Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi...
Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi...2-07-2025, 07:12 |
"Son dövrlərdə Rusiya-Azərbaycan münasibətlərində yaşanan hadisələr, həmçinin İranın saxta iddiaları heç kimi təəccübləndirməməlidir".
Bu sözləri politoloq Eldar Namazov deyib.
Onun sözlərinə görə, Rusiya və İranı qıcıqlandırmaq, təhrik etmək lazım deyil. Əksinə, onların hesablamalarını yekunlaşdırmağa və doğru nəticəyə gəlmələrinə kömək etmək lazımdır:
"Bu məqsədlə Şuşa Bəyannaməsi əsasında, onun məntiqi davamı kimi, qısa müddətdə Azərbaycanda regionun ən böyük Türkiyə hərbi bazasının yerləşdirilməsi qərarı verilməlidir. Ən anlamayan qonşular üçün isə bu bazanın bir hissəsini 250 milyonluq əhaliyə və nüvə silahına malik digər müttəfiqimiz – Pakistan Hərbi Hava Qüvvələrinə icarəyə vermək kifayət edər. E.Namazov əlavə edib ki, bu, politologiyada "güc yolu ilə sülh" adlanır: "Sadə dildə desək – Moskva və Tehranın Azərbaycanla bağlı planlarına “unut!” deməyin vaxtıdır".
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, Rusiya və İran kimi region güclərinin təsir dairəsi genişləndikcə, Türkiyə ilə hərbi ittifaq, hətta Türkiyə bazalarının Azərbaycanda yerləşməsi təhlükəsizlik zəmanəti kimi dəyərləndirilə bilər. Ekspertin sözlərinə görə, NATO üzvü olan Türkiyənin hərbi gücü, Azərbaycanı bölgədə daha çevik və güclü edə bilər:
"Bir millət, iki dövlət" anlayışı təkcə siyasi şüar deyil, real bir milli ruhdur. Ortaq dil, tarix, mədəniyyət və dini bağlar bu birliyi daha da gücləndirir. Türk dövlətləri arasında liderlik baxımından Azərbaycan-Türkiyə oxu mühüm mərkəz rolunu oynaya bilər. Bu ideya hələlik rəsmi səviyyədə masada olmasa da, gələcəkdə daha sıx inteqrasiya (ortaq müdafiə, xarici siyasət, iqtisadiyyat) üçün zəmin yarada bilər".
S.Əsədli vurğulayıb ki, Rusiya, İran və hətta Qərb dövlətləri bu cür yaxınlaşmanı öz maraqlarına zidd saya bilər:
"Bu isə diplomatik və iqtisadi təzyiqlərlə nəticələnə bilər. Ermənistan və İranın cavab addımları, regionda gərginliyi artırar. Azərbaycan-Türkiyə birliyi istər hərbi, istər iqtisadi, istərsə də siyasi baxımdan Cənubi Qafqazda sabitlik və Türk dünyasının güclənməsi üçün həyati əhəmiyyət daşıyır. Bu birliyin dərinləşməsi, təbliğatla deyil, ağıllı strateji planlarla, daxili həmrəylik və xalq iradəsi ilə mümkündür. Qarşıda dayanan çağırışlara baxmayaraq, bu yolda əzmlə irəliləmək lazımdır".
Geri qayıt |