Əsas Səhifə > Ana xəbər / Güney Press > Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib

Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib


Bu gün, 05:15

İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın xatirəsinə hörmətsizliklə əlaqədar onun bacısı məhkəməyə üz tutub. O, sosial şəbəkələrdə şəhidlə bağlı təhqir və böhtan xarakterli ifadələr yayılması ilə əlaqədar əvvəl hüquq-mühafizə orqanlarına ərizə yazıb, daha sonra xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb.

Bizimyol.info xəbər verir ki, Arəstə Baxışovanın bacısı “Instagram”da onun haqqında yazılan fikirlərə görə Hüseyn Hüseynzadə adlı şəxsin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148.-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib. Bu tələblə də məhkəmədə iddia qaldırıb. O, bildirib ki, bacısı haqqında sosial şəbəkələrdə və bir sıra saytlarda həqiqətə uyğun olmayan məlumatlar paylaşılır, onun şəhid olmadığı iddia edilir. Onun şərəf və ləyaqətini ləkələyən fikirlər yayılır.

Hüseyn Hüseynzadə özünü təqsirli bilməyib. O bildirib ki, 3 il əvvəl – 2022-ci ildə sosial şəbəkədə Arəstə Baxışovanın fotosu paylaşılıb. O da həmin paylaşıma şərh yazaraq öz fikrini bildirib: “Arəstə Baxışovanın şəhid olmadığı, onun hərbi hissənin qarşısında vurulduğu deyilirdi. Bu barədə Füzuli Hərbi Məhkəməsində cinayət işi olmuşdu. Bu səbəbdən öz fikrimi yazmışdım. Mənim şəhidlərə böyük hörmətim var. Şəhidlərə hörmətsizlik etməmişəm”.

Məhkəmə onun yazdıqlarını araşdıraraq belə nəticəyə gəlib ki, orada həm təhqir, həm də böhtan elementləri var. Lakin bu hadisə 2022-ci ildə baş verib və bu əmələ görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib. Bu səbəbdən də məhkəmə onu həm Cinayət Məcəlləsinin 147.1 (böhtan), həm də 148-ci (təhqir) maddələri ilə təqsirli bilib, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, həmin maddələrlə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqda hökm çıxarılıb.

1989-cu il təvəllüdlü Arəstə Baxışova 23 oktyabr 2020-ci ildə şəhid olub.


Geri qayıt