Əsas Səhifə > Ana xəbər / Güney Press > Trampın Zəngəzur planı
Trampın Zəngəzur planıDünən, 06:18 |
ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak bəyan edib ki, Vaşinqton Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən Ermənistan ərazisindəki 32 kilometrlik yol dəhlizini 100 il müddətinə icarəyə götürmək təklifi irəli sürüb. O, bu barədə iyulun 12-də Vaşinqtonda keçirilən mətbuat konfransında danışıb. “Azərbaycanla Ermənistan artıq 10 ildir bu 32 kilometrlik yol üstündə mübahisə edirlər. ABŞ gəlir və deyir: çox gözəl, verin onu biz icarəyə götürək, hamınız ondan faydalanın”, - deyə Barak bildirib. Barakın bu açıqlaması Tramp administrasiyasının dəhlizin işlədilməsini Amerika kommersiya operatoruna həvalə etmək niyyətinin ilk rəsmi təsdiqi kimi dəyərləndirilib. Xatırladaq ki, bu barədə məlumatı ilk dəfə “Middle East Eye” nəşrinin Türkiyə üzrə analitiki Raqıp Soylu yayıb. “Middle East Eye” yazıb ki, dəhlizin kommersiya şirkətinə verilməsi ideyası Ankaraya məxsusdur və Ermənistanla Azərbaycan bu təkliflə prinsipcə razıdırlar. Nəşrə danışan mənbələr bildirir ki, Ermənistan dəhlizi idarə edəcək şirkətin Naxçıvan tərəfdə də fəaliyyət göstərməsini tələb edib, lakin Bakı bu şərti qəbuledilməz sayıb. Beləliklə, xəbərə görə, Azərbaycan qarşılıqlı prinsipi, yolların qarşılıqlı şəkildə açılmasını rədd edir, bu isə rəsmi İrəvan üçün əsas tələblərdən biri olub. Ermənistan hökuməti ABŞ səfirinin bu açıqlamasına sərt reaksiya verib. Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, Ermənistan heç bir halda ərazisinin idarəsini və ya suverenliyini üçüncü tərəfə ötürməyəcək. “Ermənistan kommunikasiya dəhlizi məsələlərini yalnız ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində müzakirə edir. Hər hansı başqa yanaşmanı qəbul etmirik”, - deyə Bağdasaryan bildirib. Onun sözlərinə görə, Ermənistan qanunvericiliyində yalnız kənd təsərrüfatı məqsədilə torpaq icarəsi nəzərdə tutulur. Bu isə Barakın təklif etdiyi dəhliz icarəsini qeyri-mümkün edir. Jurnalistin “bəlkə söhbət idarəetmənin üçüncü tərəfə verilməsindən gedir” sualına cavabında isə Bağdasaryan bir daha İrəvanın ərazi üzərində heç bir idarəetmə və nəzarəti bölüşməyəcəyini vurğulayıb: “Heç bir halda Ermənistan Respublikasının ərazisinin istənilən hissəsi ölkənin yurisdiksiyasından və suverenliyindən kənarda ola bilməz”. Qeyd edək ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı iyunun 10-da Əbu-Dabidə ilk dəfə Azərbaycan və Ermənistan rəhbərliyi arasında ikitərəfli qaydada müzakirələr aparılıb. Bu məsələ Bakı və İrəvanın razılığı ilə sülh danışıqları layihəsindən çıxarılaraq ayrıca müzakirə predmetidir. Ermənistan artıq Bakının təklifləri üzrə 17 bəndlik sülh razılaşmasına razılıq verib, tərəflər indi razılaşmaya imza atmaq üçün əlavə şərtləri müzakirə edirlər. Söhbət Bakının Konstitusiya dəyişikliyi, Minsk Qrupunun buraxılması və Avropa müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədlərindən çıxarılması ilə bağlı tələblərindən gedir. Əbu-Dabidə 5 saatlıq müzakirələr konstruktiv keçib, tərəflər həm bu, həm də Zəngəzur dəhlizinin açılması şərtləri ilə bağlı danışıqları davam etdirmək barədə razılığa gəliblər. Rusiya isə özünün iştirak olmadan davam edən ikitərəfli prosesə neqativ yanaşır. Xüsusi ilə Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələrdən kənarda qalması ilə razılaşmır. Əbu-Dabi görüşündən sonra Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin 10 noyabr 2020, 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalarını xatırladaraq, prosesdə Rusiyanın iştirakının vacibliyinə diqqət çəkib. Bakıdan və İrəvandan bu açıqlamaya reaksiya gəlməyib. Eləcə də Kreml və XİN hələlik ABŞ-nin Zəngəzur dəhlizini icarəyə götürməklə bağlı təklifinə rəısmi reaksiya verməyib. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin isə RTV-yə açıqlamasında deyib ki, ABŞ-nin Türkiyədəki səfiri Tomas Barakın nəqliyyat dəhlizini 100 il müddətinə icarəyə götürməyə hazır olduğu barədə sözləri blef yox, real plan ola bilər. Zatulin Zəngəzur dəhlizi məsələsinin ümumilikdə Azərbaycan-Ermənistan nizamlanması prosesinin tərkib hissəsi olaraq, Rusiyanın nəzarətindən çıxdığını etiraf edib. Zatulin qeyd edib ki, Amerika səfirinin bu açıqlaması təsadüfi deyil və böyük ehtimalla “bunun arxasında hazırkı Ermənistan və Azərbaycan rəhbərliyinin razılığı var”. Kremlin dili ilə danışan Zatulin iddia edib ki, son zamanlar Azərbaycan və Ermənistanla Rusiya arasındakı münasibətlərin kəskinləşməsi Moskvanın günahından deyil, Bakı ilə İrəvanın Rusiyanı regiondan çıxarmaq istəyindən, o cümlədən Zəngəzur məsələsindən kənarda qoymaq planından irəli gəlir: "Hesab edirəm ki, bu, çox real perspektivdir. Və hətta hesab edirəm ki, Rusiya-Ermənistan, eləcə də Rusiya-Azərbaycan münasibətlərində son vaxtlar görünən bütün kəskinləşmələr məhz onunla bağlıdır ki, Azərbaycan və Ermənistan Moskvadan Zəngəzur dəhlizi ilə bağlı heç nə soruşmamaq üçün gərginliyi süni şəkildə yüksəldirlər". Zatulin xatırladıb ki, daha əvvəlki razılaşmalarda dəhlizə Rusiya qoşunlarının və ya Rusiya nümayəndələrinin nəzarət edəcəkləri nəzərdə tutulmuşdu. İndi isə deputatın sözlərinə görə, nə Ermənistanda, nə də Azərbaycanda heç kim bunu istəmir. O, iddia edib ki, hər iki tərəf regiona ABŞ-nin gəlməsində maraqldır: "Ona görə də qəsdən elə bir vəziyyət yaradılır ki, münasibətlərin soyuması səbəbindən bu məsələdə Rusiya yox, amerikalılarla danışıqlar aparmaq rahat olsun. Düşünürəm ki, ABŞ-nin Türkiyədəki səfiri əslində razılaşdırılanları deyib”. Siyasi təhlilçi Rauf Mirəqdirov Pressklub.az-a deyib ki, Trampın Azərbaycan-Ermənistan nizamlanma prosesi haqqında dediklərini ciddiyə almaq doğru deyil. Ekspert vurğulayır ki, onun sülh prosesindəki uğurları öz adına yazması ironiya doğurur: “Çünki Tramp administrasiyası Cənubi Qafqaza ümumiyyətlə diqqət yetirməyib. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, sülh danışıqlarının indiki çərçivədə aparılması, hazırki parametrlərlə razılaşdırılması Tramp hakimiyyətə gələnə qədər baş vermişdi. Burada Avropa Birliyinin rolu ABŞ-dən daha çoxdur. Onların sülh sazişinin imzalanması ilə bağlı daha dolğun, gerçək təklifləri vardı”. Rauf Mirəqdirov deyir ki, Trampın Zəngəzur nəqliyyat dəhlizinin 100 illik icarəyə götürülməsi ilə bağlı təklifini də ciddi qəbul etmək mümkün deyil: “O da Putin kimi bir xəstəliyə yoluxub, Amerikanın böyüməsini yalnız yeni ərazilərin əldə olunmasında görür. Tramp belə məsələlərdə özünü şoumen kimi aparır. Əlbəttə, demək istəməzdim ki, Azərbaycan və Ermənistan arasında gedən danışıqların mahiyyətindən ABŞ Prezidentinin xəbəri yoxdur. Əlbəttə, ona köməkçiləri məlumat verməliydilər ki, söhbət icarədən deyil, nəqliyyat dəhlizində təhlükəsizliyə Qərb şirkətinin nəzarət etməsindən gedir. Bu, ABŞ şirkəti olmaya da bilər. Ümumiyyətlə, Trampın öz auditoriyasına oynaması, savadsızlığı, yekəxanalığı əyləşdiyi postu lağ obyektinə çevirib. Bu, təəssüf doğurur. Artıq Ermənistan bu məsələyə münasibət bildirib və təklifi rədd edib. Məsələnin Azərbaycana dəxli olmadığna görə Bakı reaksiya verməyib”. Pressklub.az Geri qayıt |