Əsas Səhifə > Ana xəbər / Güney Press > Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir?

Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir?


Dünən, 00:45

Bakı və Moskva arasında analoqu olmayan gərginliyin səngiməməsi bu gün hamını narahat edir. Təbii ki, bu vəziyyət fonunda müxtəlif suallar meydana çıxır.
Hazırkı gərginlik Rusiya Federasiyasında yaşayan, həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı olan çoxsaylı azərbaycanlılar üçün hansı nəticələrə səbəb ola bilər? Onlara qarşı yönələn təxribat xarakterli hücumlar, yaxud guya qanuni əsaslarla ölkədən çıxarılma aksiyaları mümkündürmü? Onlara qarşı iqtisadi təzyiqlər – biznes lisenziyalarının geri alınması, işdən çıxarılma, vəzifələrinin azaldılması və sair bu kimi təqiblər ola bilərmi?

Tanınmış ekspertlər bununla bağlı Pressklub.az saytına öz fikirlərini bildiriblər.

Latviyalı siyasi analitik, filologiya elmləri doktoru, müstəqil jurnalist, ABŞ-ın Milli Demokratiya İnstitutunun keçmiş əməkdaşı Aleks Qriqoryevs qısa cavabı verib: yuxarıda sadalananların hamısı baş verə bilər.

Münaqişənin əsasında rusların və rus dövlətinin bütün xalqlara, xüsusən də keçmiş SSRİ-nin tərkibində olmuş xalqlara yuxarıdan aşağı baxmaq kimi imperial təkəbbürü dayanır. Rusiyanın Ukraynaya qarşı müharibəsi də eyni mahiyyət daşıyır. Əgər onların bu təkəbbürünü nəzərə almasaq, ruslarla əməkdaşlıq etmək, hətta bundan qazanc əldə etmək də mümkündür. Amma onlara arxalanmaq və güvənmək olmaz: onlar satacaq və xəyanət edəcəklər.
Azərbaycanlılar Qarabağ qaytarıldıqdan sonra artıq Rusiyanın bu təhqiramiz təkəbbürünü qəbul etməmək qərarına gəliblər. İndi Moskva “evin sahibinin kim olduğunu” göstərməyə çalışacaq. Və əgər siz azərbaycanlısınızsa, Rusiyada yaşayırsınızsa, sizin orada biznesiniz və əmlakınız varsa, bəlkə də hələ də vaxt varkən onları başqa adlara keçirmək, satmaq və ya oradan köçmək olar.
Azərbaycanda da eyni vəziyyət yaranacaq və ruslar üçün də xoşagəlməz olacaq.
Rusiya Azərbaycana hücum edəcəkmi? İstəyərdi, amma ordusu Ukraynada məşğul olduğu üçün hələlik buna nail ola bilməyəcək. Rusiyadan qorunmağın ən yaxşı yolu isə Ukraynaya kömək etməkdir”, – Qriqoryevs bildirib.

Öz növbəsində siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev bildirib ki, gərginliyin sürətinin azalmamsı fikri ilə tam razı deyil.

Dünən və bu gün məhz onu müşahidə etdim ki, bu məsələ tədricən hər iki ölkənin media gündəmində ən çox müzakirə olunan mövzu olmaqdan çıxır. Maraqlıdır ki, hətta Kremlin təbliğat ruporu olan Solovyov belə, bizim həlak olan soydaşlarımız – Səfərov qardaşlarının bu cür xəsarətləri necə aldığı ilə bağlı sual verdi. Onun sualı həm Rusiyanın hüquq-mühafizə orqanlarına, həm də onların ekspert-tibb işçilərinə ünvanlanmışdı. Təkcə bu fakt onu göstərir ki, nə Rusiya tərəfi, nə də Azərbaycan tərəfi bu gərginliyi daha da artırmasında maraqlı deyillər.
Düşünürəm ki, Rusiya tərəfi “günahkarları” tapacaq. Yəni, bu şəxslərin əslində günahkar olub-olmaması onlar üçün önəmli olmayacaq. Söhbət polis rəhbərliyi, həmin şəxslərin saxlanılmasını, aparılmasını və Yekaterinburq şəhər polis idarəsinə və ya hansısa şöbəyə müşayiət olunmasını təşkil edən hüquq-mühafizə orqanlarının məsul şəxslərindən gedir – bu artıq o qədər də fərq etmir. Çox güman ki, kimsə cəzalandırılacaq”, – hüquqşünas hesab edir.

Rusiyada soydaşlarımıza qarşı hücumların ola biləcəyi ilə bağlı suala cavab verən Fuad Ağayev bildirib ki, belə hallar baş verəndə bu, vətəndaşlıqdan asılı olmur. “Onlar mediada iki-üç günlük total neqativ kampaniyadan sonra artıq hər kəsi vururlar. Bu artıq baş verir. Bunun qarşısı alınmalıdır. Amma Rusiya rəhbərliyi bunu necə edəcək? Bu artıq başqa məsələdir.
Azərbaycanlıların Rusiyadan deportasiyasına gəlincə – bu da mümkün ssenaridir. Onlar müxtəlif bəhanələrlə bizim vətəndaşları deportasiya edə bilərlər. Amma təbii ki, bu deportasiya Rusiya vətəndaşlığı olan azərbaycanlılara şamil oluna bilməz. İqtisadi təzyiq ola bilərmi? Ola bilər, amma məncə bu, çətin məsələdir. Çünki Rusiya iqtisadi baxımdan Azərbaycandan kifayət qədər asılıdır. Eyni zamanda, Rusiya da Azərbaycan üçün üçüncü ən vacib iqtisadi tərəfdaşdır”, – Fuad Ağayev vurğulayıb.


Geri qayıt