Əsas Səhifə > Ana xəbər / Güney Press > Sülh üçün “dəmir-beton”qarantiya

Sülh üçün “dəmir-beton”qarantiya


Bu gün, 08:51

“Əbu-Dabidə müzakirə etdiyimiz mövzulardan biri tərəflər arasında etimadın aşağı səviyyədə olması idi ki, bu da tamamilə anlaşılandır. Bizə gəldikdə, mövqeyimiz heç vaxt dəyişməyib. 2003-cü ildə "Qarabağ bizim torpağımızdır!" dediyim kimi, bu 22 il ərzində də bunu demişəm və deyirəm. Amma ermənilərin mövqeyi dəyişib. Onun yenidən dəyişməyəcəyi ilə bağlı təminat varmı? Belə bir qarantiya var?.. Mənim belə bir təminatım yoxdur. Beynəlxalq hüququn normaları və Əbu-Dabidə dediyim kimi, separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır".

Bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə səsləndirib. Dövlətimizin başçısı vurğulayıb ki, bunun üçün ATƏT-in Minsk Qrupu ləğv edilməlidir. Prezident bununla əlaqədar belə deyib: “Məntiq sadədir. Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, - Minsk Qrupu isə Qarabağ münaqişəsi üçün yaradılmışdı, - demək, onu ləğv etmək lazımdır. Bunun üçün Ermənistan Konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın. Prinsipcə, dediyim kimi, biz tabutun üzərini dəmir-betonla qapatmaq və bundan sonra normal yaşamaqdan uzaqda deyilik. Mən bunu əvvəlki görüşlərdə də demişəm: siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq. Ancaq belə olan təqdirdə Cənubi Qafqazda az-çox məqbul situasiya tədricən yarana bilər ki, nəhayət, üç ölkə heç olmasa hər hansı əməkdaşlıq imkanlarını müzakirə etməyə başlaya bilsin”.

Deputat Elçin Mirzəbəyli hesab edir ki, Prezidentin forumda səsləndirdiyi fikirlər Cənubi Qafqazın gələcək yol xəritəsini ifadə edir: "Prezidentin "separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır" fikri, həm simvolik, həm də hüquqi-siyasi mənada postmünaqişə dövrünün əsas arxitekturasını müəyyənləşdirir. Prezidentin “ermənilərin mövqeyi dəyişib. Onun yenidən dəyişməyəcəyi ilə bağlı təminat varmı” sualı, həm tarixi təcrübənin diktəsi, həm də Ermənistan tərəfinin uzun illər ərzində ikili standartlar və qeyri-konstruktiv davranışlar sərgiləməsinin nəticəsidir. Azərbaycanla etimadın bərpası üçün yalnız sözlər deyil, sistemli hüquqi və institusional addımların atılması vacibdir. Bunun başlıca yolu kimi Prezident Ermənistan Konstitusiyasının dəyişdirilməsini və müstəqillik bəyannaməsindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını göstərir". Elçin Mirzəbəyli bildirdi ki, Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də ATƏT-in Minsk Qrupunun ləğvinə dair çağırışdır: “Qrupun fəaliyyətinin uzun illər ərzində qeyri-effektiv olduğu, status-kvonun qorunmasına xidmət etdiyi hər kəsə bəllidir. Belə bir şəraitdə, Ermənistan tərəfi əgər doğrudan da münaqişənin başa çatdığını qəbul edirsə, bu qəbildən olan mexanizmlərin siyasi-hüquqi məkanın gündəmindən çıxarılması istiqamətində konkret mövqe nümayiş etdirməlidir. Bu, həm də yeni reallıqların, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpasının Ermənistan tərəfindən, istisnasız olaraq qəbul olunduğunun təsdiqidir. Belə bir yanaşma, Cənubi Qafqazın gələcək siyasi xəritəsində yeni əməkdaşlıq və inteqrasiya imkanlarının açılmasını stimullaşdıra bilər”. Deputat əlavə etdi ki, bütövlükdə, Prezident İlham Əliyevin mesajları, sadəcə, siyasi bəyanatlar kimi deyil, postmünaqişə dövrünün doktrinası kimi qəbul olunmalıdır: “Azərbaycanın regional liderlik mövqeyi, hüquqa əsaslanan siyasəti və strateji dözümlülüyü, Cənubi Qafqazda yeni mərhələnin başlanğıc nöqtəsini müəyyən edir. Ermənistan üçün isə seçim artıq aydındır. Ermənistan ya destruktiv keçmişin yükündən qurtulmalı, ya da özünü gələcəyin inkişaf xəritəsindən təcrid etməlidir”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Tural İsmayılov isə bildirib ki, Prezidentin Şuşa forumundakı çıxışı Azərbaycanın regional siyasətində dönüş nöqtəsi hesab edilə bilər: “Bu çıxışda təkcə mövcud reallıqlar deyil, həm də gələcək geosiyasi planlamaların əsas konturları ortaya qoyulub. İlham Əliyev bir daha sübut etdi ki, Bakı yalnız beynəlxalq hüququ deyil, həm də tarixi və siyasi reallığı əsas götürür. Ermənistan rəhbərliyi zaman-zaman dəyişən və ziddiyyətli ritorikalarla prosesi ya tormozlayır, ya da manipulyasiya edir. Prezidentin "mənim belə bir təminatım yoxdur" ifadəsi Azərbaycan rəhbərliyinin siyasi sadəlövhlükdən uzaq olduğunu göstərir. Bu, həm də tərəflərin bərabər məsuliyyət daşımalı olduğu fikrinin ifadəsidir. Prezidentin diqqətə çatdırdığı əsas məqamlardan biri də “separatçılığın tabutunun dəmir-betonla qapanması” fikridir. Bu, sadəcə, ritorik deyim deyil, Azərbaycanın separatizmə qarşı nə dərəcədə prinsipial mövqe tutduğunun simvolik açıqlamasıdır. Həqiqətən də, artıq 2020-ci ildən sonra Cənubi Qafqazda separatizmin yaşamaq imkanı yoxdur".

T.İsmayılovun sözlərinə görə, Prezidentin ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı çağırışı postmünaqişə dövrünün institusional təmizlənməsi üçün vacib addımdır: “Azərbaycanın münaqişənin bitdiyini elan etməsi ilə Minsk Qrupunun ləğvi arasında məntiqi bağ tam aydındır. Əgər Ermənistan da bu fikirdədirsə, niyə həmin strukturu qoruyub saxlayır? Deməli, hələ də ssenari ehtiyatda saxlanılır. Prezident haqlı olaraq bu mövzunu beynəlxalq auditoriyanın diqqətinə çatdırır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi isə sırf hüquqi texnika deyil, strateji zəmanət vasitəsidir. Əgər sənədlər üzərində ərazi iddiaları qalırsa, hər hansı sülh bəyannaməsi dəyərsizdir. İlham Əliyev bu ziddiyyətin üstünü açaraq sülh prosesinə zərurət qədər realist yanaşma sərgiləyir. "Öz həyatınızı yaşayın, biz də öz həyatımızı" çağırışı həm ayrılıq, həm də əməkdaşlıq mesajı daşıyır. Bu, daha çox “paralel sülh” modelidir - hər kəs öz sərhədləri daxilində sabitlik qursun".

Siyasi ekspert qeyd etdi ki, Prezidentin təqdim etdiyi bu çərçivə Cənubi Qafqazın real barış konsepsiyası ola bilər: “Əgər bu konsepsiya qəbul edilməzsə, gərginliyin yeni mərhələyə keçməsi istisna olunmur. O zaman məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşəcək. Prezidentin ritorikasında konstruktivliklə bərabər ciddi xəbərdarlıq tonları da yer alır. Azərbaycan heç vaxt illüziyalarla danışmır - konkret sənəd, zəmanət və hüquqi əsas tələb edir. Prezidentin ritorikasında "çox danışmayaq, nəticə görək" yanaşması var. Beynəlxalq hüquq çərçivəsində təqdim edilən prinsiplər - sərhədlərin tanınması, qarşılıqlı ərazi bütövlüyünə hörmət və s. - əslində hər iki tərəfin uzunmüddətli sabitliyi üçün yeganə çıxış yoludur. Lakin Ermənistan yenə də bu prinsipləri ya ləngidir, ya da manipulyasiya edir. Prezident İlham Əliyev açıq və səmimi şəkildə bildirir ki, Azərbaycan artıq “müharibə və barış arasında” qərar vermək prosesindən çıxıb. Seçim edilib - sülh yolu ilə, amma konkret şərtlərlə. Əgər bu şərtlər qəbul olunmasa, Azərbaycan digər alternativlərini aktivləşdirəcək. Bu isə heç kəsin marağında deyil". T.İsmayılov vurğuladı ki, Ermənistan bu prosesi anlamasa, yenidən özünü təcrid edəcək: “Ermənistan cəmiyyəti və siyasi elitası anlamalıdır ki, bu, onların sonuncu şansıdır. Cənubi Qafqazın yeni reallığı artıq yazılıb, onu pozmaq istəyənlər siyasi fəsadlara hazır olmalıdır. Azərbaycan öz diplomatik kartlarını oynadı, indi sıra qarşı tərəfdədir. Əgər Ermənistan növbəti dəfə destruktiv yanaşma nümayiş etdirərsə, Bakı beynəlxalq hüquq çərçivəsində öz maraqlarını təmin etməyə davam edəcək. Bu, artıq hərbi müstəviyə keçməsə də, iqtisadi və diplomatik izolyasiya formasında özünü göstərə bilər. Ermənistan bunu gözə alırsa, seçim onundur...”

“Yeni Müsavat”


Geri qayıt