Əsas Səhifə > Ana xəbər / Güney Press > Moskva-Bakı xəttində gərginlik və: ağıllarını itrimişlərin hücum çağırışları

Moskva-Bakı xəttində gərginlik və: ağıllarını itrimişlərin hücum çağırışları


Dünən, 17:47

Rusiyanın Sverdlovsk vilayətinin Yekaternburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının azərbaycanlıların yaşadığı evlərə basqanları, onları 2001-ci ildə Yunis Paşayevin ölümü işi işi ilə əlaqədar şübhəli bilərək zorakılıqla saxlaması, vəhşiliklə azərbaycanlıları öldürməsi iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Artıq Rusiya və Azərbaycan tərəfi bir-birinə etiraz notası təqdim edib və qarşılıqlı addımlar atılmaqdadır. Rusiya təbliğat telekanallarında isə Azərbaycan əleyhinə fikirlər səsləndirilir, şovinist bəyanatlar verilir.

Münasibətlərin kəskinləşməsi və bundan sonra iki ölkə arasındakı əlaqələrin səviyyəsi ilə bağlı fikirlərini AYNA.AZ-a müsahibəsində bildirən Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, gərginlik göz qabağındadır:

- Amma bunun təşəbbüskarı Azərbaycan deyil. Hətta AZAL-ın təyyarəsi Rusiya tərəfindən vurulandan sonra da Azərbaycan münasibətləri saxlamışdı. Rusiya rəsmiləri səfərlər etdilər, müəyyən layihələrlə bağlı danışıqlar davam edirdi, mədəni əlaqələr öz yerində idi. Yekaternburqda baş verən son cinayət hadisəsi isə qəbuledilməzdir. Rusiya tərəfi vahimə yaratmaq üçün belə vəhşi əməliyyata əl atdı. Evə basqın, uşaqların, qadınların gözünün qarşısında insanları döyə-döyə saxlamaq hansı qanuna sığır? Bu insanlara əvvəldən hüquq-mühafizə orqanları tərəfindən çağırış edilməyib, hansısa cinayət işi açılmayıb, birdən-birə evə basqın etmək, vəhşiliklər törətmək, insanları öldürmək, işkəncələr verərək saxlamaq və məhkəməyə çıxarmaq heç bir əndazəyə sığmır. Saxlanılan insanlara işkəncələr verildiyi göz önündədir, öldürülən şəxslərin işkəncələrə məruz qoyulması göz qabağındadır. Amma sırtıqcasına deyirlər ki, guya saxlanılarkən yıxılıb xəsarət alıblar. Ölənlər guya ki, xəstəlik səbəbindən ölüblər. Rusiyada belə zorakılığa öyrəşmiş ola bilərlər, amma Azərbaycan heç vaxt bunu qəbul etməyəcək. Azərbaycan bu baxımdan, öz adekvat addımlarını atır və atmalıdır.

Baxmayaraq ki, Rusiya ilə münasibətlərimiz yaxşı idi, az qala müttəfiqlik səviyyəsinə gəlmişdi, amma məsafəni qorumaq lazımdır. Hesab edirəm ki, Rusiyanın bu siyasəti səbəbindən siyasi dialoq məhdudlaşacaq, bir çox layihələr açıq qalacaq. Azərbaycanla Rusiya arasında razılaşdırılmış elə layihələr var ki, icrası uzun müddət və külli miqdarda xərc tələb edir. Rusiya etimadı korlayırsa, o zaman bu layihələrin icrası mümkünsüz olur.

- Rusiya Ukrayna ilə müharibə aparır, Moldova ilə problemi ortadadır, Baltikyanı ilə problemlər digər tərəfdən, Gürcüstanla, Ermənistanla, Mərkəzi Asiya ölkələri ilə ziddiyyətlər mövcudddur. Rusiya ilə münasibətlərdə yeganə loyallıq göstərən Azərbaycan idi ki, Moskva bu münasibətləri də korlayır. Maraqlıdır, Rusiyanın bu siyasətinin arxasında hansı məntiq dayanır?

- Təəssüf ki, Rusiyanın siyasətində şovinizm yüksək faizdədir. Rusiyanın siyasətinin məntiqində dayanan odur ki, bu ölkənin ətrafındakı ya düşməni olmalıdır, ya da vassalı. Moskva cəhd edir ki, hamını, xüsusilə də, keçmiş postsovet məkanını özünün vassalına, əlaltısına çevirsin. Lakin bunu etməyə gücü çatmır. Buna görə də elə addımlar atır ki, sonda özünə düşmən qazanır. Ümumiyyətlə, heç kimin ağlına gəlməzdi ki, Rusiya Ukrayna ilə müharibə edəcək və bu müharibə 3 ildən çox müddətdə davam edəcək. Moskva Cənubi Qafqazda Rusiyanın dayağı sayılan Gürcüstanı özünə düşmən etdi. Rusiya bölgədəki əsas vassalı olan Ermənistanı özündən uzaqlaşdırmaq siyasəti aparmaqdadır. Hesab edirəm ki, bunlar Rusiyanın məhvinə aparır və bu planları Kremldəkilərin özləri həyata keçirirlər.

Rusiyanın atdığı addımlar millətçiliklə bağlıdır. Rusiyada başqa ideologiya yoxdur. Ölkə daxilindəki problemləri o qədərdir ki, onların həllini ideya olaraq götürmək, bu problemləri həll etmək əvəzinə, ağalıq eşqi ilə yaşayırlar. Rusiya siyasi elitasının da, millətin özünün də rasional ideyası yoxdur. Rusiya mediasını izləsəniz, “YouTube” kanallarında gedən müzakirələrə yazılan şərhləri oxusanız görərsiniz ki, şovinist ideyaya Rusiya əhalisinin təxminən yarısı dəstək verir. Bu ideya isə əslində heç bir tərəqqiyə gətirib çıxaran deyil. Əksinə, bu, Rusiya dövlətini parçalanmağa, dağılmağa gətirib çıxaran siyasətdir. Əvvəl-axır bunu anlayacaqlar. Amma bu zaman əlbəttə, gec olacaq. Rusiya özünü uçuruma aparan siyasət həyata keçirir və digər dövlətləri də bu siyasətə cəlb etmək niyyətindədir. Azərbaycan isə Rusiyanın bu siyasətinə alət olmayıb, olmayacaq. Biz hər zaman çalışmışıq ki, Rusiya ilə qarşılıqlı maraqlar əsasında münasibətimizi saxlayaq. Əslində bu münasibətlərin yüksələn xətlə davam etməsində maraqlıyıq. Amma Rusiya bunu qiymətləndirmirsə, atdığı addımların cavabını alacaq.

- Kremlə bağlı media orqanlarında anti-Azərbaycan təbliğatı güclənib. Əvvəllər də belə təbliğat aparılırdı, amma indi daha geniş vüsət alıb. Hətta Bakıya zərbə vurmaq, Azərbaycana hücum etmək kimi təkliflər səsləndirilir. Reallıqda Rusiya bizə qarşı nə edə bilər?

- Heç nə edə bilməz. Azərbaycan Ordusu kifayət qədər güclü və peşəkardır. İstər cənubdan, istərsə də şimaldan soxulmaq istəyən olsun, Azərbaycan Ordusu hər kəsi yerində oturtmaq gücündə və bacarığındadır. Həm silah baxımından, həm ordunun hazırlıq səviyyəsi və təcrübəsinə görə Azərbaycan Ordusu güclüdür. Azərbaycan tanklarının və zirehli texnikasının sayına görə Böyük Britaniyadan üstündür. Söhbət təkcə texnikadan da getmir, o texnikanı idarə edən hərbçilərin peşəkarlığı yüksək səviyyədədir. Azərbaycan Ordusu doğrudan da hər zaman vuruşmağa hazır ordudur. Bizim bir qədər zəif yerimiz hava məkanıdır ki, onu da gücləndirməkdəyik. Pakistandan alınan qırıcılarla hava məkanını tam şəkildə bağlamaq imkanında olacağıq. O da heç kimə sirr deyil ki, Əfqanıstanda əməliyyat zamanı ABŞ-ın texniki yardımları ilə biz bütün hərbi aerodromlarımızı yüksək səviyyəyə çatdırmışıq. Nəhayət, bu gün qardaş Türkiyə ilə birgə hava məkanını idarə etmək üçün mərkəzimiz də hazırdır. Demək istədiyim odur ki, Azərbaycan hərbi cəhətdən hər kəsin cavabını verməyə tam hazırdır. Bunu hər kəs bilir və ağıllarını o qədər itirməyiblər ki, real addımlar atalar. Ona görə də, Rusiyanın Azərbaycana hücumu ilə bağlı çağırışlar mənasızdır və bunun reallıqda həyata keçirilməsi mümkünsüz görünür.

- Bəs Rusiyanın iqtisadi təzyiqləri mümkündürmü? Həmin təbliğatçılar onu da bildirirlər ki, Rusiyadakı azərbaycanlılar qovulsun, Azərbaycanda iqtisadi təlatüm yaransın...

- Orada yaşayan azərbaycanlıların hamısını qova bilməzlər. 600 min azərbaycanlının Rusiya vətəndaşlığı mövcuddur. Təxminən yarım milyola qərəd azərbaycanlı isə Rusiyaya gedir, işləyir, qayıdır. Onların da yarısı qayıda bilər. Amma düşünürəm ki, Azərbaycan onları qəbul etməyə hazırdır. İndi işğaldan azad edilən ərazilərdə bərpa işləri həyata keçirilir. Onlar qayıtsalar, Azərbaycanda onlar üçün iş yerləri də olacaq, qalmaq yerləri də olacaq. Ümumiyyətlə isə Rusiya birdən-birə 500 min insanı qovmaq iqtidarında deyil.

İqtisadi təzyiqlərə gəlincə, Rusiya Azərbaycanın vacib partnyorudur. Amma nəzərə almaq lazımdır ki, Rusiyanın xarici ticarət dövriyyəsindəki payı 7-8 faiz arasındadır. Demək istəyirəm ki, bu, həlledici deyil. Rusiyadan pul köçürmələri Azərbaycan büdcəsinin 1-2 faizi miqdarındadır. Yəni bu da böyük rəqəm deyil. Eyni zamanda, Azərbaycanda elə bir iqtisadi sahə yoxdur ki, Rusiyanın böyük nəzarəti olsun. Təbii ki, Rusiya iqtisadi müharibəyə başlayarsa, biz də itirəcəyik, Rusiya da itirəcək. Amma Azərbaycanı iqtisadi cəhətdən diz çökdürmək üçün Rusiyanın əlində tutarlı rıçaqlar yoxdur. Olsaydı, indi gedib orada işləyən azərbaycanlı miqrantlara ilişməzdilər, bu rıçaqları işə salardılar.

- Rusiyanın addımlarına Azərbaycanın cavab tədbirlərini necə qiymətləndirmək olar?

- Əlbəttə, Azərbaycan Rusiya ilə müharibə etmək niyyətində deyil və heç zaman da olmayıb. Ümumiyyətlə, biz qonşularla normal münasibətlərin, mehriban qonşuluq əlaqələrinin olmasında maraqlıyıq. Amma bu o demək deyil ki, Rusiya Azərbaycanın soydaşını əzəcək, təhqir edəcək, zorakılıq göstərəcək, barmaq silkələyəcək, Azərbaycan da sakitcə bunu seyr edəcək. Azərbaycan görür ki, siyasi dialoqda müəyyən fasiləyə ehtiyac var, bu səbəbdən də öz addımını atır. Məsələn, Rusiyanın mədəniyyət tədbirləri ləğv edildi ki, bu da haqlı addım idi. Bizim orada camaatımızı döysünlər, öldürsünlər, biz də Bakıda onların artistlərinin meymunluqlarına tamaşa etməliyik? “Sputnik Azərbaycan”ın əməkdaşlarının saxlanılması isə başqa məsələdir. Fevral ayından etibarən bu media qurumunun Azərbaycanda fəaliyyəti rəsmən məhdudlaşdırılıb. Buna baxmayaraq onlar gizli şəkildə geniş fəaliyyət göstəriblər ki, hüquq-mühafizə orqanları bunun üzərini açdı və lazımi addımlar atıldı. Həmçinin İrandan narkotika daşıyan cinayətkar dəstə yaxalanıb ki, bu da normal haldır. Cinayət varsa, cəza da olacaq. Qaldı ki, nəqliyyat, iqtisadiyyat əlaqələrini Azərbaycan Rusiya ilə tamamilə kəsmək niyyətində deyil. Bizim də, Rusiyanın da maraqları olan sahələr var, şirkətlər var ki, onlar fəaliyyətlərini davam etdirəcəklər. Sadəcə münasibətlərdə perspektivlərə kölgə düşür. Biri var münasibətlər yüksələn xətlə davam edir, bir də var ki, hansısa layihə indi icra olunmaqdadır, icra olunduqdan sonra davamı olmayacaq.


Geri qayıt