Əsas Səhifə > Ana xəbər / Güney Press > Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ
Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQDünən, 15:26 |
“SİMA İmza” tətbiqi gözdən əlil vətəndaşlar üçün əlçatan deyil. Onlar deyir ki, rəqəmsal imza almaq istəsələr də, buna nail ola bilmirlər. Musavat.com-a müraciət edən 1-ci qrup gözdən əlil Mürsəl Novruzov bildirir ki, təxminən 6 aydır bu sistemdə qeydiyyatdan keçə bilmir: “Biz gözdən əlillər bir çox proqramlardan istifadə edə bilirik. Lakin “SİMA İmza”da qeydiyyat zamanı üzün şəklinin çəkilməsi tələb olunur. Baxmaq mümkün olmadığı üçün şəkil alınmır. Proqram bizim vəziyyətimizi nəzərə almır. Şikayət edirik, deyirlər, proqram belədir, bizlik deyil. Elə çıxır ki, bizim simamız yoxdur. Ömrümüzün sonuna qədər bu imzadan istifadə edə bilməyəcəyik? Axı biz də bank xidmətlərindən istifadə edirik, kommunal ödənişləri etmək istəyirik. Qeydiyyatdan keçmək istədikdə gözümüz əsir deyə proses yarımçıq qalır. Biz baxa bilmirik axı. Bunu elə etmək lazımdır ki, bizim üçün də uyğun olsun. Mənim kimi insan çoxdur”. Məsələ ilə bağlı “AzInTelecom” MMC Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, SİMA yeni nəsil rəqəmsal imzanın əldə edilməsi zamanı təhlükəsizlik prinsiplərinə xüsusi önəm verilir və bu məqsədlə istifadəçinin şəxsiyyətinin dəqiq müəyyənləşdirilməsi üçün biometriya texnologiyasından istifadə olunur: “ “SİMA İmza” tətbiqində biometrik qeydiyyat zamanı canlılıq testi aparılır və bu mərhələdə istifadəçidən gözün aydın şəkildə kameraya göstərilməsi tələb edilir. Təəssüf ki, bəzi hallarda gözdən əlil vətəndaşlarımızın bu mərhələni tamamlamaqda çətinlik yaşadığı müşahidə olunur. Qeyd edək ki, “SİMA İmza” tətbiqindəki bu tələb təhlükəsizlik - yəni vətəndaşların adından onlardan xəbərsiz onlayn əməliyyatların aparılmaması, su-istifadə hallarına yol verilməməsi məqsədilə tətbiq edilir. Nəzərinizə çatdırırıq ki, hazırda “SİMA İmza” vasitəsilə hər bir vətəndaşın rəqəmsal xidmətlərdən bərabər şəkildə faydalanmasını təmin etmək üçün bu istiqamətdə təkmilləşdirmə işləri aparılır. Bununla belə, görmə məhdudiyyətli vətəndaşlarımızın rəqəmsal xidmətlərdən istifadə ehtiyacını nəzərə alaraq onların elektron imza əldə etməsi üçün alternativ həll təklif edirik. Belə ki, görmə məhdudiyyətli şəxslər (eyni zamanda onların yaxınları müvafiq etibarnamə ilə) “AzInTelecom MMC”nin müştəri xidmətləri mərkəzinə yaxınlaşaraq və ya sima.az saytına daxil olaraq onlayn qaydada “SİMA Token” elektron imzasını sifariş edə bilərlər”. Geri qayıt |