Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan Bakıya “hə” dedi, 200 hərbçi Ermənistana göndərildi
Paşinyan Bakıya “hə” dedi, 200 hərbçi Ermənistana göndərildiBu gün, 06:11 |
Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanmasından sonra Rusiyanın Gümrüdə yerləşən 102-ci bazada hərbi kontingentin sayını artırdığına dair məlumatlar yayıldı. Artıq Federal Təhlükəsizlik Xidmətinin (FTX) 200 əməkdaşının əraziyə yerləşdiyi bildirilir. Maraqlıdır ki, üçtərəfli görüşdən sonra sözügedən bazanın Ermənistandan çıxarıla biləcəyi ilə bağlı müzakirələr aktivləşmişdi. Rusiya bununla nəyə nail olmağa çalışır? Sülhə maneə yaratmaq üçün sərhəddə təxribata cəhd edə, yaxud Ermənistanın daxilində qarışıqlıq yarada bilərmi? Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Vaşinqtonda imzalanan üçtərəfli bəyanatdan sonra Rusiyanın Ermənistana təzyiq göstərəcəyi gözlənilirdi: “10 noyabr üçtərəfli bəyanatı ilə bir çox məsələlər öz həllini tapmışdı. Bu bəyanatda Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya verilməsi öhdəliyi nəzərdə tutulurdu. İrəvan bu bəyanatdan imtina etmədiyi halda, ABŞ-la da oxşar öhdəlikləri əks etdirən sənəd imzalayır. Hər iki razılaşmada Azərbaycan üçün üstün məqamlar var idi. Belə ki, iki halda da Azərbaycanın Naxçıvana maneəsiz hərəkəti bərpa olunurdu. Rusiya, ümumilikdə, Bakı ilə İrəvan arasında sülhün əldə edilməsində maraqlı olsa da, dəhliz məsələsində fərqli mövqe sərgiləyir. Bu səbəbdən, Ermənistana təzyiqlərin artması istisna deyil. 102-ci bazanın gücləndirilməsi, Ermənistan müxalifətinin hazırda həbsdə olan nümayəndələri üçün dünyaca məşhur vəkilin bu ölkəyə göndərilməsi də Kremlin prosesi qızışdırmaq niyyətindən xəbər verir. Bu, vəziyyəti daha da çıxılmaz hala sala bilər”. Ekspert bildirib ki, baş nazir Nikol Paşinyanın Vaşinqtonda öhdəsinə götürdüyü məsələləri yerinə yetirib-yetirməyəcəyi də sual altındadır: “Çünki onun hazırda icra etməli olduğu müəyyən öhdəliklər mövcuddur, konstitusiya dəyişikliyi buna nümunədir. Hələ məsələ ilə bağlı lazımi addımlar belə atmayıb. Ermənistanın dəmir yolları bu gün Rusiyanın nəzarəti altındadır və Paşinyan Kremldən icazə almağa məcburdur. Rusiya İrəvandakı mövcud hökuməti devirmək üçün də müəyyən addımlar ata bilər. Rəsmi Moskva öz mövqeyini bütün dünyaya nümayiş etdirməyə çalışacaq. Lakin bunun nə dərəcədə uğurlu alınacağı hələ sual altındadır. Ermənistanla yanaşı, bütün regiona təzyiqi artıra bilər. Burada Tehran faktoru da önə çıxacaq. İran Prezidenti Məsud Pezeşkian hər nə qədər müsbət mesajlar versə də, gərginliklər davam edəcək. Bu gün rəsmi Moskvanın İrəvana kifayət qədər təsir gücü mövcuddur”. Geri qayıt |