Əsas Səhifə > Ana xəbər / Güney Press > Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz!
Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz!Bu gün, 11:11 |
Bir neçə gündür ki, sosial şəbəkədə bir qrup tanınmış rejissorlar tərəfindən İctimai Televiziyanın rəhbərliyi Balaş Qasımova qarşı açıq və sərt tənqidlər sezilir. Səbəb isə rejissorların təqdim etdiklərin layihələrin qəbul olunmaması, onlara vəsait ayrılmaması kimi məsələlərdir. Bu barədə rejissor Cavanşir Hadiyev də bildirib: “Bir neçə il əvvəl İctimai Televiziyaya hazır bir layihə təqdim etmişdim — 12 seriyalı bədii televiziya filminin ilk seriyasını. İlk seriyasına 18000 manat şəxsi vəsait xərclənmişdi. Təvazökarlıqdan kənar olsa da, etiraf etməliyəm: bu, kifayət qədər uğurlu, estetik baxımdan zəngin, milli dəyərləri daşıyan bir iş idi.
Layihədə xalq artistləri Xalidə Quliyeva, Şamil Süleymanov, əməkdar artistlər Mələk Abaszadə, Abbas Qəhrəmanov, Zemfira Abdulsəmədova, mən özüm və digər, müxtəlif teatrların tanınmış aktyorları yer almışdı. Güclü aktyor heyəti, peşəkar yanaşma və yaradıcı enerjiylə ortaya çıxan bu layihə, iki il boyunca İTV-də məsul şəxslərin saymazlığı və sonsuz bəhanələri üzündən dərin sükuta qərq oldu. O qədər gözlədik, o qədər süründük ki, axırda bu işə tüpürüb çəkildim. Üç il keçdi. Bəzi sənət dostları yenidən cəhd etməyi tövsiyə etdilər. Layihəni yenidən İTV-yə təqdim etdim — bu dəfə başqa bir şəxsin vasitəsilə. Təəssüf ki, faciə təkrarlandı. Eyni saymazlıq, eyni susqunluq, eyni bəhanələr. Yenə yaradıcı insanlar incidildi, ruhdan salındı, həvəsləri qırıldı. Bir nəfər acı və kədərli bir zarafatla belə dedi mənə: “Yalçın və Tural İTV-nin dəmir qapısını bağlayıb, paslı qıfılın açarını da itiriblər. Özünü yorma, o qapı açılmayacaq.” O qapının arxasında isə yalnız mən yoxam. Orada ürəyi ilə yaradan sənət adamları, milli dəyərləri yaşatmaq istəyən rejissorlar, aktyorlar və ssenarilər gözləyir. Bəzən bir yaradıcı insana “yox” demək, onun illərlə qurduğu arzuların üstündən xətt çəkmək deməkdir. Ədalət yalnız məhkəmə divarları arasında axtarılmamalıdır. Ən çox da sənətdə — çünki sənət xalqın ruhudur. O ruhu boğmaq, bir millətin nəfəsini kəsmək kimidir. Balaş Qasımovla heç bir tanışlığım yoxdur. Hətta salamım belə. Amma nə vaxtsa onu görsəydim kadrları ilə bağlı bir neçə tövsiyələrim olardı ona”.
Rejissorların etirazı isə Kənan Mahmudovun(MM) tənqidindən sonra gəlib.
O, bu barədə deyib:
“Balaş, ora sənin şəxsi kanalın deyil ki, ürəyin istədiyin rejissoru içəri buraxıb ancaq onunla işləyəsən. Ora dövlətindir və biz də dövlətin rejissorlarıyıq. Bu ayrı-seçkilik canımızı boğazımıza yığıb. İndi sən kanalda rəhbərsən deyə qorxmalıyam? Ağlın ətrafındakı iki qat əyilənlərə getməsin, sənin borcundur ki, hamını qəbul edəsən. Bütün yaradıcı insanların əsəblərini pozmusan. İki il məni barmağınıza dolanıdınız. Bunun hesabını sən, səni hamıdan gizlədən Yalçın və bir şey olan kimi Balaşlıqdı deyən Tural-üçünüz də verəcəksiniz. Həyatımdan iki il almısınız. Məni susdurmaq istəyirsinizsə, ancaq öldürə bilərsiniz, vəssalam”.
Qeyd edək ki, məəsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Geri qayıt |