Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzur həll edildi, növbədə oradır

Zəngəzur həll edildi, növbədə oradır


Bu gün, 06:06

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Zəngəzur dəhlizinin açılması ilə yanaşı, digər kommunikasiya xətlərinin fəaliyyətinin bərpa edilməsi məsələsi gündəmdədir. Hazırda əsas diqqət Zəngəzur dəhlizinə yönəlmiş olsa da, Ağstafa-Qazax istiqamətindən Dilicandan keçməklə Ermənistana gedən yolun açılması da mümkün variantlar sırasındadır. Ehtimal olunur ki, bu marşrut vasitəsilə Azərbaycanın Qərb bölgəsindən Ermənistanla birbaşa əlaqə yaradıla bilər.

Bundan əlavə, Tovuzun qərb istiqamətindən, yəni rayon mərkəzindən Yuxarı Öysüzlü, Mülkülü və Əlibəyli kəndləri vasitəsilə Berd (əvvəlki adı Qalakənd-red.) rayonuna və Göyçəyə gedən yolun bərpası da müzakirə mövzusudur. Bu yolun açılması bölgədə kommunikasiya şəbəkəsinin genişlənməsinə, ticarət və nəqliyyat əlaqələrinin inkişafına xidmət kimi qiymətləndirilir.

Analitiklər hesab edir ki, bu əlaqələrin reallaşması üçün hər iki tərəfin siyasi və təhlükəsizlik baxımından müəyyən zəmanətlər verməsi, həmçinin infrastrukturun yenidən qurulması, müvafiq razılaşmaların imzalanması zəruridir. Habelə Zəngəzur dəhlizindən sonra digər yolların açılması regionda davamlı sülh və əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm addım kimi dəyərləndirilir.

Globalinfo.az-a danışan tarixçi-alim, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Ermənistan və Azərbaycan arasında bağlanmış sülh müqaviləsinin 6-7-ci maddələrində sərhədlərin delimitasiyası, demarkasiyası və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur:

“10-cu maddədə isə tranzit və digər məsələlərə toxunulur. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yoldur və bu səbəbdən həmin istiqamətdə işlər aparılır. Ardınca Ağstafa, Qazax və digər istiqamətlərdə də yolların açılması mümkündür. Lakin bu məsələ əsasən tranzit xarakteri daşımalı və ya Bakı ilə İrəvan arasında əməkdaşlığı əks etdirməlidir. Hazırda Ermənistan ərazisində azərbaycanlıların yaşamaması buna təsir göstərir. Gələcəkdə Qərbi Zəngəzur və Göyçəyə qayıdış mümkün olarsa, bu yolların açılması və əlaqələrin bərpası daha real görünəcək.

İndiki məqamda Ağstafa-Qazax istiqamətindən Dilicandan keçməklə Ermənistana və Tovuzun qərbindən Göyçəyə gedən yolların açılması əsasən tranzit məqsədli ola bilər. Bu zaman Gürcüstan, Azərbaycan, Ermənistan və digər ölkələrlə əlaqəli tranzit marşrutlarının əhəmiyyəti ön plana çıxacaq”.

“World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova deyib ki, hazırda ən vacib logistika yolu Zəngəzur dəhlizidir:

“Bu dəhliz Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən və böyük ticarət yolunu açan mühüm logistik marşrutdur. M2 magistral yolunun tam açılması hələ tamamlanmayıb, lakin Zəngəzur dəhlizinin açılması Azərbaycan və region dövlətləri üçün ticarət baxımından böyük əhəmiyyət daşıyır. Ermənistanla hələ tam sülh müqaviləsi imzalanmadığından, digər yolların bərpası, istifadəsi həm İrəvanın, həm də Bakının razılığı və sərmayəsini tələb edir.

Ermənistanın hazırkı iqtisadi vəziyyəti nəzərə alınarsa, Zəngəzur koridorunun bərpası da zamanla və mərhələli şəkildə həyata keçiriləcək. Bu ölkədə xarici, xüsusilə amerikalı şirkətlərin iştirakı iqtisadi dəstək baxımından önəmli ola bilər. Digər logistik yolların açılması və Azərbaycanın tarixi bölgələri ilə əlaqəsinin bərpası isə sülh müqaviləsinin inkişafından asılıdır”.


Geri qayıt