Əsas Səhifə > Ana xəbər / Güney Press > “FSB”nin Bakıda kəsilən “qolu”

“FSB”nin Bakıda kəsilən “qolu”


Bu gün, 08:25

Xəbər verdiyimiz kimi, Azərbaycan Mətbuat Şurası “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının saxlanılması ilə bağlı yayılan fikirlərə cavab olaraq beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, son illər Rusiya Federasiyası xarici siyasətdə təsir aləti kimi mediadan daha fəal istifadə edir və bu istiqamətdə aparılan fəaliyyətlər suveren dövlətlərin daxili işlərinə müdaxilə, ictimai institutların fəaliyyətinin pozulması və siyasi sabitliyin təhdid olunması ilə nəticələnir.

Xüsusilə qeyd olunur ki, bu praktika “Sputnik” agentliyinin fəaliyyəti üzərindən özünü daha qabarıq şəkildə göstərir. Bəyanatda həmçinin deyilir ki, “Sputnik Azərbaycan”a əvvəllər bir neçə il Rusiya xüsusi xidmət orqanlarının karyera zabiti, Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx bağlı olan Vitali Denisov rəhbərlik edib.

Müraciətdə o da qeyd edilib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX -"FSB") filialından başqa bir şey olmayan “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının saxlanılması ilə bağlı yaranmış vəziyyətdə beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları, ilk növbədə Rusiya Jurnalistlər İttifaqının təmsil etdiyi guya müstəqil jurnalist təşkilatlarının xüsusi xidmət orqanları ilə əlaqəsi, onların siyasi təsir və informasiya manipulyasiyası vasitəsinə çevrildiyi barədə düşünməlidir.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan informasiya müharibəsinə hazırdır və adekvat cavab vermək iqtidarındadır. İH üzvü qeyd edib ki, Azərbaycan dövləti bu məsələdə tamamilə qanun çərçivəsində hərəkət edib. Onun fikrincə, Azərbaycan ərazisində fəaliyyət göstərən istənilən şəxs - jurnalist və ya hər hansı digər sahənin nümayəndəsi - ölkənin suveren qanunlarına əməl etməli və milli təhlükəsizlik maraqlarına hörmətlə yanaşmalıdır.

Rusiyanın Azərbaycana qarşı uzun illərdir apardığı informasiya müharibədə daha hansı addımlar atıla bilər? Bu hibrid savaş son həbslərlə başa çatmış sayıla bilərmi, yoxsa hələ də təhlükələr qalır? Çünki Rusiya Telegram kanalları dezinformasiya yaymaqda davam edirlər.

Mətbuat Şurası sədrinin müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu mövzunu “Yeni Müsavat” üçün şərh etdi. Müsahibimiz bildirdi ki, Rusiyanın Azərbaycana qarşı uzun illərdir apardığı informasiya müharibəsi klassik hibrid savaş nümunəsidir və burada əsas məqsəd ictimai rəyi manipulyasiya etmək, cəmiyyət daxilində parçalanma yaratmaq və Azərbaycanı müəyyən şərtlərə məcbur etməkdir:

“Vurğulamalıyıq ki, rusiyayönlü Telegram kanallarında, bəzi internet saytlarında və sosial şəbəkə platformalarında davamlı olaraq Azərbaycan hakimiyyətinə qarşı inamsızlıq yaratmaq, Ermənistanla sülh prosesinə kölgə salmaq, Qarabağ məsələsini təhrif etmək, Azərbaycanda dini və etnik qruplar arasında qarşıdurma toxumu səpmək məqsədi güdən yalan xəbərlər yayılır. Bu, tipik hibrid müharibə taktikasıdır. Məqsəd yalnız informasiya ötürmək deyil, emosiyalara təsir edərək davranışları və düşüncə tərzini dəyişməkdir. Bu şəbəkənin bir hissəsinin zərərsizləşdirilməsi informasiya təhlükəsizliyi baxımından ciddi məqamdır. Lakin unutmayaq, Rusiyanın informasiya müharibəsi taktika dəyişdirərək davam edir. Fiziki təxribatçılar ifşa edilsə də, onların yerini indi rəqəmsal manipulyatorlar və alqoritm üzərindən işləyən strukturlaşdırılmış dezinformasiya maşını tutur. Bu baxımdan, ümumiyyətlə, informasiya təhlükəsizliyi yalnız hüquq-mühafizə deyil, dövlət-mətbuat-cəmiyyət üçbucağında aparılan uzunmüddətli bir mübarizədir. Və bu mübarizədə ziyalı, mütəxəssis olaraq bizim hər birimiz öz töhfəmizi verməliyik”.


Geri qayıt