Əsas Səhifə > Ana xəbər / Güney Press > “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir”

“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir”


Bu gün, 10:40

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü il məzunları hələ də diplom ala bilmirlər.

Gununsesi.info -ya müraciət edən maliyyə ixtisasında təhsil almış və məzun olan tələbələr qeyd ediblər ki, məsələ ciddi probləmlərə gətirib çıxardır:

“Mən UNEC-in Dərbənd filialının məzunu olaraq ciddi narahatlığımı bildirirəm. Diplomlarımız hələ də verilmir və bu məsələ 2 ildən artıqdır ki, ETN tərəfindən həll olunmur. ETN diplom blanklarını universitetə təqdim etmir, buna görə də məzunlar diplomlarını ala bilmir. Biz artıq 1 il 6 ay ali təhsilli əsgər kimi xidmət edirik, amma hərbi hissə yalnız diplomu qəbul etdiyindən ciddi problemlərlə üzləşirik. UNEC arayış versə də, bu arayış yetərli sayılmır.

ETN məsələyə heç bir aydınlıq gətirmir, 2 ildir “araşdırılır” deyirlər, amma konkret heç bir cavab verilmir. ETN məktubunda bildirir ki, biz DİM vasitəsilə deyil, müsabiqədən kənar qəbul olunmuşuq, buna görə diplomlarımız verilməməlidir. Lakin UNEC-in Dərbənd filialı Rusiya Federasiyasının ərazisində yerləşdiyi üçün oranın qəbul qaydalarına əsaslanır və filial Azərbaycan ali təhsil müəssisəsinin rəsmi filialı kimi tanınır. Bu da o deməkdir ki, ETN filialın tələbələrini və diplomlarını tanımalıdır.

DİM imtahanının ölkə daxilində keçərli olduğunu, xarici ölkələrdə isə tətbiq olunmadığını nəzərə alaraq, ETN-in DİM tələb etməsi əsassızdır. Bu, filialın fəaliyyətinə, tələbələrin hüquqlarına və ümumilikdə ali təhsilin inkişafına ciddi zərbə vurur. Həmçinin, filialın yaradılmasında məqsəd Dərbənddəki türkdilli xalqların, soydaşlarımızın təhsilinə dəstək verməkdir və bu ümummilli lider Heydər Əliyevin təşəbbüsüdür”.

Tələbələr vurğulayıb ki, qəbul prosesi Rusiya və digər xarici ölkələrin imtahan qaydalarına uyğun keçirilir və bu qanunidir:

“ETN-in “DİM ilə qəbul olunmamısınız” bəhanəsi əsasında diplomlarımızın verilməməsi qətiyyən ədalətli deyil. Oxşar vəziyyət Moskva Dövlət Universitetinin və digər tanınmış universitetlərin filialları üçün də keçərlidir, orada da qəbul qaydaları ölkəyə uyğun tənzimlənir.

Üstəlik, hər il ETN Dərbənd filialına tələbə qəbulunu təsdiqləyirdi, amma 2025-ci ildə bu təsdiq edilmədi, bu da tələbələrin gələcək təhsil imkanlarını ciddi təhlükə altına qoyur.

Xahiş edirəm, bu məsələ dərhal və şəffaf şəkildə həll olunsun, diplomlarımız verilsin və Dərbənd filialının fəaliyyəti və tələbələrinin hüquqları tanınsın. ETN-in mövqeyi tələbələrin haqlarını pozur və ali təhsil sistemimizin nüfuzuna xələl gətirir”.

Məsələyə münasibət bildirən, təhsil üzrə ekspert Kamran Əsədov vurğulayıb ki, UNEC-in Dərbənd filialında təhsil alan tələbələrin diplom ala bilməməsi həm hüquqi, həm idarəetmə, həm də strateji baxımdan ciddi sistem böhranıdır:

“Söhbət təkcə fərdi hüquq pozuntularından deyil, bütövlükdə ali təhsil sistemində planlaşdırılmamış, qeyri-şəffaf və davamlılığı təmin olunmamış qərarların fəsadlarından gedir. Təhsil alan şəxs əgər qanuni əsaslarla tədris prosesini tamamlayıbsa, tədris planının tələblərini yerinə yetiribsə, onun diplom alma hüququ heç bir halda əsgərlik və ya digər inzibati bəhanələrlə məhdudlaşdırıla bilməz. Bu tələbələrin Dövlət İmtahan Mərkəzi (DİM) yolu ilə deyil, UNEC-in daxili imtahanı ilə qəbul olunması da hüquq baxımından diplomdan məhrum edilmə üçün əsas ola bilməz.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13.2.9-cu maddəsində göstərilir ki, ali təhsil müəssisələri təhsil proqramlarını uğurla başa vuran məzunlara müəyyən edilmiş nümunəyə uyğun ali təhsil haqqında sənəd – diplom verməlidirlər. Burada hərbi xidmətlə bağlı heç bir əlavə şərt nəzərdə tutulmur. Eyni zamanda “Əmək Məcəlləsi”nin 16-cı maddəsində əmək münasibətlərinin yaranması üçün tələb olunan əsas sənədlər sırasında təhsil haqqında sənədin təqdim olunması da xüsusi vurğulanır. Əgər şəxs diplom ala bilmirsə, bu, onun əmək bazarına çıxış imkanlarını hüquqdan kənar yolla məhdudlaşdırmaq deməkdir”.

K. Əsədov qeyd edib ki, UNEC-in Dərbənd filialında təhsil alan tələbələrin diplomlarının verilməməsi yalnız hüquqi pozuntu deyil, eyni zamanda gənclərin gələcək həyatına mənfi təsir göstərən sosial və psixoloji problemdir:

“2023-cü ilin statistik məlumatlarına əsasən, Azərbaycanda hər il 45 mindən artıq tələbə ali təhsilin bakalavr pilləsini başa vurur. Bu tələbələrdən 15-20 faizi dərhal əmək bazarına daxil olmağa çalışır, lakin diplom verilmədikdə onlar nə dövlət qulluğuna, nə magistraturaya, nə də özəl sektorda işə düzələ bilirlər. Üstəlik, bir çox hallarda onlar hərbi xidmətə yollanır və qayıtdıqdan sonra belə diplom almaq üçün aylarla gözləməyə məcbur olurlar.

Dünya təcrübəsində diplomun verilməsi təhsilin başa çatması ilə eyni mərhələdə həyata keçirilir. Misal üçün, Almaniya, Finlandiya, Türkiyə və Estoniya kimi ölkələrdə tələbə bütün akademik öhdəliklərini yerinə yetirdikdən sonra maksimum 1 ay müddətində diplom əldə edir. Diplomun verilməsi hərbi xidmət, vergi borcu və ya digər dövlət öhdəliklərindən asılı edilmir. Əksinə, bəzi ölkələrdə diplomun alınması gəncin əmək bazarına adaptasiyası və gələcək planlarını reallaşdırması üçün əsas vasitə hesab olunur və bu proses dövlət tərəfindən stimullaşdırılır. Azərbaycanda isə xüsusilə UNEC kimi nüfuzlu ali məktəbin xarici filialında təhsil almış şəxslərin diplomlarının verilməməsi, bu təcrübədən tam əks şəkildə geri qalmaq deməkdir.

UNEC-in Dərbənd filialında tələbələrin daxili imtahanla qəbul olunması onların hüquqi statusuna xələl gətirmir. Əgər universitet bu imtahanı təşkil edib, proqramı təsdiq edib və məzunlara diplom vəd edibsə, onda öhdəlik daşıyır. Əgər bu təhsil Nazirlik tərəfindən tanınmırsa, bu zaman UNEC-in özü tələbələrə qarşı hüquqi öhdəlik pozuntusuna yol vermiş sayılır və bu məsuliyyət daşımalıdır. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə aydın mövqe ortaya qoyur, nə də marifləndirici fəaliyyət həyata keçirir. Nazirliyin bu məsələ ilə bağlı konkret izahı, təhlili və ya strategiyası yoxdur. Diplom verilməsinə hərbi xidmət kimi hüquqi əsası olmayan şərtlər qoşulması da Nazirliyin məsuliyyətsiz və planlaşdırılmamış siyasətinin nəticəsidir”.

Ekspert əlavə edib ki, Elm və Təhsil Nazirliyi nə bu istiqamətdə qabaqlayıcı tədbirlər görür, nə ictimaiyyəti məlumatlandırır, nə də ali məktəblərin özbaşına verdiyi qərarları tənzimləyir:

“Nazirliyin nə bu sahədə hüquqi sənədi, nə də tədris proqramlarının akkreditasiyası və tanınması ilə bağlı şəffaf mexanizmi mövcuddur. Bu isə təkcə UNEC deyil, digər ali təhsil müəssisələrinin də gələcəkdə xaricdə və ya regionlarda filial açarkən belə hallar yaratmasına zəmin yaradır. Diplom verilməməsi problemi gələcəkdə daha geniş miqyasda beynəlxalq etimadın və tələbə axınının qarşısını alacaq.

Müsbət hal odur ki, UNEC-in Dərbənd filialı Azərbaycan ali təhsilinin beynəlxalq səviyyədə genişlənməsi baxımından nümunəvi təşəbbüs sayıla bilərdi. Lakin bu təşəbbüsə qanuni tənzimləmə, strateji yanaşma və operativ idarəetmə mexanizmləri əlavə olunmadığı üçün nəticə tələbə hüquqlarının pozulması ilə başa çatır. Bu da göstərir ki, ali təhsil strategiyamızda plan yoxdur, beynəlxalqlaşma siyasətimiz proqnozsuz və reaktiv şəkildə idarə olunur.

Tələbələrin diplom ala bilməməsi, əslində dövlətin sosial siyasətinə, gənclərin gələcək inkişafına və təhsilə inamına böyük zərbə vurur. Belə şəraitdə gənclər əsgərlikdən qayıtdıqdan sonra yeni bir hüquqi mübarizə dövrünə girir, həyat planları təxirə salınır, motivasiyaları itir. Əgər Elm və Təhsil Nazirliyi bu problemin həllində yenə də passiv mövqe tutacaqsa, yaxın zamanda bu məsələ həm beynəlxalq səviyyədə tənqid obyektinə çevriləcək, həm də tələbələrin kütləvi narazılığına səbəb olacaq.

Nazirliyin bu sahədə dərhal hüquqi əsaslandırılmış izahat verməsi, UNEC və digər ali məktəblərin diplom təqdim etmə mexanizmlərinə nəzarət mexanizmi tətbiq etməsi, xaricdəki filialların hüquqi statusunu tam şəkildə təsbit edən sənəd hazırlaması və ictimaiyyətlə paylaşması zəruridir. Əks halda, təhsil sisteminə inam ciddi şəkildə sarsılacaq, bu da orta məktəbdən başlayaraq ali təhsil və əmək bazarına qədər bütün pillələrdə sistemin deqradasiyasına yol açacaq”.


Geri qayıt