Əsas Səhifə > Ana xəbər / Güney Press > Rus dilində tədris buna görə ləğv olunacaq
Rus dilində tədris buna görə ləğv olunacaqBu gün, 05:16 |
"Tədrisi rus dilində aparılan fənlərə uyğun olaraq müəllimlərin çatışmazlığı müşahidə olunur. Bəli, bu ümumi problemdir. Düşünürəm ki, bu problem rus dilində tədrisin getdikcə azalmasına təsir göstərə bilər. Çünki istər-istəməz pedaqoji ixtisaslara təhsili rus dilində seçənlərin sayı illərlə azalmağa doğru getməkdədir". Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev rus dili tədris edən müəllimlərin sayında çatışmazlıq olduğundan danışarkən bildirdi. "Bunun əsas səbəbi beynəlxalq dillərin, ingilis dili, Çin dili, fransız və alman dillərinin rus dilini sıxışdırmağa başlamasıdır. Artıq həmin kadrlarda belə bir düşüncə formalaşır: "Əgər mən gələcəkdə tədrisi rus dilində aparılan biologiya müəllimi olsam və rus bölməsinə olan tələbat azalsa, rus bölməsi bağlansa, mən işsiz qalacam." Məhz bu düşüncəni nəzərə alaraq, pedaqoji istiqamətlərə yönələnlərin əksəriyyəti başqa sahələrə meyillənmək istəyirlər. Mən hesab edirəm ki, bunun ən böyük təsiri məhz buradan qaynaqlanır. Çünki abituriyent bizim yanımıza gəldiyi təqdirdə, o rus bölməsi üzrə oxuyursa və biz ona pedaqoji fəaliyyət təklif etdikdə, həmin abituriyent belə bir sual verir: "Əgər mən gələcəkdə riyaziyyatdan rus dilli müəllim olsam, rus bölməsi bağlanarsa, mən nə iş görəcəm?" O zaman həmin tələbəyə açıqlayıcı, təkmilləşdirici cavab vermək çətin olur. Çünki bu, artıq zamanın tələbidir", - deyə o vurğuladı. R.Nurəliyevin sözlərinə görə, getdikcə istər-istəməz rus bölməsinə olan maraq azalır: "Çünki digər beynəlxalq dillər rus dilini sıxışdırmağa başlayıb. Məhz bu təsirin nəticəsi olaraq, abituriyentlər pedaqoji ixtisasları seçmək istəmirlər. Bu istəksizlik artdıqca, pedaqoji kadrların çatışmazlığı yaranır. Bu isə gələcəkdə, 10 il içərisində daha da dərinləşərək ciddi bir problemə çevrilə bilər". Geri qayıt |