Əsas Səhifə > Ana xəbər / Güney Press > Əbu-Dabi anlaşmasının ilginc detalları

Əbu-Dabi anlaşmasının ilginc detalları


Bu gün, 08:18

“Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan iyulun 16-da mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında, o cümlədən Ermənistandan Ermənistana Azərbaycan ərazisindən, Azərbaycandan Azərbaycana Ermənistan ərazisindən keçən marşrutların, ikitərəfli ticarətin, Ermənistandan Azərbaycan vasitəsilə üçüncü ölkələrə və Azərbaycandan Ermənistan vasitəsilə beynəlxalq rabitənin və tranzit mübadiləsinin açılmasında maraqlıdır.

“Biz ardıcıl olaraq maraq və hazırlıq nümayiş etdiririk. Bütün danışıqlarımızda aydın şəkildə vurğulanır ki, biz bütün prosesləri yalnız Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində görmüşük, görürük və görəcəyik”, - Paşinyan vurğulayıb.

Nikol Paşinyan dünənki mətbuat konfransında ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə də münasibət bildirib. Paşinyan deyib ki, ölkəsində bir çox autsorsinq (kənar mənbədən istifadə etmək) halları var, onlardan bəziləri qaneedicidir, bəziləri isə yox...

“Məsələn, Zvartnots hava limanının autsorsinqdə idarə edilməsi. Düşünmürəm ki, burada Ermənistanın suverenliyi hansısa şəkildə pozulub. Və ya su təchizatı, Cənubi Qafqaz dəmir yolu və s. Bütün bu müəssisələr Ermənistan Respublikasının mülkiyyəti olaraq qalmaqda davam edir. Yolların açılması kontekstində nə müzakirə edilə bilər? Biz, məsələn, investisiyaları cəlb edəcək hansısa şirkətin yaradılmasından danışa bilərik, çünki "Sülhün kəsişməsi"ndə böyük investisiya potensialı var, lakin biz bu investisiyaları birləşdirə bilməliyik. Biz avtomobil və dəmir yolları haqqında çox danışırıq, amma qeyd etmək istəyirəm ki, bu kontekstdə biz həm də boru kəmərlərindən, elektrik xətlərindən, kabellərdən danışırıq və bu, yaradılmalı və idarə edilməli olan bir təsərrüfatdır. Söhbət bundan gedir və bizim fikrimizcə, bu, Ermənistanın mülkiyyəti ola bilər. İcarə, o cümlədən torpaq sahəsi çox müzakirə olunur və demək istəyirəm ki, bizim qanunlarımıza görə, bu, tikinti hüququ adlanır və tikinti məntiqində müqavilənin müddəti bitdikdən sonra investisiyalar Ermənistan Respublikasının mülkiyyətində qalmağa davam edir", - Paşinyan qeyd edib.

Paşinyan həmçinin kilsə barədə danışıb. Baş nazir “Ermənistan Respublikasını Serj Sarkisyandan azad etdikləri kimi, kilsəni də azad edəcəklərini” bəyan edib.

Bundan əlavə, hökumət başçısı deyib ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin Üçtərəfli işçi qrupu uzun müddətdir fəaliyyət göstərmir. O, buna səbəb kimi məlum olan halları, o cümlədən mətndəki müəyyən uyğunsuzluqları, praktiki problemləri və müəyyən inamsızlığı əsas gətirib. “Bu, reallıqdır”, - Paşinyan əlavə edib.

Onun sözlərinə görə, İrəvan və Bakı sülh sazişinin imzalanmasından əvvəl onu paraflaya bilər. “Bəli, belə bir fikir də var. Bu məsələ müzakirə masasında var”, - Ermənistan lideri mətbuat konfransında qeyd edib. Onu da deyib ki, Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edib. Paşinyan Ruben Vardanyanla bağlı məktubun ABŞ Prezidenti Donald Trampa göndərilməsini rədd etməsinə dair mətbuatda yayılan məlumatlara münasibət bildirməyib.

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına qarşı çıxanlara sərt cavab verib. O, bu tənqidlərə münasibət bildirərkən alternativin nə olduğunu soruşub. “Əgər Ermənistan Türkiyə ilə barışığa getməsə, bəs alternativ nədir?” - deyə Paşinyan mətbuat konfransında bildirib.

Baş nazir əlavə edib ki, münasibətlərin normallaşmasına qarşı çıxan vətəndaşlar nəyə ümid edirlər? Onların gözləntilərinin nə olduğunu anlamadığını deyən Paşinyan sərt ritorika ilə sual edib: “Onlar demək istəyirlər ki, Türkiyə kimi bir ölkə ilə biz müharibə yolunu tutmalıyıq? Ümumiyyətlə, anlayırıqmı nə danışırıq?”

Yeri gəlmişkən, Ermənistanın hakim partiyası “Vətəndaş Müqaviləsi” 12 iyul tarixində Gorusda keçirilən siyasi toplantıda Zəngəzur dəhlizinin verilməsi məsələsini qapalı şəkildə müzakirə edib. Musavat.com xəbər verir ki, bu barədə məlumatı erməni mətbuatı - “Joxovurd” qəzeti partiyadakı mənbələrə istinadən yayıb. Bildirilir ki, toplantı mətbuatsız, tam qapalı rejimdə baş tutub və əsas mövzu Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yolun Sünik ərazisindən keçirilməsi olub.

Mənbələrin sözlərinə görə, görüş zamanı baş nazir Nikol Paşinyanın əhvalı gərgin olub. Partiya üzvlərində belə təəssürat yaranıb ki, Paşinyan Türkiyə, BƏƏ və Belçikaya son səfərlərindən gözlədiyi nəticələri və zəmanətləri ala bilməyib.

Paşinyanın açıqlamalarını şərh edən deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a qeyd etdi ki, əsas məsələ Azərbaycan vətəndaşlarının və yüklərin Naxçıvana təhlükəsiz şəkildə çatdırılmasıdır. Onun sözlərinə görə, bu zaman ərazimizin bir hissəsinin ekslav olması nəzərə alınmalıdır: “Bu istiqamətdə beynəlxalq təcrübə nə deyirsə, Ermənistan onu üzərinə götürməlidir. Ancaq yola nəzarətin kimə verilməsi rəsmi İrəvanın öz məsələsidir. Bizim üçün mühüm olan yüklərin maneəsiz daşınmasıdır”.

Deputat vurğuladı ki, Ermənistan uzun müddət dəhlizin açılması müzakirəsini yaxın buraxmırdı: “İrəvan buna həmişə maneçilik törədib, texniki və nəzəri tərəflərini müzakirə etməyib. Son dövrlərdə isə Ermənistan dərk edir ki, dəhlizin açılması ilk növbədə özünə lazımdır.

Həmçinin onun üçün Türkiyə və Azərbaycana, bütövlükdə dünyaya çıxışdır. Azərbaycan tərəfdən texniki layihələr hazırdır, Ermənistanın da addım atmasını gözləyirik. Ümid edirik ki, İrəvan məntiqlə çıxış edəcək. Bu dəhlizin yaradacağı iqtisadi imkanlar var və Ermənistana daha çox lazımdır. Ermənistan isə bu illər ərzində özünü təcrid vəziyyətə salıb və Zəngəzur dəhlizinin açılması ilə böyük fürsət pəncərəsi açılacaq".


Geri qayıt