Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanın 40 faizi sülh sazişi istəmir

Ermənistanın 40 faizi sülh sazişi istəmir


Dünən, 09:01

Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) 2025-ci il iyunun 16-dan 25-dək keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarının 47 faizi Azərbaycanla sülh müqaviləsinin imzalanmasını tam və ya qismən dəstəkləyir, 40 faizi isə əleyhinədir.

Sülh müqaviləsinin imzalanması ilə bağlı ən yüksək fikir ayrılığı gənclər arasında qeydə alınıb: 18 yaşdan 35 yaşa qədər 48% - əleyhinə, 38% - lehinə. Yaşlı yaş qruplarından olan vətəndaşlar arasında isə əksinə, təşəbbüsə daha çox dəstək var: 56 və daha yuxarı yaşda olan respondentlərin 58%-i sazişin imzalanmasının tərəfdarıdır.

Araşdırma çərçivəsində Ermənistan vətəndaşlarının ölkənin xarici siyasi tərəfdaşları haqqında fikirləri də öyrənilib. Böyük əksəriyyət - 53% - İranı Ermənistanın siyasi tərəfdaşı hesab edir. Ondan sonra Fransa (48%) və Hindistan (43%) gəlir. Respondentlərin 45%-i Rusiyanı siyasi tərəfdaş adlandırıb, 27%-i isə onu siyasi təhlükə hesab edib.

Bütün bunların fonunda görünən odur ki, rəyi soruşulanların 40 faizi Azərbaycanla sülh tərəfdarı deyil. Bu amilin Paşinyan komandasının gələcək siyasi perspektivinə hansı təsirləri ola bilər?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat” qeyd dedi ki, sorğunun nəticələri cəmiyyətin radikal təbliğatın təsirindən hələ də tam azad olmadığını göstərir: “Respondentlərin 40 faizinin Azərbaycanla sülh müqaviləsinə qarşı çıxması, xüsusilə də gənclər arasında bu rəqəmin daha yüksək, 48 faiz olması Ermənistan cəmiyyətində revanşist meyllərin və militarist yanaşmaların qaldığını sübut edir. Bu, təkcə region üçün deyil, həm də Ermənistanın öz gələcəyi üçün ciddi təhlükə siqnalıdır. Yaşlı nəsil arasında sülhə dəstəyin yüksək olması onu göstərir ki, real həyat təcrübəsi və müharibənin fəsadlarını görmüş insanlar daha çox sabitlik və əməkdaşlıq istəyirlər. Təbii ki, hələ də icma təxəyyülündə və kilsənin təsiri altında olan erməni cəmiyyəti üçün regiondakı varlıqlarının əsası sayılan türk düşmənçiliyindən əl çəkmək elə də asan proses deyil. Söhbət onilliklərdir aparılan sistemli və planlı təbliğatdan gedir. Məhz bu səbəbdən bu məqam Paşinyan hakimiyyəti üçün həm şans, həm də ciddi məsuliyyətdir. Ermənistan cəmiyyətində sülhə qarşı olan əhval-ruhiyyənin qorunub saxlanılması Paşinyan hökumətinin sülh gündəliyini reallaşdırmaqda nə qədər qərarlı və ardıcıl olacağına birbaşa təsir göstərir. Əgər Paşinyan və komandası Ermənistanın müstəqil gələcəyini təmin etmək istəyirsə, gənclər arasında sülhü təşviq etməli, təhsil və informasiya siyasətini nifrət və düşmənçilik üzərində deyil, dinc yaşamaq və qonşuluq prinsipləri üzərində qurmalıdır. Əks halda, bu rəqəmlər Ermənistanın beynəlxalq təcridini və inkişafdan daha da geri qalmasını sürətləndirən ciddi amil olacaq”.

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov erməni cəmiyyətinin iki hissəyə bölünməsindən söz açdı: “2025-ci ilin iyun ayında Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Ermənistanda keçirdiyi sosioloji sorğunun nəticələri bu ölkədə sülh müqaviləsi məsələsində cəmiyyətin ciddi şəkildə iki yerə bölündüyünü ortaya qoyur. Ən ilginc nəticələrdən biri gənc nəslin - yəni 18-35 yaş arası respondentlərin - sülhə daha skeptik yanaşmasıdır. Ermənistanda bu yaş qrupunun sülhə qarşı çıxması göstərir ki, ya onlar tarixi travmalardan hələ də tam azad ola bilməyiblər, ya da radikal, revanşist ritorikanın təsirindədirlər. Bunun əsas səbəbi həm də informasiya məkanının qütbləşmiş xarakteri, məktəb və universitetlərdəki siyasi-ideoloji təlqinlər və gənclərin alternativ gələcək baxışlarının zəif olmasıdır.

Əksinə, yaşlı nəsil - xüsusilə 56 yaş və yuxarı olan respondentlərin 58 faizi - sülh sazişinin imzalanmasının tərəfdarıdır. Bu fakt müharibənin real nəticələrini görmüş, iqtisadi və sosial itkiləri birbaşa yaşamış təbəqənin daha rasional düşündüyünü göstərir. Onlar müharibənin Ermənistan üçün necə dağıdıcı nəticələr doğurduğunu başa düşür və Azərbaycanın hərbi, iqtisadi və diplomatik üstünlüyünü real qəbul edirlər.

Paşinyan hökuməti üçün bu vəziyyət həm fürsət, həm də təhdid yaradır. Fürsət ondan ibarətdir ki, ümumi ictimai dəstək nisbətən üstünlük təşkil edir və yaşlı nəsil kimi səsvermə fəallığı yüksək olan qruplar hökumətin arxasındadır. Bu isə seçki dövrlərində önəmli dəstək bazası rolunu oynaya bilər. Eyni zamanda Paşinyan bu nəticələri əsas götürərək beynəlxalq aləmə, xüsusilə də Qərbə, Ermənistanda sülh üçün sosial zəminin formalaşdığını nümayiş etdirə bilər.

Lakin təhdid tərəfi ondan ibarətdir ki, 40 faizlik əleyhdar kütlə - xüsusilə də gənclər arasında olanlar - müxalif siyasi qrupların manipulyasiyasına daha açıqdır. Onlar ictimai etirazları, mitinqləri təşkil edən və hökuməti zəiflətməyə çalışan əsas qüvvəyə çevrilə bilərlər. Hələ 2023-2024-cü illərdə də Ermənistan müxalifətinin küçə etirazları vasitəsilə Paşinyan hökumətini sarsıtmaq cəhdləri olmuşdu. Bu gün sülh müqaviləsinə qarşı olan narazı elektorat həmin prosesləri təkrar gündəmə gətirmək üçün istifadə oluna bilər".

Siyasi şərhçinin sözlərinə görə, Paşinyan hökumətinin gələcək siyasi taleyi birbaşa bu 40 faizlik əleyhdar kütlənin necə yönləndiriləcəyindən asılıdır: “Əgər hökumət bu narazı təbəqəni izah və dialoq yolu ilə inandıra bilərsə, bu, həm daxili sabitlik, həm də regional sülh üçün böyük bir addım olar. Əks halda, Ermənistan daxilindəki qarşıdurmalar sülh prosesini dayandıra və Paşinyan hakimiyyətini daha da zəiflədə bilər. Bu səbəbdən sülh müqaviləsi həm daxili siyasi testdir, həm də regionun gələcəyi üçün bir dönüş nöqtəsidir”.


Geri qayıt