Əsas Səhifə > Ana xəbər / Güney Press > 7 il əvvəl anons verilmişdi
7 il əvvəl anons verilmişdiBu gün, 07:21 |
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin yeni konstitusiyaya ehtiyac duyduğunu bildirib. O, bu təşəbbüsü erməni xalqının öz dövlətini və həyat tərzini müəyyən etmək istəyi ilə əsaslandırıb. Paşinyanın təklifi fonunda Azərbaycanla danışıqların mümkünlüyü müzakirə mövzusuna çevrilib. Nikolun bu təklifi Azərbaycan-Ermənistan münasibətlərinə, xüsusən də sülh prosesinə hansı potensial təsirləri yarada bilər? İki ölkə arasında nə kimi danışıqlar gedir, pərdəarxasında hansısa razılıq əldə olunubmu? Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, Paşinyan 2018-ci ildən, yəni hakimiyyətə gəldiyi dövrdən etibarən, Ermənistanın yeni konstitusiyaya ehtiyacı olduğunu deyir: “Əvvəlcə konstitusiyaya yalnız əlavə və düzəlişlərin edilməsi nəzərdə tutulsa da, daha sonra fikrini dəqiqləşdirdi. O bildirdi ki, tamamilə yeniləşmiş Ermənistan üçün yeni bir konstitusiya lazımdır. Bu, həm də Bakının tələblərindən biridir. Sülh müqaviləsinin imzalanması ilə bağlı ki mühüm şərtimiz hələ də yerinə yetirilməyib. Birincisi, rəsmi Bakı sual edir ki, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları qaldığı halda, necə sülh müqaviləsi imzalaya bilərik? Bu məsələnin müsbət həlli olmadan, sözügedən bəndi aradan qaldırmadan sülh danışıqları mümkün deyil. Eyni zamanda, Ermənistan və Azərbaycan arasındakı münaqişəni tənzimləmək üçün yaradılan Minsk qrupuna artıq ehtiyac yoxdur. Çünki münaqişə başa çatıb və belə bir şəraitdə onun rolu da sıradan çıxır. İrəvan bu istiqamətdə konkret addımlar atmalıdır”. Millət vəkili qeyd edib ki, Paşinyanın ilk Türkiyə səfəri, orada Prezident Rəcəp Tayyip Ərdoğanla görüşməsi, ardınca səsləndirdiyi bəyanatlar bəzi məsələləri gündəmə gətirib: “Paşinyan çox yaxşı başa düşür ki, Azərbaycanla sülh müqaviləsi olmadan Ermənistanın gələcəyi təhlükə altındadır. Sülh müqaviləsinin imzalanması üçün isə konstitusiyada dəyişikliklərin edilməsi zəruridir. Artıq bununla bağlı Konstitusiya Komissiyasının yaradıldığı bəyan edilib. Hətta Paşinyana yaxın dairələrin verdiyi məlumata görə, yeni konstitusiyanın hazırlanması üçün təxminən 10 ay vaxt lazımdır. 2026-cı ilin iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək və mümkündür ki, referendum da eyni gündə təşkil olunsun. Nəticədə konstitusiyadakı Azərbaycana qarşı ərazi iddiaları məsələsi aradan qaldırıla bilər. Başqa bir versiyaya görə, Paşinyan 2027-ci ildə referendum keçirilməsi ehtimalını da dilə gətirib. Beləliklə, ən tez 2026-cı ilin 7 iyununda, ən geci 2027-ci ildə bu məsələ həll oluna bilər. Amma Paşinyanın son davranışları göstərir ki, bu müddət daha tez baş verəcək və 2027-ci ilə qalmayacaq. Bu isə sülh müqaviləsinin imzalanması üçün “yaşıl işığ”ın yandırılması deməkdir”. Geri qayıt |