Əsas Səhifə > Ana xəbər / Güney Press > İran yeni savaş astanasında: sərhəddə aktivlik
İran yeni savaş astanasında: sərhəddə aktivlikBu gün, 08:14 |
Türkiyə mənbələrinin yaydığı məlumatlara görə, İranın Qərbi Azərbaycan əyalətində soydaşlarımız silahlandırılır. Bu addımın Qərbi Azərbaycanla sərhəddə yerləşən İraq ərazilərində bəzi kürd qruplaşmalarının silahlanaraq toplaşması ilə bağlı olduğu bildirilir. İddia olunur ki, PJAK terror təşkilatı digər kürd qrupları ilə birlikdə İsraillə əlaqə qurmağa və dəstək almağa çalışsa da, bu cəhdlər yəhudi dövləti tərəfindən rədd edilib. Sözügedən bölgədə nələr baş verir? Güneylilərin silahlandırılması böyük toqquşma ehtimalını gündəmə gətirə bilərmi? Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, belə ssenarilər hər zaman gündəmdə olacaq. “Çünki bu bölgədə proseslər Səddam rejimi ilə başlanan müharibədən sonra iki mərhələdə inkişaf edib. Birinci mərhələdə İraq hadisələri, ikinci mərhələdə isə Suriya müharibəsi baş verdi. 2011-ci ildən sonra isə İran hakimiyyəti, xüsusilə Urmiya gölünün qərb hissəsində yaşayan azərbaycanlı etnik qrupu zəiflətmək məqsədilə bölgəyə kütləvi şəkildə kürd ailələri köçürdü. Kürdlər burada bir proyektdir. Onlar təkcə İranda yox, həm də İraqda, Türkiyədə və Suriyada müxtəlif güclər tərəfindən dəstəklənən siyasi alətə çevriliblər. Bu gün baş verənlərə 1946-cı ildə Məhabad Kürd Cümhuriyyətinin elanına qədər uzanan proseslərin davamı kimi də baxmaq olar”. Ekspert qeyd edib ki, hazırkı həssas dövrdə kürd faktorunun yenidən aktivləşdirilməsi ehtimalı böyükdür: “Bu, İran daxilində ciddi təsirlərə səbəb ola bilər. Biz qeyd olunan məsələyə məhz bu prizmadan yanaşmalıyıq. Digər tərəfdən, bölgədə azərbaycanlılarla kürdlər arasında qarşıdurma ehtimalı da mövcuddur. Təəssüf ki, İranın etnik xəritəsi və dərin parçalanma riski bu ölkənin Suriya və ya Livan ssenarisinə sürüklənməsinə zəmin yaradır. İranın suverenliyi qarşıdakı dövrlərdə ciddi təhdidlər altında qala bilər”. Geri qayıt |