Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvandan Rusiyaya və İrana “ikiqat xəyanət”?
İrəvandan Rusiyaya və İrana “ikiqat xəyanət”?Bu gün, 08:35 |
“Ermənistan həm Rusiyaya, həm də İrana qarşı ikiqat xəyanət edir”. Musavat.com xəbər verir ki, bunu rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib. Onun sözlərinə görə, ABŞ İranla sərhədə yaxın ərazilərdə gizli məlumatları kəşfiyyat yolu ilə toplamağa başlaya bilər. “İrəvanın xəyanəti yalnız Rusiyaya deyil, həm də İrana qarşıdır. İran uzun illər Ermənistana dəstək verib, amma indi İrəvan ABŞ-a hərbi baza yaratmağa icazə verib. Həmin ərazidə amerikalılar kəşfiyyat sistemləri yerləşdirəcək və gələcəkdə ABŞ-ın İrana qarşı mümkün aqressiyasına dəstək göstərəcək. Bu, həm Rusiyaya, həm də İrana qarşı ikiqat xəyanətdir”, - deyə Sergey Markov bildirib. Markov haqlıdırmı? Bu, “ikiqat xəyanət”dirsə, Moskva və Tehranın İrəvana cavabı nə olacaq? Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”da bu suallar ətrafında tarixə ekskursiya etdi: “Bu məsələyə 1855-65-ci illərdə Böyük Britaniyanın baş naziri olmuş, böyük ictimai-siyasi xadim Lord Palmerstonun məşhur sözləri ilə başlamaq istəyirəm. O demişdi: ”Böyük Britaniyanın daimi düşmənləri və daimi dostu yoxdur. Birləşmiş Krallığın daimi, dəyişməz, əbədi maraqları var və biz onu dəyişmək istəmirik". İstənilən ölkənin, o cümlədən Ermənistanın da daimi maraqları var. Bu gün dost ola bilənlər səhəri gün düşmən olmasalar da, ən azından onların maraqlarını təmin etməyə bilərlər. Paşinyan hakimiyyətə gəldiyi gündən bəri bilirik ki, qərbyönlü siyasət aparır və ölkəsinin perspektivini bu siyasətdə görür. Onun üçün də Sergey Markovun Rusiya və İranın maraqlarına xəyanət etməsi fikirləri təsadüfi deyil. Ola bilsin ki, xəyanət edib. Amma Ermənistanın maraqlarına xəyanətdirmi? Xeyr. Əksinə, Ermənistanın maraqlarına uyğun addım atıb. Çünki Rusiya və İran Ermənistanın uzunmüddətli siyasətini təmin edəcək maraq yaratmayıb. Hər zaman bölgədə gərginlik yaradıblar. Artıq Paşinyan hökuməti və erməni cəmiyyəti yaxşı anlayır ki, sərhəd ölkələrindən Türkiyə və Azərbaycanla gərgin münasibətlərdə olmaq onların maraqlarına xidmət etmir". Polkovnik Markovun bu fikirləri ilə öz ölkəsinin maraqlarını güddüyünə də toxundu: “Belə fikirlərdə təbii ki, Markov Ermənistanın maraqlarını nəzərə alası deyil ki?! İran fikirləşir ki, Amerika o tərəfdən kəşfiyyat məsələlərini həll edəcək. Bu, çox yersiz düşüncə və yanaşmadır. Burada əsas məsələ Cənubi Qafqaz kimi bir bölgədə Amerika kimi bir supergücün siyasi və iqtisadi maraqlarını həyata keçirmək, Rusiyanı buradan sıxışdırmaqdır. Bu maraq da Ermənistanın perspektiv maraqları ilə üst-üstə düşür. Mən hələ Azərbaycan məsələsini demirəm, ölkəmizi bura qatmıram. Çünki biz bilirik ki, 8 avqustda Vaşinqtonda atılan addım Azərbaycanın birbaşa istəyi olmasa, mümkün olmazdı”. İ.İsmayıl hesab edir ki, 1895-96-cı illərdən başlayaraq, Türkiyə ərazisində erməni daşnaklarını qızışdırmaqla ermənilərin Türkiyədən böyük köçünün baş tutduğunu nəzərə alsaq, 1915-ci ildə I Dünya savaşı zamanı Çar Rusiyası tərəfindən qızışdırılaraq ortaya atıldıqlarını xatırlatsaq, göründüyü kimi, bunlardan heç nə qazanmadılar: “Ermənistan parlamentinin sədri Alen Simonyan dəfələrlə deyib ki, bizim Rusiya ilə yaxınlaşmamız hər zaman fəlakətimizlə nəticələnib. Genosid məsələsinə də Paşinyan boşuna yanaşmayıb. Biz bunu araşdırmalıyıq ki, görək bu nədən belə olub. Ermənilər hər zaman alət olublar. Maraqları naminə daim satıblar. Bu gün də maraqları Qərbə doğrudur. Türkiyə və Azərbaycanla yaxın münasibətlər bu gün İrəvanın maraqlarına cavab verir. Burada kəşfiyyat məsələsi sadəcə çox xırda bir məsələdir. Ola bilsin ki, kiçik bir məlumat əldə etsinlər. Amma bu, qlobal mənada kəşfiyyat məlumatı əldə etmək olmayacaq. Digər tərəfdən, orada qeyd olunur ki, Amerika hərbi baza yaradır. Xeyr, bu belə deyil. Tranzit yolda təhlükəsizliyin, nəzarətin təmin edilməsi hərbi baza yaratmaq deyil”. İ.İsmayıl şimal və cənub qonşumuzun İrəvana cavabının necə ola biləcəyindən də söz açdı: “Kreml 5 ildən çoxdur ki, İrəvanda hakimiyyət dəyişikliyi etməyə çalışır. Amma hələ ki buna nail ola bilməyib. Bundan sonra daha sərt formaya keçə bilər. 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər rusiyayönümlü qüvvələri cəlb edə bilər ki, ölkədə qarışıqlıq yaratsın, seçkilərə qədər hakimiyyət dəyişikliyinə nail olsun. Hətta deyərdim ki, Paşinyana qarşı sui-qəsdə də cəhd oluna bilər. Hərçənd ki, Qərb tərəfindən Paşinyanın fiziki təhlükəsizliyi qorunur. Rusiya kilsə, daşnaklar, diasporanın vasitəsilə daim hərəkətdə olacaq. Üstəlik, iqtisadi təzyiqlərə də keçəcək”. Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Ermənistan sakit formada Rusiya və İrandan uzaqlaşacaq: “Ermənistan artıq kolonial və forpost dövlət olmaqdan bezib. Artıq Rusiya və İranın onu alət kimi istifadə etməsindən və bu yolla Tehranla Moskvanın İrəvanı özündən asılı vəziyyətə salmaq cəhdlərindən cana doyub. Paşinyan artıq güclünün yanında olmaq qərarını verib. Nikol Vovayeviç bundan sonra zəiflərlə işləmək istəmir. Ermənistan anlayır ki, Ukrayna ilə üç ildir bacara bilməyən Rusiya, İsrailin əlində cəmi bir həftəyə əsir-yesir qalan İran onu Qərbin təzyiqlərindən müdafiə etmək iqtidarında deyil. Üstəlik, İran və Rusiya Ermənistana xoş günlər yox, qara günlər vəd edir. Ermənistan isə "işğalçı ölkə" ayamasından, damğasından qurtulmaq istəyir. İrəvanda anlayırlar ki, nicat qapısı ABŞ-ın, Türkiyənin və Azərbaycanın yanında olmaqdan keçir. Öz maraqlarını müdafiə etmək, gələcəyini müstəqil şəkildə müəyyənləşdirmək xəyanət deyil. Doğrudan da Rusiya və İran Ermənistana dostdursa, İrəvanın bu addımını xoşməramlı addım kimi qəbul etməlidirlər". Geri qayıt |