Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda dənizkənarı obyektlərdə mövsüm açılmamış bağlandı: 30–40 minlik arenda küləyə getdi

Bakıda dənizkənarı obyektlərdə mövsüm açılmamış bağlandı: 30–40 minlik arenda küləyə getdi


Dünən, 12:49

Bu yay Bakıda dəniz kənarında yerləşən ictimai iaşə obyektləri üçün gözlənilən qazanc mövsümü başlamadan bitmək üzrədir. Mayın sonlarından etibarən demək olar ki, hər gün əsən sərt küləklər, dənizə gələnləri də, orada fəaliyyət göstərən biznesləri də yay mövsümündən soyudub.

Kommersant.az xəbər verir ki, sahibkarlar faktiki havaya görə ciddi maddi ziyanla qarşılaşır. Türkan sahilində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Seyran Bayramov bildirib ki, “İki ayda 70 min manata yaxın xərcimiz oldu, gəlir yoxdur”.

Şıxov, Dübəndi, Buzovna, Bilgəh və Türkan sahillərində yerləşən bir çox obyekt sahibi bu yay üçün əmlakı 30–40 min manat arenda haqqı ilə icarəyə götürüb. Üstəlik, bu məbləğə kommunal xərclər, avadanlıq, personal maaşı və ilkin quruluş xərcləri əlavə olunur. Amma nəticə – boş masa, boş kassadır.

S.Bayramovun sözlərinə görə, “Hər yay bu sahə az-çox işləyirdi, amma bu il ayda 35 min arenda veririk. Bir ayda cəmi 6–7 gün işləyə bilmişik. Dənizkənarı biznes qazana bilmir, sadəcə yaşayır – o da zərər hesabına.”

Hava şəraiti biznesə zərbə vurur

Küləklər yalnız müştəriləri sahildən uzaqlaşdırmır. Güclü dalğalar, qumlu külək və temperatur dəyişmələri də açıq hava şəraitində fəaliyyət göstərən obyektlərin işini çətinləşdirir. Hər gün əsasən də həftə sonları küləkli olduğuna görə, dənizkənarə ərazilər zərərlə fəaliyyət göstərir.

Mövsümi sahibkarlıq təhlükədədir

Yay mövsümündə dənizkənarı obyekt açmaq illərdir ki, sərfəli sayılırdı. Ancaq bu il yaşanan vəziyyət bu sahəni ciddi risk altına salıb. Əgər hava bu şəkildə davam edərsə, bir çox obyekt mövsüm ortasında fəaliyyətini dayandıracaq. Bu ili zərərlə başa vuran sahibkarların isə gələn il bu sahəyə yenidən investisya qoyacağı sual altındadır.

Qeyd edək ki, fəaliyyəti demək olar ki, sıfıra bərabər olan dənizkənarı iaşə obyektləri icarə müaviləsinə uyğun vergi ödəyir, əməkhaqqı öhdəliklərini yerinə yetirməyə çalışırlar. Bundan başqa icarə müqaviləsinə görə vergi ödəyən sahibkar eyni zamanda əmək haqqına uyğun sosial ödənilər və vergisini də ödəyir.


Geri qayıt