Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA?
Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA?Bu gün, 06:31 |
Rəşad Orbey Referans-a maraqlı təkliflə açıqlama verib. Siyasətçi bildirib ki, Azərbaycan və Ermənistan dövləti Zəngəzur dəhlizinə nəzarət üçün birgə Xüsusitəyinatlı Dəhliz Patrul Dəstəsi (XDPD) yaratmalıdır. Zəngəzur dəhlizi açılacaqsa, bu dəhlizə nəzarət, xarici siyasət kursu daim Avroatlantik Məkana inteqrasiya olmuş (AB-yə üzvlüyün bir addımlığındadır) NATO ölkəsi Türkiyənin mənəvi-siyasi, eləcə də texniki dəstəyi ilə yalnız iki ölkənin - Azərbaycan və Ermənistanın xüsusi hazırlanmış, sülhməramlı məktəbi keçmiş Xüsusitəyinatlı Dəhliz Patrulları vasitəsilə həyata keçirilə bilər və məncə, ən doğru yol da budur. Bunu hətta təklif kimi də dəyərləndirmək olar. Mən problemin həllini bu cür görürəm. Hər iki ölkə qarşılıqlı etimad mühiti çərçivəsində birgə regional layihə kimi Xüsusitəyinatlı Dəhliz Patrul Dəstələrinin (XDPD) hazırlanmasına təşəbbüs göstərməli və bu iş başlanmalıdır. Həm Azərbaycanın, həm də Ermənistanın müxtəlif münaqişə zonalarında sülhməramlı missiya praktikası və təcrübəsi olub və indi də var. Müsahibimiz onu da qeyd edib ki, bu təcrübəni mənəvi-texniki mübadiləyə qədər inkişaf etdirib, ölkələrimiz arasındakı problemlərin həllində də istifadə etmək mümkündür. Gərək olarsa, zamanla başqa bir Cənubi Qafqaz ölkəsi - azərbaycanlılarla ermənilərin əsrlərdir mehriban xalqlar kimi birgə yaşamaq problemi olmayan, unikal birgəyaşayış nümunəsini canlı-canlı gördüyümüz qonşu Gürcüstan Respublikasının sülhməramlı patrullarını da (əsasən Gürcüstan vətəndaşı olan azərbaycanlılar və ermənilərdən ibarət) prosesə qoşmaq olar. Hətta deyək ki, sabah bu dəhlizdə hər hansısa bir mübahisəli vəziyyət yaranır, bu zaman belə, hansısa böhran yenə qarşılıqlı anlaşma şəraitində yalnız iki dövlətin rəhbərliyi səviyyəsində çözülməlidir. Biz dünyaya göstərməliyik ki, mədəni xalqlarıq və bu mədəniyyət bizə problemlərimizi üçüncü, dördüncü, beşinci tərəflər olmadan həll ətmək zəmini yaradır. Mirzə Rəşad Orbey onu da diqqətə çatdırıb ki, qafqazlılar, ələlxüsus da qafqazlı kişilər öz məsələlərini özləri həll edib həmişə, bu ənənə ölkələrarası münasibətlərdə də özünü göstərməlidir... "Üçüncü tərəf" məsələsi isə, son 30 ilin tarixi göstərdi ki, bizə yad elementdir. Bu, olsa-olsa iki ölkə arasındakı problemlərin, münaqişələrin, sıxıntıların daimi davam etməsi təəssüratını yaradır, beyinlərin alt qatlarında daim iki ölkə arasında çözülməyən, yaxud iki xalqın çözməyi bacarmadığı nələrinsə qaldığı fikrini, ümidsizliyini, hər iki tərəf üçün pis ovqatı yeni və növbəti nəsillərə ötürür ki, bu da uzunmüddətli sabitliyə, əbədi sülhə və barışa, birgəyaşayışa maneədir. Azərbaycana və Ermənistana "ocağımızı qurdalayan qara maşalar" lazımdırmı? - Məncə, yox! Siyasətçi həmçinin deyib ki, Cənubi Qafqaz Evi azərbaycanlılar, ermənilər və gürcülər üçün sülh, barış, birgəyaşayış, birgə inkişaf üçün vahid platformaya çevrilməlidir. Ən son Abu-Dabi görüşündə dövlət rəsmilərinin bir-biri ilə son dərəcə mehriban əhval-ruhiyyədə əl verib salamlaşdığının, kifayət qədər nikbin ovqatda olduqlarının şahidi olduq. Deməli olurmuş, deməli mümkündür, deməli üz-üzə gəlib danışa, müzakirə edə, həll yolları tapa bilərik, bizi yüz illərdir düşmən edən tərəfləri davranışlarımızla yerində oturda bilərik. Bunu təmsil elədiyimiz dövlətin və xalqın maraqları bizdən tələb edir. Halbuki üçüncü tərəflərin təşkil etdiyi görüş formatlarında hər iki tərəfdən həmişə üzlərdən zəhrimar yağardı, bədən dilindən anlayanlar bilir, rəhbər şəxslərdə həmişə bir narahatlıq sezilirdi. Bəli, yaralarımız dərindir, kövrəkdir, təzədir, amma bacarmalıyıq, Cənubi Qafqaza gerçək sülhü, gerçək barışı, faydalı birgəyaşayışı, daimi sabitliyi və iqtisadi çiçəklənməni, sosial tərəqqini gətirməliyik. Bütün bunlar isə yalnız birgə səylərin nəticəsində mümkün olacaq. Biz bizə yetərik, arxadaş! Geri qayıt |