Əsas Səhifə > Ana xəbər / Güney Press > “Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq”

“Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq”


Bu gün, 06:37

“Rusiya Azərbaycanın yürütdüyü müstəqil siyasəti həzm edə bilmir”.

Bu sözləri politoloq Qulamhüseyn Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O, bunun səbəbindən də danışıb:

“Çünki Rusiya keçmiş Sovet respublikalarının onun təsiri altında olmasına çalışır. Rəsmi Moskva hədə-qorxu və ya təxribatlar hər vasitə ilə həmin faəliyyətlə məşğul olur. Azərbaycanla bağlı da həmin siyasət yeridilir. Düzdür, uzun müddət Azərbaycanla bağlı münasibətlər neytral xarakter daşıyırdı.

Amma Zəngəzur dəhlizi ilə bağlı məsələ reallaşdıqca, Rusiya artıq Cənubi Qafqazda öz perspektivlərini görmür. Gürcüstan hakimiyyətinin rusyönümlü olduğu deyilsə də, Rusiyanın Gürcüstanla da münasibətləri yaxşı deyil. Ermənistan da Rusiyanın təsiri altından çıxmağa çalışır. Bu, açıq-aydın görünür. Azərbaycan isə müstəqil siyasət yürüdür”.

Ekspert qeyd edib ki, Kremlin Azərbaycana qarşı hansısa təsir imkanları yoxdur:

“Rusiya hələ də Ermənistanda müəyyən təsir imkanlarını saxlayır. Azərbaycana qarşı isə belə bir rıçağı olmadığı üçün iyrənc təxribatlarla ölkəmizə təsir göstərməyə cəhd edir. Amma Moskva bizi yolumuzdan döndərə bilməz. Hazırda Zəngəzur dəhlizinin açılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Rusiya olmadan da gündəmdədir. Hesab edirəm ki, tezliklə bu məsələlər də həll olunacaq. Nəticədə Rusiya Cənubi Qafqazdan birdəfəlik əl çəkəcək”.

Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Rusiya yaxın perspektivdə anti-Azərbaycan siyasətini dayandırmayacaq:

“Rusiyanın qısa müddət ərzində ölkəmizə qarşı bu təxribatçı addımlarını dayandıracağını zənn etmirəm. Məncə, anti-Azərbaycan siyasəti yürütməyə davam edəcəklər. Çünki bu, birbaşa Rusiyanın vəhşi siyasətindən irəli gələn məsələdir”.


Geri qayıt