Əsas Səhifə > Ana xəbər / Güney Press > İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb

İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb


Bu gün, 09:49

İranın Ermənistandakı səfiri Mehdi Sübhani ABŞ-ın Zəngəzur koridorunu yüz illik icarəyə götürmək istəməsi haqda bəyanatına münasibət bildirib. İran səfiri deyib ki, Ermənistan hakimiyyəti əmin edir ki, İrəvan Sünikdəki (Zəngəzur -red) yola nəzarəti özündə saxlayacaq. O, həmçinin İranın mövqeyinin dəyişmədiyini və dəhlizin Ermənistanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərməli olduğunu deyib.

ABŞ-ın Zəngəzur dəhlizinə 100 illik nəzarət təklifindən sonra bir müddətdir susqunluğunu qoruyan İran dövlətinin Ermənistandakı səfiri tərəfindən məsələyə yenidən reaksiya verməsi və fəallıq göstərməsi diqqətçəkən məqamdır.

Politoloq Əlimusa İbrahimov Globalinfo.az-a şərhində qeyd edib ki, Amerika Birləşmiş Ştatları tərəfindən Zəngəzur dəhlizinin 100 illik icarəyə götürülməsi məsələsi gündəliyə çıxandan sonra İranın münasibəti ciddi maraq doğurmağa başlayıb:

“Çünki bu vaxta qədər aparılan müzakirələrdə İran birmənalı şəkildə dəhlizin açılmasına qarşı çıxıb və onu İranın “qırmızı xətt” səviyyəsinə qaldırıb. Amerikanın məlum təklifindən sonra Tehran tərəfindən mövzu ilə bağlı açıqlama və bəyanatlar gözlənilirdi. Qeyd olunmalıdır ki, bu cür açıqlamalar hələ də verilməyib. Amma İranın Ermənistandakı səfiri, Azərbaycan əleyhinə mütəmadi bəyanatları ilə gündəmdə olan Mehdi Sübhani nələrsə deməyə çalışıb. Onun dedikləri İranın rəsmi mövqeyini ifadə etməkdən hələ uzaq olsa da, müəyyən işarələr verir. Çünki səfir bu dəfə Zəngəzur dəhlizinin açılmasını İranın “qırmızı xətti” adlandırmır və açılacaq dəhlizin Ermənistanın nəzarəti və yurisdiksiyası altında fəaliyyət göstərəcəyini qabartmağa çalışır”.

Politoloqun sözlərinə görə, belə görünür ki, Zəngəzur dəhlizinin açılmasına, həm də ABŞ-nin nəzarəti altında açılmasına İranın müqavimət gücü artıq qalmayıb:

“Yəni dəhliz açıldığı təqdirdə, İran da bu layihə ilə barışıb ona qoşulmaqdan başqa çıxış yolunu görməyəcək. Deməli, İranın bu vaxta qədər bu dəhlizin açılması ilə bağlı qaldırdığı hay-küy bu layihədə Azərbaycan və Türkiyənin mühüm oyunçu olmaları ilə bağlı imiş. İranda başa düşməlidirlər ki, dəhliz kimin nəzarəti altında açılırsa-açılsın onun ən böyük fayda götürəni elə Azərbaycan və Türkiyə olacaq. İranın isə Azərbaycan və Türkiyənin yanında dəhlizdən istifadə etməkdən başqa yolu olmayacaq. Təbii ki, ABŞ şirkətləri İrana bu işdə “qırmızı kart” göstərməsə”.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Zəngəzurun suverenliyi Ermənistana mənsub olduğu üçün bu məsələdə hər hansı kompromis qərarın qəbul edilməsi Ermənistanın özünün rəyi olmadan həyata keçirilə bilməz:

“Xüsusilə, buranın Amerikanın hər hansı şirkətinin icarəsinə verilməsi, zənnimcə, dövlətin suverenliyinə ziddir və təmamilə qəbuledilməzdir. Amerika bu məsələyə müdaxilə edərsə, bölgədə vəziyyət daha ciddi surətdə qarışacaq və Rusiya ilə münasibətlər daha da gərginləşəcək. Ona görə, Zəngəzur dəhlizi istənilən halda, Ermənistanın suverenliyi nəzərə alınmaqla, Azərbaycan və Ermənistan arasında birgə razılaşma yolu ilə həll edilməlidir”.


Geri qayıt