Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı

Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı


Bu gün, 09:26

Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı

ABŞ və Avropa İttifaqının (Aİ) Rusiyanı Ermənistan-Azərbaycan normallaşma prosesindən çıxarmaq istəyi regionda təhlükəsizlik təhdidlərini artırır.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz hesab edirik ki, sülh prosesini regional paradiqmada, dostlar dairəsində - Cənubi Qafqaz ölkələrində və qonşu tərəfdaş dövlətlərdə, kənardan destruktiv müdaxilə istisna olmaqla, möhkəmləndirmək vacibdir”, - Rusiya XİN rəhbəri vurğulayıb. Lavrovun sözlərinə görə, Moskva 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında Bakı və İrəvan arasında danışıqların uğurla başa çatması üçün hər iki tərəfin tələb edəcəyi formada və həcmdə tərəfdaşlıq yardımı göstərməyə hazırdır. Bu arada “Carnegie Endowment” nəşri də yazıb ki, ABŞ sülh danışıqlarını canlandıra bilər. İki xarici diplomat nəşrə bildirib ki, dünyada münaqişələrin həlli kursu götürən Donald Tramp administrasiyası artıq Ermənistan və Azərbaycana öz planını irəli sürüb. (Bu barədə “Yeni Müsavat”da ayrıca məqalədə oxuya bilərsiz - red).

Avropa Birliyi də sülh müqaviləsi ilə yaxından maraqlandığını hər fürsətdə bəyan edir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İrəvana son səfərində də bəyan edib ki, Ermənistan və Azərbaycanın davamlı sülh əldə etmək səylərini dəstəkləyirlər. Başı daxili savaşa qarışmış baş nazir Nikol Paşinyan isə sülh sazişini sanki rəfə qaldırmış kimi görünür.

Paşinyan dəfələrlə bildirib ki, o, sülh imzalamağa hazırdır. Eyni zamanda Ermənistan XİN rəhbəri A.Mirzoyan da sülhün imzalanması üçün konkret tarix və yerin müəyyənləşdirilməli olduğunu söyləyib. Amma Azərbaycanın konkret şərtləri var: Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Minsk Qrupundan imtina. Həmçinin Zəngəzur dəhlizinin açılması, qərbi azərbaycanlıların ləyaqətli qayıdışının təmin olunması da tələblər sırasındadır. Ehtimal var ki, Paşinyan Türkiyə lideri ilə görüşündə Bakının şərtlərinə əməl edəcəyini vəd edib, sadəcə, ona parlament seçkilərinədək möhlət verilməsini istəyib. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərə açıqlamasında bildirib ki, yaxın iki həftə ərzində konstitusiya islahatları üzrə şuranın iclası çağırılacaq və ondan sonra geniş ictimai müzakirələr təşkil olunacaq. Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Nazirin sözlərinə görə, yeni əsas qanunun (konstitusiyanın) mətni hələlik hazır deyil. Bu səbəbdən o, indidən detalları açıqlamaqdan imtina edib. Qalyan bildirib ki, şura ilkin mərhələdə əsas prinsipləri müzakirə edəcək. "Bəzi məsələlər üzrə aydınlıq olsa da, digərləri hələ açıq qalır. İctimai müzakirələrin nəticəsində çox şey dəyişə bilər", - deyə nazir əlavə edib. Konstitusiya layihəsinin hazırlanması üçün əvvəlcədən müəyyən edilmiş vaxt dəyişməyib - sənəd gələn ilin yazında hazır olacaq. Jurnalistlərin “Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın saxlanılıb-saxlanılmayacağı” ilə bağlı sualına cavab verən nazir qeyd edib ki, bu məsələyə konstitusiya islahatları şurası qərar verəcək.

Göründüyü kimi, proses gedir. Bəs ekspertlər situasiyanı necə dəyərləndirir?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bir sıra maraqlı məqamlara toxundu: “Cənub Qafqazda sülh prosesinə kənar dövlətlərin və güclərin ən yaxşı dəstəyi o ola bilər ki, prosesə müdaxilə etməsinlər. Əgər bu müdaxilələr dayanarsa, sülh prosesi daha sürətlə gedə bilər. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi adı altında Cənub Qafqazda hər kəs öz təsirini artırmağa, digərlərinin isə sıxışdırıb təsirini azaltmağa çalışır. Qərb Rusiya qarşıdurması bu halda, fikrimcə, Cənubi Qafqazda sülhün möhkəmlənməsinə xidmət etmir. Ermənistan baş nazirinin Türkiyə səfəri isə deyəsən, bütün digər tərəfləri çox narahat edib. Əslində Ermənistan daxilindəki qüvvələrin növbəti fəallaşması da bununla bağlıdır. Əlbəttə ABŞ da, Avropa İttifaqı da, Rusiya da sülhə səmimi töhfə versəydilər, yəqin ki, sülh prosesləri daha sürətlə gedərdi. Amma bütün maraqlı tərəflər Cənubi Qafqazda nüfuz uğrunda mübarizə aparır”. S.Məmmədov qeyd etdi ki, Paşinyan nə daxili müqaviməti qıra bilmir, nə də xarici asılılıqdan qurtula bilmir: “Nəticədə proseslər arzuolunan qədər də sürətlə getmir. Mənim qənaətim budur ki, danışıqlar ikitərəfli formada davam etməlidir. Türkiyə isə danışıqlar və sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası istiqamətində danışıqlar üçün yaxşı platforma rolunu oynaya bilər. Bu istiqamətdə pozitiv tendensiyalar da görünməkdədir. Təəssüf ki, Ermənistana kənar müdaxilələr artmadadır və bu da daxili stabilliyin pozulmasına gətirib. Prosesi çətinləşdirən də budur. Paşinyan daxili müqaviməti qıra bilsə, bu zaman onun xarici təsirlərə qarşı immuniteti də arta bilər. Hələlik biz prosesləri izləməkdəyik. Azərbaycan tərəfindən də heç bir problem yoxdur”.

Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Cənubi Qafqazda sülhün əldə edilməsi artıq geosiyasi çağırışlar müstəvisində aktuallaşıb: “Ermənistan hakimiyyəti sülhü gecikdirməklə, prosesləri öz əleyhinə çevirir. ABŞ da sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bir müddət əvvəl Donald Tramp Afrikada Ruanda ilə Konqo arasında sülh müqaviləsinin bağlanmasında vasitəçi oldu. Məhz Ağ Ev Cənubi Qafqazda iki ölkə arasında sülh müqaviləsinin tezliklə bağlanmasının Avrasiya regionunda geopolitik proseslərə ciddi təsir edəcəyinin fərqindədir. Xüsusilə Rusiya və İrana yaxın regionda sülh müqaviləsində vasitəçi olmaq Tramp üçün önəm kəsb edir”. Ekspert bildirdi ki, Rusiya da proseslərin fərqindədir: “Rusiya ABŞ və Avropa İttifaqının sülh müqaviləsi bağlanmasında dəstəyini qəbul etmir. Bunun regionda təhlükəsizliyi təhdid etdiyini vurğulayır. Halbuki Rusiya özü normal vasitəçiliyindən imtina edərək, öz maraqları naminə prosesə daxil olmağa çalışır. Ermənistan rəhbərliyi bu ilin axırına kimi erməni Apostol kilsəsi və müxalifəti tam neytrallaşdirsa, gələn il sülh müqaviləsi bağlana bilər”. M.Əsədullazadə o halda Zəngəzur dəhlizinin açılmasını da istisna etmir: “Düşünürəm ki, ABŞ-ın təhlükəsizlik nəzarəti təmin olunarsa, dəhliz sülh müqaviləsindən əvvəl də açıla bilər. Bu, mümkündür. Rusiya artıq prosesdən kənarlaşdırılıb. Ermənistan da Rusiyanı prosesə daxil olmağa imkan vermir. ABŞ Prezidenti Tramp iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına vasitəçilik etmək istəyir. Azərbaycan və ABŞ arasında konfedensial danışıqların aparılmasını istisna etmirəm. Şübhə etmirəm ki, Azərbaycan və Ermənistan liderlərinin Dubaydakı görüşü zamanı Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin tezliklə bağlanması müzakirə ediləcək”.

“Yeni Müsavat”


Geri qayıt