Əsas Səhifə > Ana xəbər / Güney Press > Vaşinqton zirvəsinin əks-sədası
Vaşinqton zirvəsinin əks-sədasıBu gün, 03:54 |
Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında tarixi üçtərəfli görüş keçirildi. Bu görüşün nəticəsi olaraq, uzun illərdən bəri davam edən münaqişəyə son qoymaq və regionda sülhü təmin etmək üçün mühüm sənədlər imzalandı. Liderlərin imza atdığı birgə Bəyannamə Vaşinqton zirvəsinin Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişməyi və iki qonşu ölkə arasında münasibətlərin normallaşmasına yeni zəmin yaratmağı hədəfləyib. ABŞ-nin vasitəçiliyi ilə baş tutan bu razılaşmalar həm də regional nəqliyyat və iqtisadi inteqrasiyanı gücləndirməyi nəzərdə tutur. Görüşdə tərəflər birgə bəyan edərək aşağıdakıları təsdiq etdilər: Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin mətninin razılaşdırıldığı və xarici işlər nazirləri tərəfindən paraflandığına şahidlik etdilər. Sazişin imzalanması və ratifikasiyası üçün əlavə addımlar atılacaq; ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması üçün birgə müraciət imzalanacaq; Regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülh, sabitlik və rifahın təşviqi məqsədilə nəqliyyat və kommunikasiyaların açılması vacibdir. Bu, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edir; Ermənistan ABŞ və digər tərəflərlə birgə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə əməkdaşlıq edəcək. Sənəddə keçmiş münaqişənin sona çatması, beynəlxalq sərhədlərin toxunulmazlığı və güc tətbiqinin yolverilməzliyi əsasında düşmənçilik səhifəsinin bağlanması və qisas cəhdlərinin rədd olunması vurğulanır. Həmçinin Vaşinqton Zirvəsinin regionda qarşılıqlı hörmət və sülhün irəliləməsi üçün möhkəm təməl qoyacağına əminlik ifadə edilir. Qeyd edək ki, Vaşinqton zirvəsində aşağıda qeyd olunan digər sənədlər imzalanıb: Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlər Sazişi. Bu sənəd sülhün təmin olunması, qarşılıqlı hörmət və qonşuluq münasibətlərinin normallaşdırılmasını təsdiqləyir. Sazişin tam imzalanması və ratifikasiyası üçün davam edən addımlar tərəflər arasında möhkəm bir siyasi iradənin göstəricisidir. Nəqliyyat və Kommunikasiya Dəhlizlərinin Açılması. Regionda, xüsusən Azərbaycanla onun ayrılmaz hissəsi olan Naxçıvan arasında maneəsiz əlaqəni təmin etmək məqsədilə nəqliyyat və kommunikasiya yollarının açılması razılaşdırıldı. Bu, iqtisadi inteqrasiyanı artıracaq, ticarət və əlaqələri asanlaşdıracaq. ATƏT Minsk Prosesi və strukturunun bağlanması. Danışıqlar boyu rəsmi Bakının əsas tələblərindən biri olan bu məsələ ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-ə birgə müraciət edərək, münaqişənin rəsmi olaraq yekunlaşdığını təsdiqlədilər. Beləliklə Minsk Qrupunun fəaliyyəti dayandırılacaq. Ermənistan ilə ABŞ arasında Memorandum. Bu sənəd ABŞ-nin Ermənistanın təhlükəsizliyi, iqtisadi inkişafı və regionda sülhün təmin olunması istiqamətində dəstəyini müəyyən edir. ABŞ sülhməramlı fəaliyyətlər, humanitar və infrastruktur layihələrində Ermənistanla əməkdaşlığı gücləndirəcək. (Bu haqda aşağıda daha ətraflı) Azərbaycan ilə ABŞ arasında Memorandum. Bu memorandum strateji tərəfdaşlığın dərinləşdirilməsini, enerji təhlükəsizliyi və regional inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bakı və Vaşinqton Xartiyanın hazırlanması məqsədi ilə işçi qrupu yaradacaq. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Layihəsi. Ermənistan ABŞ və digər tərəflərlə birlikdə regionda nəqliyyat və iqtisadi dəhlizin yaradılması üçün əməkdaşlıq edəcək. Layihənin məqsədi qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişaf etdirilməsidir. TRIPP İqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi sayəsində regional əməkdaşlıq artacaq, bu da uzunmüddətli sülh və sabitlik üçün zəmin yaradacaq. Layihə tərəflər arasında qarşılıqlı güvənin artırılmasına töhfə verir. Sənəddə qeyd olunur ki, ABŞ, TRIPP layihəsinin əsas təşəbbüskarlarından biridir və layihənin planlaşdırılması, maliyyələşdirilməsi və idarə olunmasında fəal iştirak edir. Bu, ABŞ-nin regiondakı strateji mövqeyini gücləndirir və iqtisadi əlaqələr vasitəsilə sülhün təmin olunmasına xidmət edir. Bildirilir ki, Ermənistan layihənin həyata keçirilməsində ABŞ və digər qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlə əməkdaşlıq edir. Bu, layihənin beynəlxalq standartlara uyğun, şəffaf və hərtərəfli şəkildə icra olunmasına zəmanət verir. Qeyd edək ki, Ermənistanla ABŞ arasında imzalanan Memorandumunda sülhməramlı fəaliyyətlərin təşviqi nəzərdə tutulub. Memorandumda yazılıb ki, ABŞ Ermənistanla sülhməramlı missiyalarda əməkdaşlıq edəcək, münaqişədən sonra regionun təhlükəsizliyinin təminində yardım göstərəcək. Həmçinin enerji, nəqliyyat və kommunikasiya sahələrində genişmiqyaslı layihələr həyata keçirilməsi, münaqişədən təsirlənmiş əhali üçün sosial proqramlar və humanitar layihələr reallaşdırılması əskini tapıb. Sənəddə yer alan strateji tərəfdaşlıq bəndində isə regional sabitlik və beynəlxalq hüququn qorunması üçün əlaqələr dərinləşdirilməsi qeyd olunub. Vaşinqton zirvəsinin ən mühüm nəticələrindən biri şübhəsiz ki, Minsk Qrupunun buraxılması ilə bağlı razılaşmadır. Artıq vasitəçilərdən biri olan Fransa XİN əldə olunan razılaşmanı alqışlayıb və tərəflərin ATƏT-in Minsk Qrupunun strukturlarını ləğv etməyə başlamaq çağırışına qoşulub. “Münasibətlərin normallaşması və sülh müqaviləsinin tezliklə imzalanması Cənubi Qafqazın sülh və firavanlıq məkanına çevrilməsi istiqamətində mühüm addım olmalıdır. Sazişlər 1991-ci il Almatı Bəyannaməsi prinsipləri əsasında regional əlaqəyə, sərhədlərin açılmasına və dövlətlərin suverenliyinin möhkəmləndirilməsinə töhfə verir”, - bəyanatda qeyd olunur. Rusiya isə nə Minsk Qrupunun ləğv barədə birgə müraciətə, nə də ümumiyyətlə Vaşinqtonda əldə oluna razılaşmalara reaksiya verməyib. Azərbaycanın müttəfiqi Türkiyənin xarici işlər naziri Hakan Fidan isə Azərbaycanlı həmkarı Ceyhun Bayramova telefonla zəng edib. XİN-nin yaydığı məlumatda qeyd olunur ki, Fidan, Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı əldə edilmiş tarixi nailiyyətlər münasibətilə Azərbaycanı səmimi qəlbdən təbrik edib. Nazirlər əldə edilmiş razılaşmaların, Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamənin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Sülh sazişinin paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırışın sülhə mühüm töhfə olduğu qeyd edilib. Nazirlər bu strukturların ləğvi barədə ATƏT qərarının tezliklə qəbul ediləcəyini gözlədiklərini bildiriblər. Qeyd edək ki, dünən və bu gün nüfuzlu media qurumları Vaşinqton zirvəsinə geniş yer ayırıb. “The Washington Post” qəzeti ABŞ-nin bu razılaşmalarla Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflədəcəyini yazıb. “Associated Press”də (AP) dərc olunan xəbərdə isə 35 illik münaqişəni bitirən razılaşma və ABŞ-nin nəqliyyat dəhlizlərinə nəzarəti önə çıxarılır. Nüfuzlu “Politico” jurnalı Trampın sülhməramlı rolunu və ABŞ-nin strateji mövqeyini gücləndirməsini vurğulayıb. “Reuters” agentliyi ABŞ-nin regionda strateji tranzit dəhlizinə sahib olduğunu, “Euronews” telekanalı isə bu hadisəni “tarixi razılaşma” və “yeni dövrün başlanğıcı” kimi dəyərləndirir. Beləliklə, Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması üçün möhkəm təməllər atıldı. Prezident İlham Əliyev ABŞ mediasına müsahibəsində bildirib ki, sülh sazişi tezliklə imzalanmalıdır. Bu isə Ermənistanda planlaşdırılan Konstitusiya referendumundan dərhal sonra mümkün olacaq. Yəni, tərəflər, 2026-cı ilin sonlarında və ya 2027-ci ilin əvvəlində 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanan razılaşmanı əsas götürərək yenidən masa arxasında əyləşərək, hərtərəfli sülh və əməkdaşlıq sazişinə imza atacaqlar. Həmin tarixə təxminən il yarım zaman var və bu müddət ərzində regionda hadisələrin necə cərəyan edəcəyi proseslərin yekun mərhələsinə ciddi təsir edə bilər. Xüsusi ilə Ermənistanda gələn ilin iyununda keçiriləcək parlament seçkilərinin nəticələri olduqca mühüm əhəmiyyətə malikdir. Ekspertlərin rəyinə görə, Rusiyanın özünün kənarda qaldığı prosesə təsir etmək üçün region ölkələrinə qarşı hərəkətə keçəcəyi ehtimalı böyükdür. İlk növbədə daha çox təzir alətlərinə malik olduğu Ermənistanda hakimiyyət dəyişikliyinə çalışa, Paşinyan hökumətinə qarşı silsilə təxribatlar həyata keçirə bilər. Rəsmi İrəvan bu təxribatların qarşısını almaq üçün ABŞ və Avropa İttifaqı ilə dərinləşən münasibətlərə, habelə Türkiyənin və Azərbaycanın dolayı dəstəyinə ümid edə bilər. Rusiya ilə yanaşı İran da Birləşmiş Ştatların patronajlığı altında imzalanan razılaşmalara, xüsusən “Tramp dəhliznə” qarşıdır və İrəvanın atdığı addımları özünə qarşı xəyanət kimi qəbul edir. Məlumdur ki, Tehranın ən yüksək rütbəli rəsmiləri, eləcə də Ermənistandakı səfiri dəfələrlə Zəngəzur dəhlizinə qarşı bəyanatlar verib bu məsələnin “İranın qırmızı xətti” olduğunu bildiriblər. İndi Paşinyan hökuməti nəinki Ermənistan ərazisindən Azərbaycanın Naxçıvan hissəsinə maneəsiz keçid verir, həmçinin İranın bir nömrəli düşməni ABŞ-ni onun sərhədinə gətirir. Hələ ki, İran mövqeyini açıqlamayıb, amma dünənə qədər dost libaslı Tehran rəsmilərinin Rusiya ilə koordinasiyalı şəkildə Paşinyan hökumətini küncə sıxacağı gözləniləndir. Belə desək, regionda hadisələrin kulminasiya hissəsi hələ qabaqdadır... Geri qayıt |