Əsas Səhifə > Ana xəbər / Güney Press > 400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir

400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir


Bu gün, 08:55

Bakı Lift İdarəsinin sabiq direktoru Qüdrət Şükürovun qızı, 400 min manatlıq toyu ilə uzun müddət müzakirə mövzusu olan Aysel Şükürova elə həmin toyda evləndiyi və bir müddət sonra boşandığı Oqtay Əhmədovun həbsini tələb edir.

Bizimyol.info xəbər verir ki, Aysel Şükürova keçmiş həyat yoldaşının Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb olunması, bu maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsi üçün məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb.

1993-cü il təvəllüdlü Aysel Şükürova iddiasında yazıb ki, Oqtay Əhmədov uşaqlara görə aliment ödəmir, sosial şəbəkələrdə onu təhqir edir, ünvanına böhtan xarakterli fikirlər səsləndirir, hədələyir: “O, mənim sosial şəbəkələrdə tanınmış olduğumdan istifadə edərək, mənə böhtan və təhqirlər ünvanlayır, aliment tələb etmək hüququndan istifadə etməyəcəyimi düşünürdü”.

Onun sözlərinə görə, keçmiş həyat yoldaşı onu narkotik istifadəsində günahlandırıb, ünvanına başqa ağır ifadələr səsləndirib: “Mən bir ana olaraq, üzərimə atılan böhtan və təhqirlərə dözə bilmirəm. Nəzərə alınmalıdır ki, 3 oğul övladım var”.

Oqtay Əhmədov və onun vəkili isə iddiaya etiraz edərək, onun icraata götürülməməsini xahiş edib.

Məhkəmə belə nəticəyə gəlib ki, Aysel Şükürova keçmiş həyat yoldaşını ittiham etsə də, onun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməyib. Bu səbəbdən də onun iddiasının icraata götürülməməsi barədə qərar qəbul edilib.

Oqtay Əhmədovla evliliyi Aysel Şükürovanın ikinci nikahı idi.

Qeyd edək ki, Qüdrət Şükürov qızının 400 minlik toyu ilə gündəmə gələndən bir müddət sonra – 2018-ci ildə vəzifəsindən azad edildi.


Geri qayıt