Əsas Səhifə > Ana xəbər / Güney Press > “Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…”

“Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…”


Dünən, 06:34

Siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu son günlər Rusiyada azərbaycanlıların qətlə yetirilməsi və ümumiyyətlə, həmvətənlərimizə münasibətin kəskin dəyişməsi və bunun iki ölkə arasındakı münasibətləri yetərincə gərginləşdirməsi ilə bağlı Moderator.az-a verdiui açıqlamasında qeyd etdi ki, Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisənin səbəbləri hələ də tam olaraq bəlli deyil. Ekspertin sözlərinə görə, indiyə qədər yalnız qətliamın bəzi detalları məlumdur, amma deyilənlərin nə qədər doğru olduğu hələ də dəqiqləşməyib. Azərbaycan tərəfi və ya hadisə ilə əlaqəli olan şəxslərin verdiyi məlumatlar əsasında bəzi təfərrüatlar üzə çıxıb, amma Rusiya tərəfi bu məsələyə tamamilə başqa cür yanaşır.

Rusiya hadisələrdə “FSB”-nin rolunu danır…
Ərəstun Oruclu vurğuladı ki, Azərbaycan tərəfi bu məsələdə Federal Təhlükəsizlik Xidmətinin (“FSB”) rolunu önə çıxarır. Lakin Rusiya tərəfi bu təşkilatın adını heç bir açıqlamada çəkmir və yalnız polis və istintaq komitəsinin adı keçir. Oruclu, Rusiyanın verdiyi açıqlamaları, xüsusilə də "yaşlı adamın ürək tutmasından vəfat etməsi" kimi izahları inandırıcı hesab etmədiyini bildirdi. Ekspert, hadisənin məqsədli qətl olması və ya işgəncə nəticəsində baş verməsi məsələsinin hələ də aydınlaşdırılmadığını qeyd etdi…
Cinayətə reaksiyanın siyasi xarakter daşıması…
Ekspertin sözlərinə görə, Azərbaycanda bu cinayətə dair cəmiyyətin reaksiyası əsasən siyasi xarakter daşıyır. Bəzi mülahizələrə görə, bu hadisə siyasi məqsədlər üçün istifadə edilə bilər. Dövlət televiziyasının, xüsusilə, "Vladimir Putinin - Rusiya prezidentinin bu cinayətin sifarişçisi olduğu" yönündəki təqdimatını Ərəstun Oruclu siyasi məqsədlərlə əlaqələndirdi. Ekspert, bu hadisənin həm də daxili siyasi gündəm yaratmaq məqsədi güddüyünü düşündüyünü əlavə etdi.
Vətənpərvərlik hissiyatı və daxili siyasi gündəm…
Ərəstun Oruclu qeyd etdi ki, Azərbaycanın son dövrlərdə vətənpərvərlik əhval-ruhiyyəsini yüksəltmək istiqamətində atdığı addımlar təsadüfi deyil. “Yaxın zamanlarda bizi yeni bizi sürpriz xəbərlər və ya hadisələr gözləyə bilər. Bunların konkret nələr olacağını demək çətindir”,- ekspert vurğuladı. Ekspertin fikrincə, bu hadisələrin və reaksiyaların arxasında hələ məlum olmayan səbəblər durur…
Azərbaycanın reaksiyalarının dərin səbəbləri…
Oruclu diqqətə çatdırdı ki, indiyədək Rusiyada oxşar hadisələr dəfələrlə baş verib, amma Azərbaycan hökumətinin və cəmiyyətinin bu cür güclü reaksiyası heç vaxt görülməmişdi. Ekspert, bu reaksiyaların arxasında dərin və ciddi bir səbəb olduğunu düşündüyünü bildirib. O, Rusiya tərəfinin bu ittihamlarla bağlı kəskin cavablar verməsinin, məsələnin daha da mürəkkəbləşəcəyinin göstərdiyini qeyd etdi…
Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi…
Ekspert, bundan sonra Rusiya tərəfindən Azərbaycana qarşı hər hansı ciddo bir addım atılacağı ehtimalının çox az olduğunu bildirdi. Oruclu, Rusiyanın bu tip məsələlərdə öz yolunu seçdiyini və Azərbaycan tərəfinin istəklərinə uyğun addımlar atmağı qəbul etməyəcəyini vurğuladı. Onun sözlərinə görə, Rusiya bu mövzuda ciddi reaksiyalar verərsə, bu, məsələnin daha da gərginləşməsinə səbəb ola bilər, amma konkret nəticələrin olacağına inanmadığını bildirdi.
Azərbaycanın sərt mövqeyi və Rusiya ilə münasibətlər…
Ekspert Azərbaycanın Rusiya ilə bu məsələdə çox sərt bir mövqe tutmasının konkret nəticələrə gətirib çıxarmayacağını düşündüyünü bildirdi. Rusiya bu məsələdə daha sərt yanaşmalara meyillidir və hər hansı bir təzyiqə məhəl qoymaya bilər. Oruclu Azərbaycan hökumətinin təbliğat kampaniyasının müvəffəqiyyətli ola biləcəyini, amma bunun konkret nəticə doğurmayacağını qeyd etdi…
Nəticə və gözləntilər…
Son olaraq, Oruclu, Yekaterinburqdakı hadisə və bununla bağlı qarşılıqlı ittihamlar fonunda Azərbaycanla Rusiya arasındakı münasibətlərin gərginləşdiyini bildirdi. Lakin o, hər iki tərəfin ciddi addımlar atmaması səbəbilə vəziyyətin daha da mürəkkəbləşməyəcəyini düşündüyünü əlavə etdi. Oruclu Rusiyanın törətdiyi məlum təyyarə faciəsindən sonra Azərbaycanda rus məktəblərinin bağlanması təhdidindən danışdı. Eyni zamanda vaxtilə Bakıda “Rus evi”nin bağlanması məsələsinin müəyyən bir təzyiq göstəricisi olmasına baxmayaraq, onun qısa müddət sonra yenidən açıldığını qeyd etdi. Nəticədə, ekspertin fikrincə, bu hadisənin və buna bağlı addımların çox böyük nəticələr doğurmayacağı ehtimalı yüksəkdir…

Geri qayıt