Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir
İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlirDünən, 16:33 |
Ermənistan hüquq-mühafizə orqanları dövlət çevrilişinə cəhdin qarşısını almaq üçün arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs Mübarizə” hərəkatının üzvləri və tərəfdarlarının evlərində axtarışlar aparıblar. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, sözügedən hərəkat ölkədə terror aktları və hakimiyyəti ələ keçirməyə yönəlmiş aksiyalar planlaşdırıblar. Bildirilib ki, artıq Baqrat Qalstanyanla yanaşı, daha bir neçə saxlanılıb. Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Ermənistanda son günlər baş verən hadisələr daxili siyasi vəziyyətin daha da gərginləşdiyini göstərir: “Səhər saatlarında Ermənistan hüquq-mühafizə orqanları tərəfindən arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs Mübarizə” hərəkatının üzvləri və tərəfdarlarının evlərində aparılan axtarışlar siyasi mübarizənin təhlükəli fazaya keçdiyini göstərir. Ermənistan KİV-lərinin yaydığı məlumata görə, bu hərəkatın bəzi üzvlərinin ölkədə terror aktları hazırladığı iddia olunur. Axtarışlar yalnız hərəkatla məhdudlaşmayıb, müxalif Ermənistan Birliyi Partiyasının üzvləri, Eçmiədzin şəhərindəki müxalifətçilərin evləri də hədəfə alınıb. Bu kimi proseslər Ermənistanda dövlət çevrilişi ehtimalını gündəmə gətirir. Xüsusilə Qalstanyanın kilsə nüfuzu, son aylar artan ictimai dəstəyi və mövcud hakimiyyətə qarşı sərt ritorikası bu ehtimalı artırır. Ölkə daxilindəki siyasi parçalanma və kilsə-hökumət qarşıdurması fonunda ictimai gərginliyin daha da alovlanması mümkündür. Kilsənin rəhbərlik etdiyi siyasi xəttə Rusiya kəşfiyyatı və mühacirətdə olan radikal dairələrin də dəstək verdiyinə dair ehtimallar irəli sürülməkdədir. Beləliklə, proseslərin arxasında həm daxili revanşist qüvvələr, həm də Ermənistanın geosiyasi istiqamətini dəyişmək istəyən xarici təsir mərkəzləri ola bilər”. Politoloq qeyd edib ki, bu hadisələr Baş nazir Nikol Paşinyan üçün ciddi sınaqdır: “Həm ictimai legitimlik, həm də idarəetmə sabitliyi baxımından o, yeni təzyiqlərlə qarşı-qarşıyadır. Əgər dövlət strukturları daxilində loyallıq zəifləyərsə və kilsə çevriliş cəhdinə açıq dəstək verərsə, Paşinyan hakimiyyətini qorumaqda çətinlik çəkə bilər. Ancaq bu risklərə baxmayaraq, hökumət təhlükəsizlik və hüquq-mühafizə resurslarını səfərbər etməklə çevriliş planlarını əvvəlcədən neytrallaşdırmağa çalışır. Gələcək günlərdə hadisələrin inkişafı Ermənistanda daxili sabitliyin davamlı olub-olmayacağını göstərəcək”. Geri qayıt |