər. Onların hesabına görə, missiyanın çıxarılması Ermənistanı daha açıq şəkildə Azərbaycanla üz-üzə qoyar və bu, daxili siyasi rəqiblərin hökuməti zəiflətmək üçün istifadə edə biləcəyi bir situasiya yaradar. Bu səbəbdən belə dairələr texniki və prosedur maneələr yaratmaqla, məsələn, missiyanın mandatının uzadılması, təhlükəsizlik şəraitinin tam bərpa olunmadığı barədə bəyanatlar verməklə prosesin yavaşdılmasına çalışa bilərlər. Ermənistanın Aİ müşahidə missiyasını çıxarma öhdəliyinin icrası təkcə hüquqi mətnin tələblərinə bağlı deyil, həm də daxili siyasi qüvvələr arasındakı balans, beynəlxalq dəstək mərkəzlərinin mövqeyi və bölgədəki yeni güc reallıqları ilə sıx bağlıdır. Azərbaycan üçün əsas məsələ bu öhdəliyin yalnız kağız üzərində qalmasının qarşısını almaq, icra müddətinin və mexanizmlərinin sənəddə dəqiq göstərilməsinə nail olmaqdır. Çünki prosesin uzadılması riski realdır və bu riskin aradan qaldırılması üçün diplomatik və hüquqi təzyiq alətlərindən paralel şəkildə istifadə olunmalıdır. Ermənistanda indi əvvəlki kimi vaxt qazanmaq imkanı yoxdur, lakin bu, bütün maraqlı qüvvələrin eyni mövqedə olduğu anlamına gəlmir. Sülhün real və dayanıqlı olması üçün bu məsələnin tez və birmənalı həlli zəruridir". Milli Məclisin deputatı Hikmət Babaoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin 17 maddəlik bəndlərində sülhlə bağlı Azərbaycanı narahat edən bütün məsələlər öz əksini tapıb. Deputat qeyd edib ki, hazırda Ermənistan iki istiqamətdə gecikmədən addımlar atmalıdır: “Avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin 17 maddəlik bəndlərindən biri də Azərbaycan-Ermənistan sərhədində üçüncü qüvvələrin yerləşdirilməməsidir. Ermənistan bunu qəbul edib. Mənə elə gəlir ki, hazırda Ermənistan iki istiqamətdə gecikmədən dərhal addımlar atmalıdır. Bunlardan birincisi, paraflanmış sazişdə qeyd olunduğu kimi, tərəflərin bir-birinə qarşı ərazi iddiasının olmaması məsələsidir. İlk növbədə Ermənistan öz konstitusiyasından bu məsələni çıxarmalı və artıq referendum hazırlıqlarına başlamalıdır. Çünki Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası mövcuddur”. Hikmət Babaoğlunun sözlərinə görə, nəticə etibarilə bunlar Ermənistanın “ev tapşırıqları”dır və Azərbaycan tərəfi əmindir ki, ən qısa zamanda bu məsələlər reallaşacaq: “İkincisi, ATƏT-ə müraciət edilərək Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin birgə təşəbbüsü ilə Minsk Qrupunun buraxılmasıdır. Eyni qaydada Ermənistan da Avropa İttifaqına müraciət edərək sərhəddə yerləşmiş Avropa Monitorinq Missiyasının dərhal sərhəddən geri çağırılması üçün addımlar atmalıdır”. Geri qayıt |