Əsas Səhifə > Ana xəbər / Güney Press > Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın!
Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın!Dünən, 17:35 |
Xəbər verdiyimiz kimi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı aparıcı elmi işçi olduğu AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutun daxilində məqsədli, qanunsuz və qərəzli müdaxilələrlə üzləşdiyini iddia edib. O, faktlar təqdim edərək institutu sənədləri saxtalaşdırmaqda ittiham edib. Publika.az iddialarla bağlı Tarix və Etnologiya İnstitutu ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Günel Aslanlının iki il bundan əvvəl olmuş hadisə haqqında yazdıqlarının heç biri həqiqəti əks etdirmir: “Antiplagiat proqramından çıxarışa hər hansı bir müdaxilə qeyri-mümkündür. Çıxarışdan aydın olur ki, 2-ci oxşarlıq əmsalı 20 faiz təşkil edir. Ən yaxşı halda, 5 faizədək ola bilər”. Günel Aslanlı məsələ ilə bağlı yenidən Publika.az-a danışıb. O bildirib ki, institutun iddialara cavabı mövcud problemin üstünü örtmək cəhdindən başqa bir şey deyil. “Çünki məsələ hələ də açıqdır, hüquqi proses davam edir və mənim təqdim etdiyim sübutlar istənilən rəsmi qurumda hüquqi qiymət ala biləcək qədər əsaslıdır. Ən önəmlisi budur: institutun mətbuata təqdim etdiyi sənədlərin özü problemin sübutudur. Mənə təqdim olunmuş sənəd guya “StrikePlagiarism” sistemindən çıxarılıb və işimdə 20% plagiat olduğu iddia olunub. Amma bu sənədin orijinallığı rəsmi şəkildə şübhə altına alınıb. Mən məsələni rəsmi şəkildə araşdıraraq “StrikePlagiarism” platformasının baş ofisi ilə yazışma apardım və cavabda aydın şəkildə bildirildi ki, mənim və digər əməkdaşın – Şəhla Məmmədlinin – işləri eyni gündə, eyni faylda sistemə yüklənib və nəticələr bir sənəddə çıxarılıb. Bu, orijinal sənəddir və yalnız bu əsasda texniki qiymətləndirmə aparıla bilər”. Alim iddia edir ki, ona təqdim olunmuş, yalnız onun adıma hazırlanmış və 20% plagiat olan sənəd texniki və hüquqi baxımdan saxtalaşdırılıb: “Bu saxta sənədə əsaslanaraq institutda komissiya yaradılıb, mənim barəmdə birtərəfli qərar çıxarılıb və guya plagiat faktı olduğu rəsmi sənədə yazılıb. Burada cavab tələb edən açıq suallar var: əgər iki nəfərin işi eyni sənəddə sistemə yüklənibsə, mənim adıma ayrıca sənəd kim tərəfindən hazırlanıb? Bu sənəd kim tərəfindən sistemə daxil edilib? Nəyə əsasən mənim barəmdə plagiat iddiası irəli sürülüb və hansı hüquqi mexanizmlə bu qərar qəbul edilib? Bu günə qədər institut rəhbərliyi bu suallara bir dəfə də olsun konkret cavab verməyib. Əvəzində ümumi və arqumentsiz cümlələrlə “iddialar əsassızdır” deyə açıqlama verilir. Bu isə nə hüquqi cəhətdən, nə də akademik etikaya uyğun şəkildə qəbul edilə bilməz”. G.Aslanlı öz təşəbbüsü ilə 2025-ci ildə dosentlik üçün müraciət edərkən elmi işlərini rəsmi qaydada təkrar “StrikePlagiarism” proqramından keçirdiyini qeyd edib. Rəsmi nəticədə oxşarlıq göstəricisi cəmi 1.1% olub: “Əgər bu proqramdan çıxan real sənəd budursa, institutun mənə təqdim etdiyi “20% plagiat” göstəricili sənəd necə yaranıb? Bu qədər fərq yalnız texniki saxtakarlıqla mümkündür və əlimdə olan iki sənədi istənilən hüquqi və ekspertiza qurumunda təqdim etməyə hazıram. Bütün bunlar göstərir ki, mənə qarşı məqsədli şəkildə kampaniya aparılıb. Mən yalnız bir sualın cavabını tələb edirəm: kim və hansı səlahiyyətlə mənim adıma saxta sənəd tərtib edib və buna əsasən hüquqi qərarlar qəbul etdirib? Mənim elmi nüfuzuma xələl gətirən, mənə psixoloji və peşəkar zərbə vuran bu addımların cavabını kim verəcək? Həm cəmiyyətə, həm də hüquq-mühafizə orqanlarına çağırış edirəm. Mənim tələbim konkret və açıqdır: saxta sənəd hazırlayanlar, onun dövriyyəyə buraxılmasına göstəriş verənlər, komissiya adı ilə qərar qəbul edən şəxslər müəyyən edilməli və qanun qarşısında cavab verməlidirlər. Bu, təkcə mənim deyil, bütün elmi ictimaiyyətin marağında olan məsələdir. Əks halda, sabah eyni haqsızlıq başqa bir gənc tədqiqatçının, başqa bir vicdanlı alimin başına gətiriləcək”. Geri qayıt |