Əsas Səhifə > Ana xəbər / Güney Press > Vaşinqtona NƏ İLƏ gedirik...

Vaşinqtona NƏ İLƏ gedirik...


Bu gün, 04:05

Erməni politoloq Suren Surenyants ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh razılaşmasının mümkün nəticələri ilə bağlı mətbuatda çıxış edib.

“Cebheinfo.az”-ın məlumatına görə, erməni ekspert avqustun 8-də Ağ Evdə keçiriləcək üçtərəfli görüşün Cənubi Qafqazdakı proseslərə təsiri, o cümlədən ABŞ, Azərbaycan və Ermənistan üçün yaratdığı geosiyasi dividentləri təqdim edib. Suren Surenyants qeyd edir ki, bu, sülh müqaviləsi deyil, məcburi mexanizmləri olmayan niyyət bəyannaməsidir.

Qeyd edək ki, ABŞ tərəfinin mətbuata açıqlamasında bu sənəd “niyyət məktubu” və “sülh bəyannaməsi” adlandırılmışdı. Mahiyyət etibarı ilə Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı sənəd əsasən tərəflərin yaxın qonşuluq və mehriban dostluq şəraitində dinc yanaşı yaşamaq prinsipini qəbul etdiklərini, bundan sonra sülh danışıqlarını davam etdirəcəklərini və sülhə nail olmaq üçün imzalanmış razılaşmaya sadiq qaldıqlarını özündə əks etdirəcək.

Lakin həmin razılaşma məcburi hüquqi öhdəliklər yaratmadığından, normativ qüvvəyə malik deyil. Bu, daha çox tövsiyə xarakterli sənəd olacaq. Ona görə də Ağ Evdə imzalanacaq “niyyət məktubu” və ya “sülh memorandumu” çərçivə sülh sənədi də hesab edilə bilməz. Sənədi dövlət başçıları imzaladığına görə onun niyyət protokolu olacağı inandırcı görünmür.

Niyyət protokolunu diplomatik qayadalara görə xarici işlər nazirləri imzalayırlar. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsinin imzalanacağı gözlənilir. Bundan öncə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan belə bir razılaşmanı 2022-ci il oktyabrın 6-da Praqada imzalayıb. Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutan bu sənəd Praqa Bəyannaməsi adlanır.

Suren Surenyantsın fikrincə, Tramp üçün bu, “Amerika Qafqaza qayıtdı” kimi başlıqlı seçkiqabağı parlaq PR kampaniyasıdır. Tramp son aylar əsasən xarici siyasətdə məğlubiyyətlərə məruz qalıb və onun Konqresə aralıq seçkiləri öncəsi uğur hekayəsinə ehtiyacı var. Yəni Tramp prezident seçiləcəyi təqdirdə, dünyada müharibələri dayandıracağı və sülhü bərqərar edəcəyinə dair vədlər versə də, yerinə yetirə bilməyib.

Trampın siyasi reytinqinin aşağı düşməsi, xüsusilə də Rusiya Prezidenti Vladimir Putinin qarşısında zəif təsir bağışlamasında onun sülh təşəbbüslərinin nəticə verməməsi mühüm rol oynayıb. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı ABŞ-nin təkliflər paketi Trampın Cənubi Qafqaz strategiyası kimi təqdim olunur. Beləliklə, Ukraynada səyləri nəticəsiz qalan Tramp Rusiya üçün strateji əhəmiyyətə malik olan Cənubi Qafqazı Kremlin geosiyasi təsir dairəsindən çıxartdığına dair rəy yaradır.

Zəngəzur dəhlizi ilə bağlı təkliflər də regionun nəqliyyat-ticarət marşrutlarının ABŞ-nin nəzarətinə keçdiyini nümayiş etdirməyə hesablanıb. Surenyants da hesab edir ki, ABŞ Prezidentinin təklifi daha çox daxili auditoriya ünvanlanmış mesajdır. Yəni Trampın Azərbaycan və Ermənistan arasında sülh yaratması 2026-cı ildə Konqresə keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyası üçün əla təbliğat kampaniyası ola bilər.

Erməni politoloq hesab edir ki, Ağ Evdə imzalanacaq sənəd yalnız Trampa deyil, Nikol Paşinyana PR üçün lazımdır. “Bu, Paşinyan üçün 2026-cı il seçkiləri ərəfəsində daxili təbliğatın can damarıdır. Belə bir sənəd olmadan Paşinyanın hakimiyyəti saxlamaq istəyi legitim olmayacaq”,-deyə Surenyants yazıb. Yəni Paşinyan Trampın təklif etdiyi sənədi imzalamaqla 2026-cı il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində ABŞ-nin siyasi dəstəyini əldə etmiş olar.

Rusiyanın dəstəklədiyi revanşist müxalifətə və kilsəyə qalib gəlmək üçün reytinqi xeyli aşağı düşmüş Paşinyana daha güclü beynəlxalq təminatlar lazımdır. Bu baxımdan, Tramp adminstrasiyasının Cənubi Qafqaz siyasətinin şərtlərini qəbul etmək Paşinyan üçün hakimiyyəti saxlamaqda zəmanət ola bilər. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması, Azərbaycanla sülhün reallaşmasını mümkün edən bir sıra qərarları qəbul etməkdə, məsələn, Ermənistan konstitusiyasına dəyişiklik etmək, işğal altındakı kəndlərin qaytarmaq kimi addımlar atmaqda Paşinyana ABŞ kimi qobal güc kömək edə bilər.

Əks təqdirdə, Ermənistanın Baş naziri seçkilər öncəsi ciddi müqavimətlə üzləşəcək. Suren Surenyants qeyd edir ki, ABŞ-də sənədin imzalanmasından qalib çıxan tərəf Azərbaycan olacaq. Azərbaycan “Dağlıq Qarabağ” məsələsinin bağlanması ilə bağlı beynəlxalq legitimlik alır. Yəni ABŞ-də razılaşmanın imzalanmasından sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini de-yure tanımalı olacaq. Lakin buna nail olmaq üçün Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan preambula hissəsi çıxarılmalıdır. Trampın prosesə müdaxiləsindən sonra Paşinyan konstitusiya referendumuna gedə bilər.

Surenyants Azərbaycanın əldə edəcəyi növbəti dividend kimi Naxçıvanla ünsiyyət üçün yeni imkanların yaranmasını göstərir. Söhbət Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasından gedir. Azərbaycandan-Azərbaycana maneəsiz və təhlükəsiz keçidin təmin olunması reallaşa bilər.

Lakin nəqliyyat-kommunikasiya marşrutlarının təhlükəsizliyini ABŞ-nin və Rusiyanın öz üzərinə götürmək cəhdləri regionda münaqişəyə səbəb olacaq amil kimi dəyərləndirilir. Bu isə Zəngəzur dəhlizinin açılmasını yenidən əngəlləyə bilər. Surenyants Rusiya və İranla qarşıdurmada ABŞ-nin dəstəyini növbəti amil kimi göstərir.

Belə ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə Rusiya və İran Azərbaycana qarşı siyasi təzyiqləri artıra bilər. Ancaq bunu yalnız Azərbaycana deyil, Ermənistana da aid etmək olar. Bu halda ABŞ xarici təzyiqdən müdafiə olunmaqda hər iki tərəfə dəstək verə bilər.

Müşfiq Abdulla
“Cebheinfo.az”


Geri qayıt